Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Müasir dövrdə media təkcə informasiya vasitəsi deyil - Mübariz Yunus

    22 İyul 2025 12:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Müasir dövrdə media təkcə informasiya vasitəsi deyil - Mübariz Yunus
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Füyuzat dərgisi Baş redaktoru Mübariz Yunus

    İohan Qutenberq hələ Avropada mətbəəni ixtira etməzdən əsrlər əvvəl çinlilər artıq çap texnologiyasından istifadə edirdilər. Hətta Tan sülaləsi dövründə (618–917) “Dibao” (“Ti-pao”) adlı rəsmi qəzet də nəşr olunmuşdu. Çinlilərin əvvəlcə əyləncə vasitəsi kimi istifadə etdiyi barıtın sonradan odlu silaha çevrilməsi kimi, mətbəə də zamanla onu idarə edənlərin əlində barıtdan daha təsirli bir vasitəyə çevrilərək informasiyanın geniş kütlələrə çatdırılması funksiyasını yerinə yetirməyə başladı. Bəşəriyyətin inkişaf tarixinin təməl daşlarından biri olan mətbəə informasiyanın yayılması və ictimai şüurun formalaşması baxımından yazının ixtirası qədər mühüm rol oynadı. Avropada sənaye dövrünün başlanğıcı ilə eyni vaxtda mətbəənin inkişafı mətbuat və nəşriyyat sənayesinin formalaşmasına, elmin, maariflənmənin yüksəlişinə güclü təkan verdi.

    Son bir neçə əsr ərzində bəşəriyyət kütləvi kommunikasiya vasitələrinin sürətli və heyrətamiz inkişafına şahidlik etdi. Yazılı mətbuatın cəmiyyət həyatında oynadığı rol zamanla dəyişərək texnoloji ixtiralarla – radio, televiziya, internet, video və sair ilə zənginləşdi və nəticədə, “yeni media” anlayışı formalaşdı. Bu dəyişikliklərlə media və nəşriyyat sənayesi güc və nüfuz mərkəzinə çevrildi.

    Artıq müasir dövrdə media təkcə informasiya vasitəsi deyil, həm də hakimiyyət və güc münasibətlərinin əsas alətlərindən biridir.

    Media hər bir fərdin informasiya əldə etmək, istehsal etmək, ötürmək və yaymaq hüququnu təmin edən bir sistem kimi fəaliyyət göstərir. Dövlətlər isə bu hüquqların qorunmasına təminat verir. Media dünyada baş verən hadisələri insanlara çatdırır və insanlar dünyada nələr baş verdiyini onun vasitəsilə öyrənirlər.

    Eyni zamanda media fərdin təhtəlşüuruna təsir etmək, onu müəyyən düşüncə tərzinə istiqamətləndirmək gücünə də malikdir – bu yönləndirmə istər müsbət, istərsə də mənfi istiqamətdə ola bilər.

    Bu səbəbdən media insanı müasir dünyanın dağıdıcı və zülmkar reallıqları ilə üz-üzə qoyan bir gücə çevrilmişdir. Bu gün qarşımızda duran və media vasitəsilə təqdim edilən dünya məhz qloballaşan dünyadır. Qloballaşma özünü “ümumbəşəri dəyərlər” adı altında təqdim etsə də, əslində, yerli mədəniyyətləri sıxışdırır, onların məkan və zaman içindəki mövcudluğunu dəyişir, dəyərləri isə transformasiya edir.

    Qərb sivilizasiyası “tərəqqi” adı ilə fərdiliyi və eqoizmi gücləndirərək insanlığın paylaşma, yardımlaşma, dostluq və qardaşlıq kimi ali dəyərlərini arxa plana atmışdır. Onun yerinə isə mənfəətə əsaslanan, şəxsi maraqları önə çəkən bir sosial modelin təbliğinə köklənmişdir. Bu model yeni sosial və mədəni kodlarla fərdlərə və cəmiyyətlərə təlqin olunur.

    Bəs bu gün bizi köklərimizdən uzaqlaşdıran, dəyərlərdən təcrid edən, adət-ənənə və inanclardan ayıran, bəşəri dəyərlərimizi unutduran və bütün bunların bir “mədəniyyət” kimi yayılmasını qanuniləşdirən əsas vasitə nədir?

    Buna verilə biləcək yeganə cavab, şübhəsiz ki, “media”dır.

    Müasir dövrdə kütləvi informasiya vasitələri insanlar arasında təkcə ünsiyyət və maariflənmə vasitəsi deyil, həm də yeni qlobal kapitalist sivilizasiyasının əsas daşıyıcısı və təbliğatçısıdır.

    Bunu müşahidə etmək artıq elə də çətin deyil.

    Ölkəmizdə bu günlərdə mətbuatımızın 150 illiyi qeyd edilir. Təməlini Həsən bəy Zərdabinin atdığı, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun kökdən milli yanaşmaları ilə formalaşan mətbuatımızın özəyi, yol xəritəsi bizi bu mövzularda diqqətli olmağa, medianı maarifçilik istiqamətindən uzaqlaşdırmamağa və doğruya yönləndirməyə səsləyir.

    Bu mövzuda publisist, ədib, “İşıq” qəzetinin naşiri Mustafa bəy Əlibəyovun “İşıq” qəzetində (№9, 1911) təqdim etdiyi “General Hacı Zeynalabdin Tağıyev həzrətlərinin nitqi” adlı təqdimatı bizi məsələnin mənəvi mahiyyətini anlamağa sövq edir.

    “Novruz bayramı münasibətilə

    Rəbiüləvvəl ayının 20-sinə təsadüf edən Eydi-Novruzun1 birinci günü Hacı Zeynalabdin Tağıyev həzrətlərinin qız məktəbi imarətində “Bakı Cəmiyyəti-Xeyriyyəsi” və “Nəşri-Məarif” cəmiyyəti sədri, xadimi-millət və piri-mümtəhin Hacı Zeynalabdin Tağıyev və qaziyi-vilayəti-Bakü Ağa Mir Məhəmməd Kərim Hacı Mir Cəfərzadə həzrətlərinin təhti-rəyasətində2 mükəmməl bir rəsmi-təbrik3 tərtib olundu.

    Cəmiyyətin nəfinə isə iki min manatdan ziyadə pul cəm olundu.

    Rəsmi-məzkurda Bakü qradonaçalniki, qubernatoru, şəhər idarəsi rəisi və İran konsulu və Bakı şəhərinin əyan-əşrəf və ürəfasından daha bir xeyli adam mövcud idi.

    Rəsmi-qəbula təşrif gətirən zəvati-möhtərəmə məktəbin qayət dilrüba bir surətdə zinətlənmiş və döşənmiş olan salonunda (zalında) Hacı və Qazi həzəratı tərəfindən kəmali-şövq və məhəbbətlə qəbul olunurdular.

    Qaziyi-vilayət Ağa Mir Məhəmməd Kərim həzrətləri məqamına münasib bir nitq söyləyib imperator və imperatriçə həzəratının ömürlərinə xeyir-dua etdilər. Bədəhu, hazırun cürbəcür şirniyyat və həlviyyat4 ilə müzəyyən olunmuş süfrəyə dəvət olundu.

    Lakin bu məclisdə insanı ən çox fərəhnak və xoşhal edən orada bir çox darulfünun qurtarmış mühəndis, təbib və yurist müsəlman cavanlarının mövcud olması idi ki, biz müsəlmanların ümdə xoşbəxt olmağının yeganə səbəbidir.

    Hacı qonaqları ilə bərabər vidalaşıb gedərkən birdən-birə dala qayıdıb, məclisdə qalan müsəlmanları böyük zala dəvət etdirib orada özünün boyu bərabəri mükəmməl və müzəyyən çərçivə içindəki təsvirini (əksini) göstərdi və dedi ki:

    – Övladlarım! Bənim bu əksimə bir diqqət ilə baxın, görək orada nə görürsünüz?

    Camaat sükut ilə təsvirə tamaşa edərkən həşdad sinnində piri-mümtəhin Hacı həzrətləri buyurdular ki:

    – Övladlarım! Görüyorsunuzmu ki, bənim sağ əlim dini-İslamın rüknü və mədari-iftixarı5 olan Qurani-əzimuş-şanın üstündədir və sol əlimdə tutduğum isə qəzetədir. Övladlarım! Bənim sizə axırıncı nəsihətim budur ki, bu Quranı həmişə sağ və qəzetəyi isə sol əlinizdə tutub millətə sidqü-sədaqət ilə xidmət edəsiniz!

    Bu əsnadə Hacı gözləri yaş ilə dolmuş ikən hazıruna “xudahafiz” edib məclisdən təşrif apardılar.

    Hacı ağanın bu gözəl, pürməna və həkimanə kəlamı bana o qədər təsir elədi ki, indi o nəsihəti bir an qəlbimdən çıxarda bilmirəm.

    Oxucularım! Böylə bir nəsihət bu vəqtə qədər heç bir alimin ağzından eşidilməyibdür. Zənnimizcə, bu gözəl nitqi tariximizə qızıl mürəkkəb ilə yazılub bir əsəri-nafe olaraq həmişə mühafizə etməliyik. Çünki bir parə şəxslər Quranı tutanda zəmanənin indiki ağlar halını bilmərrə unudurlar. Qəzetə tərəfdarı olanların bəzisi isə nəinki bir Quranı, hətta bütün İslamiyyəti belə yaddan çıxarırlar...”

    Bəli, Mustafa bəyin vurğuladığı bu məqam və Hacı Zeynalabdin Tağıyevin söylədikləri çox önəmlidir. Yəni nə edərsinizsə, edin, mütləq onu əxlaqi dəyərlərlə yoğuraraq edin, mahiyyətindən, yolundan uzaqlaşdırmayın, məfkurəsizləşdirməyin, ruhsuz hala gətirməyin. Onu ilahi əxlaqın mesajları ilə elə bütünləşdirin ki, daha faydalı hala gəlsin. Bu sizin idealınız olsun...

    Danılmaz həqiqətdir ki, bizim üçrəngli bayrağımızın ideologiyası eyni zamanda mətbuatımızın da fikir bələdçisidir. Bayrağımızın təməlləri milli mətbuatımızın işıqlı aynası “Füyuzat”ın qucağında nəşvünüma bulub.

    Onları tərk etmək, hər hansı birinə laqeyd yanaşmaq bizi gedəcəyimiz yolda axsaq hala gətirəcəkdir. Millətimizi özümüzə, dəyərlərimizə biganə halına gətirməyə çalışan media bizim deyildir, yadındır.

    Unutmayaq! Bugünkü “media” dünənkindən daha vəhşi olan yeni qlobal kapitalist sivilizasiyasının əsas daşıyıcısıdır və biz də bu qloballaşan dünyanın bir parçasıyıq. Bu qloballaşma, demək olar ki, həyatımızın hər sahəsini əhatə edir.

    Bəs qarşı çıxa biləcək gücümüz varmı? Var!

    – Milli dəyərləri mühafizə edərək, canlı saxlayaraq, yaşadaraq qloballaşan dünyaya yönəlmək.

    – Onların mədəniyyətinin təsirinə düşmədən onlara öz kültürümüzü, irfanımızı aşılayacaq imana və gücə sahib olmaq.

    – Mediamızı, mətbuatımızı buna xidmət edəcək informasiya vasitələrinə çevirmək.

    Unutmayaq ki, amal “xəbərçilik“ deyil, amal dəyərli xəbərin, məlumatın, bilginin və elmin məşəlini könüllərdə alovlandırmaq olmalıdır...

    1 Eydi-Novruzun – Novruz bayramının

    2 təhti-rəyasətində – idarəçiliyi altında

    3 rəsmi-təbrik – təbrik mərasimi

    4 həlviyyat – şirniyyat, halvalar

    5 mədari-iftixari – iftixar səbəbi

    #Mübariz Yunus
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətər necə qlobal sülh vasitəçisinə çevrildi?

    28 İyul 2026 09:00

    Türkiyə və Səudiyyə Ərəbistanı yeni ticarət dəhlizində önə çıxır – İsrail marşrutu zəifləyir

    27 İyul 2026 11:40

    Əs-Sistani sonrası Nəcəf Hövzəsini gözləyən tarixi sınaq

    26 İyul 2026 18:56

    İslam sivilizasiyası Qərb təhsil sisteminə necə yol açdı?

    26 İyul 2026 09:00

    Tramp onu hər gün oxuyur... Dünyanın ən məxfi qəzetində nələr var?

    25 İyul 2026 09:00

    Poladdan suya... Burnham Britaniyada milliləşdirməyə qapı açacaqmı?

    25 İyul 2026 06:00

    Türkiyənin Somali siyasəti - təhlükəsizlik, enerji və texnologiya strategiyası

    24 İyul 2026 09:00

    Mamdani Nyu-Yorkda Netanyahunu nə üçün həbs edə bilmir?

    23 İyul 2026 14:42

    Amerika elminin süqutu: Alimlər niyə Amerikadan Çinə qaçır?

    23 İyul 2026 09:00

    "Terrorsuz Türkiyə" prosesi Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

    22 İyul 2026 09:00

    Cümhuriyyətin quruluşuna həsr olunan Poeziya Gecəsi keçirləcək

    2 Aprel 2026 22:04

    Hər insan bir Qaf dağıdır

    22 Yanvar 2026 14:30
    XƏBƏR LENTİ

    İran mediasında Trampın ailəsini hədəf alan video paylaşılıb

    Zelenski ABŞ-də səfərdədir

    Qətər necə qlobal sülh vasitəçisinə çevrildi?

    Borc insanı maliyyə baxımından daha intizamlı edə bilərmi?

    Tanşan zəlzələsi necə bir milyonluq şəhəri məhv etdi?

    Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb

    Orange və Morrison Fransada süni intellekt üçün iri məlumat mərkəzi layihəsinə başlayır

    ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısından daha 84 şəxs və şirkəti çıxarıb

    Maldini və Leonardo İtaliya Futbol Federasiyasındakı vəzifələrindən istefa veriblər

    Tramp Türkiyəni tərifləyib, Ərdoğanı "dost" adlandırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.