Air Astana aviaşirkətinə məxsus sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Çində məcburi eniş edib. 8 yanvar 2026-cı il tarixində Seul–Astana marşrutu üzrə həyata keçirilən KC210 reysi Pekin hava limanına təcili eniş etmək məcburiyyətində qalıb. Bildirilib ki, təyyarə havaya qalxdıqdan təxminin 2 saat sora Pekində təhlükəsiz şəkildə eniş edib.
Türk Dövlətləri
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib ki, 10 mart tarixli razılaşma çərçivəsində SDQ-nin (Suriya Demokratik Qüvvələri) qısa müddətdə Suriyanın yeni idarəetmə sisteminə inteqrasiya olunması vacibdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malaziyanın Baş naziri Ənvər İbrahim ilə görüşüb. Rəsmi qəbul zamanı Ərdoğanın xanımı Əminə Ərdoğan, həmçinin Malaziya Baş nazirinin xanımı Van Azizah Ismail da iştirak ediblər. Görüş çərçivəsində Türkiyə ilə Malaziya arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Suriyanın rəsmi müraciəti olacağı halda Ankaranın lazımi dəstəyi göstərməyə hazır olduğunu bəyan edib. Açıqlamada Suriya ordusunun Hələb şəhərində başladığı antiterror əməliyyatına da toxunulub. Bildirilib ki, terror təşkilatlarının mülki əhali və təhlükəsizlik qüvvələrini hədəfə alması nəticəsində 4 nəfər həlak olub, 18 nəfər yaralanıb. Bu səbəbdən Suriya hökuməti ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə əməliyyata başlayıb.
Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Yaponiyanın Türkiyə istehsalı pilotsuz uçuş aparatlarını (PUA) tədarük etmə ehtimalına münasibət bildirib. O qeyd edib ki, bu sistemlər uzun müddət havada qalma, fasiləsiz müşahidə aparma və xərclərin səmərəli istifadəsi baxımından mühüm üstünlüklərə malikdir. Nazirin sözlərinə görə, Türkiyə istehsalı PUA-lar Yaponiyanın müdafiə qabiliyyətləri üçün “çəkindirici amil” ola bilər. Gülər Yaponiya üçün mümkün modellər arasında Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən istehsal olunan ANKA, eləcə də Bayraktar TB2 və Bayraktar TB3 pilotsuz uçuş aparatlarını nümunə göstərib.
Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Qəzza zolağında təhlükəsizliyin təmin olunması üçün yaradılması planlaşdırılan beynəlxalq sabitlik qüvvəsi ilə bağlı açıqlama verib. O bildirib ki, öz-özünə yetərli olacaq şəkildə qüvvə artıq hazırlanıb və təlim fəaliyyətlərinə başlanılıb. Nazir bu barədə Yaponiyanın Kyodo News agentliyinə müsahibəsində danışıb və Türkiyə Silahlı Qüvvələrinin Qəzzaya göndərilməsinə müsbət yanaşıldığını bildirib. Yaşar Gülər qeyd edib ki, Türkiyənin mümkün sülhməramlı missiyada iştirakının əsas məqsədi humanitar yardımların çatdırılmasına töhfə vermək və bölgədəki münaqişələrin dayandırılmasına dəstək olmaqdır. Onun sözlərinə görə, bu addım İsrail üçün hər hansı təhlükə yaratmır və bu mövzuda anlayış gözlənilir.
Malayziyanın Baş naziri Ənvər İbrahim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfərə gəlib. Malayziya hökumət başçısını Ankara Esenboğa Hava Limanında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qarşılayıb. Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duranın sosial şəbəkə hesabında verdiyi məlumata görə, səfər çərçivəsində 7 yanvar tarixində Türkiyə–Malayziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.
Türkiyə Xarici işlər naziri Hakan Fidan sabah Türkiyəyə səfər edəcək Oman xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi ilə görüşəcək. Görüşdə Türkiyə ilə Oman arasında ticarət dövriyyəsinin ortaq hədəf olan 5 milyard dollara çatdırılması istəyi, Omanın regional məsələlərin dialoq yolu ilə həllinə verdiyi töhfələr və Yəməndə davamlı siyasi həllə dəstək müzakirə olunacaq. Fidan Türkiyənin Yəmənin suverenliyi və ərazi bütövlüyünə dəstəyini vurğulayacaq, Qəzzada humanitar vəziyyətə diqqət çəkərək yardımların fasiləsiz çatdırılmasının vacibliyini qeyd edəcək.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Liviyaya gedən heyəti daşıyan təyyarənin “qara qutu”su ilə bağlı açıqlama verib. Nazir bildirib ki, Liviyaya məxsus təyyarənin qara qutusu və səs yazma cihazı zədələnib və araşdırmalar İngiltərədə davam etdiriləcək.
Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı jandarma tərəfindən son iki həftə ərzində genişmiqyaslı əməliyyatlar həyata keçirilib. Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın verdiyi məlumata görə, ölkənin 63 vilayətində keçirilən əməliyyatlar zamanı ümumilikdə 1 ton 343 kiloqram narkotik vasitə və 178 min 615 ədəd narkotik tərkibli həb müsadirə edilib.
2025-ci ildə Türkiyənin fındıq ixracından əldə etdiyi gəlir 2 milyard 255 milyon dollardan çox olub. Qara dəniz bölgəsi Fındıq İxracatçıları Birliyinin idarə heyətinin sədri Hasan Osman Sabir bununla bağlı yazılı açıqlama verib. Onun sözlərinə görə, 1 yanvar–31 dekabr 2025-ci il tarixləri arasında Türkiyə 238 min 704 ton fındıq ixrac edib və bu ixracdan 2 milyard 255 milyon 360 min 699 dollar gəlir əldə olunub.
Malayziyanın Baş naziri Ənvər İbrahim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 6–8 yanvar tarixlərində Türkiyəyə rəsmi səfər edəcək. Məlumata əsasən, səfər çərçivəsində 7 yanvar tarixində Türkiyə–Malayziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək. Bu toplantı iki ölkə arasında institusional əməkdaşlığın ən yüksək səviyyədə təsis olunması baxımından tarixi əhəmiyyət daşıyır.