Bir çox müəlliflər insan hekayələri axtarışında dünyanı dolaşdığı halda, səudiyyəli romançı Hədil Əl-Şubeyli bu hekayələri müqəddəs Məkkə şəhərində böyüyərkən kəşf edib. Dünyanın hər yerindən gələn zəvvarlarla qarşılaşmalar onun "Hər birimizin bir İsmayılı var" adlı ikinci romanının ilham mənbəyinə çevrilib.
"Məkkədə fitri hiss təmənnasız vermək, əlindən gələn hər şeyi təqdim etmək və Allaha olan bağlılığını ətrafındakı insanlarla baş verən hadisələrlə əlaqələndirməkdir. Xüsusilə ona görə ki, mənim romanlarım insani və sosial təcrübələri əks etdirir... Təkcə təvafdan belə dünyanın yaşadığı sevinc və kədərin miqyasını anlamaq mümkündür; üstəlik, elə bir yerdəsən ki, bütün dünya sənin yanına gəlib. Sən dünyaya getməmisən, dünya sənə gəlib", – deyə Əl-Şubeyli bildirib.
Uşaqlıq illərinin Məkkə irsini dünya ilə bölüşmək borcunu necə formalaşdırdığını xatırladan yazıçı, bu müqəddəs şəhərdə böyüdüyü üçün özünü "böyük lütfə nail olmuş" biri kimi xarakterizə edib.
Bu gün o, həmin imtiyazı həm bir məsuliyyət, həm də Məkkəyə və onun zəvvarlarına xidmət etmək imkanı kimi görür və onların həqiqi hekayələrini öz qələmi ilə canlandırır.
O, milyonlarla zəvvarın əhatəsində böyüdüyünü - rəngarəng dilləri dinlədiyini, təvaf addımlarına həkk olunmuş sevincləri və qəmləri müşahidə etdiyini təsvir edir.
Yollar və simalar arasında qəhrəman kəşf edir ki, əsl səyahət sadəcə xarici dünyaya doğru deyil, insanın öz daxilinə doğru yönəlib; o anlayır ki, hər bir insanın şəxsiyyəti yaşadığı təcrübələr və dönüş anları ilə formalaşır.
Əl-Şubeyli mühitin onun yaradıcılığına təbii şəkildə təsir etdiyini bildirib. "Mən zəvvarların əhatəsində böyümüşəm, Hərəm məscidinə getmək isə həyatımın və gündəlik qayğılarımın ən təbii parçası idi".- deyə o qeyd edib.
Məkkədə yaşayarkən dünyanın dörd bir yanından gələn zəvvarlarla daimi və fərdi təmaslar onun romanının yaranmasında əsas qığılcım olub.
"İndi bu yaşımda anladığım və ilk qığılcım olduğunu düşündüyüm hadisə ibtidai məktəbin dördüncü sinfində oxuduğum vaxt baş verib. Məktəbi indicə bitirmişdim və "Əl-Asimə" adlı çox məşhur dükandan dondurma almağa getmişdim. Ümrə ziyarətindən sonra Hərəmə gedən hər kəs üçün "Əl-Asimə" dondurması almaq bir ənənədir", – deyə o qeyd edib.
"Dondurmanı alıb əlimdə tutduğum an qəflətən cənazə namazı azanı səsləndi.
Mən bir əli ilə dondurma yeyən, digər əli ilə isə vəfat edən şəxs üçün dua edən bir uşaq idim... Bu təcrübə mənə təmənnasız xidmət etməyi öyrətdi... Bu, şəxsiyyətimi formalaşdırdı və Məkkədəki insanlara və dünyaya qarşı məsuliyyətimi dərk etməyimə səbəb oldu", – deyə müəllif vurğulayıb.
Sözlərini interaktiv sənət sərgisində canlandırmaq üçün Əl-Şubeyli müasir rəssam və xəttat Bəyan Bərbud ilə əməkdaşlıq edib.
Ər-Riyaddakı "Sərd" Mədəniyyət Mərkəzində təşkil olunan immersiv ədəbi sərgi hekayəçilik, səs və vizual görüntülərdən istifadə edərək romanın mövzularını çoxhissiyyatlı bir təcrübəyə çevirir.
"Kitabdakı real hekayələr sənət sərgisinə çevrildi. Sərginin yaradılması qərarını məhz rəssam Bəyan Bərbud verdi", – deyə Əl-Şubeyli bildirib.
Ərəb xəttatı kimi Bərbud Yaponiyadakı "Ekspo" sərgisində ölkəsini beynəlxalq səviyyədə təmsil edib və öz sənətini nümayiş etdirmək üçün Krallıq boyu çoxsaylı sərgilərdə çalışıb.
"Sərgi romanın hekayəsini mücərrəd şəkildə nəql edərək ziyarətçini unikal bir təcrübəyə aparır. İstər rənglər, istərsə də formalar olsun, sərgidəki bütün elementlər İsmayılın kim olduğunu simvolizə edir".- Bərbud bildirib