Bakı,
AzerVoice
Türkiyə Statistika Təşkilatının 2024-cü il üçün açıqladığı
göstəricilərə görə, evlilik və boşanma hallarında artım müşahidə
olunub.
AzerVoice xəbər verir ki, ötən il
ərzində Türkiyədə 568 min 395 cütlük evlənib, 187 min 343 cütlük
isə boşanıb.
2023-cü illə müqayisədə nikahların sayı artaraq mində 6,65,
boşanmaların sayı isə mində 2,19 olub.
Araşdırmalara əsasən, ilk nikaha daxil olanların orta yaşı artmağa davam edir. 2024-cü ildə kişilərin orta nikah yaşı 28,3, qadınların isə 25,8 olaraq qeydə alınıb. Beləliklə, kişilərlə qadınlar arasında orta yaş fərqi 2,5 il təşkil edib.
Adıyaman mində 7,76 göstərici ilə ən yüksək nikah nisbətinə sahib olub. Onu Qaziantep (7,68) və Kilis (7,66) izləmişdir. Ən aşağı nikah nisbəti isə mində 4,01 ilə Tuncelidə qeydə alınıb.
2024-cü ildə nikaha daxil olan əcnəbi bəylərin sayı 5 923 nəfər (bütün bəylərin 1%-i), əcnəbi gəlinlərin sayı isə 29 115 nəfər (ümumi gəlinlərin 5,1%-i) təşkil edib.
Əcnəbi bəylər arasında siyahıya suriyalılar (20,6%) başçılıq edib. Onları almanlar (19,5%) və əfqanlar (5,7%) izləyib. Əcnəbi gəlinlər arasında isə Suriya və Özbəkistan vətəndaşları (12,1%) lider olub. Daha sonra Mərakeş (8,3%) və Azərbaycan (7,5%) əsilli gəlinlər gəlir.
2024-cü ildə boşanma nisbətinin ən yüksək olduğu şəhər Antalya (mində 3,29) olub. İzmir (3,09) və Karaman (3,04) da boşanma göstəricilərinə görə ön sıralarda qərarlaşıb. Ən az boşanma isə Hakkaridə (mində 0,45) müşahidə edilib.
Boşanmaların 33,7%-i nikahın ilk 5 ili, 21,3%-i isə 6-10 il ərzində baş verib.
Məhkəmələrin qəyyumluq qərarlarına əsasən, 186 min 536 uşağın qəyyumluğu müəyyən edilib. Bu uşaqlardan 74,4%-nin qəyyumluğu analara, 25,6%-nin isə atalara verilib.