Türk Dövlətləri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rütte ilə telefon danışığı aparıb. Danışıq zamanı Alyansın gündəliyində duran məsələlər, həmçinin regional və qlobal proseslər ətraflı müzakirə edilib. Prezident Ərdoğan Türkiyənin regiondakı münaqişəli vəziyyəti diqqətlə izlədiyini bildirib. O, davamlı və möhkəm sülhün əldə olunması üçün diplomatiyaya imkan yaradılmasının vacibliyini xüsusi vurğulayıb. Türkiyə lideri həmçinin Alyansın liderlər sammitinə hazırlıqların Ankarada yüksək səviyyədə davam etdiyini diqqətə çatdırıb.

"Türkiyədə yerləşən bir Amerika hərbi bazasının vurulduğu" barədəki xəbərlər həqiqəti əks etdirmir. Bu barədə Türkiyə Prezident administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin (DMM) verdiyi açıqlamada bildirilib. "Bəzi sosial media hesablarında paylaşılan "Türkiyədə yerləşən bir Amerika hərbi bazasının vurulduğu" yönündəki iddialar həqiqəti əks etdirmir. Türkiyədə hər hansı bir ölkəyə məxsus hərbi baza yoxdur. Türkiyə Respublikasının hava, quru və dəniz sahəsi ilə hərbi obyektləri tamamilə öz suverenliyi və nəzarəti altındadır. Ölkəmizə qarşı hər hansı bir hücum baş vermədiyi kimi, Türkiyəni regional münaqişələrin tərəfi kimi göstərməyə yönəlmiş paylaşımlar açıq bir dezinformasiya cəhdidir." - deyə açıqlamada qeyd edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hücumlar və Tehranın cavab zərbələri ilə yaranan gərginlik çərçivəsində dünya liderləri ilə silsilə telefon görüşləri keçirib. Ərdoğan bu çərçivədə ABŞ Prezidenti Donald Tramp, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, həmçinin Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı və Küveyt liderləri ilə bölgədəki son vəziyyəti müzakirə edib.

Türkiyənin ticarət naziri Ömər Bolat, regionda baş verən və qlobal təsirləri hiss edilən son hadisələr fonunda Türkiyə-İran sərhədindəki gömrük qapıları ilə bağlı rəsmi açıqlama yayıb. Nazir bildirib ki, Türkiyənin İran ilə olan gömrük məntəqələrindəki vəziyyət gömrük təşkilatı tərəfindən anbaan izlənilir və hərtərəfli qiymətləndirilir. Hazırda Türkiyə-İran sərhədində yerləşən Ağrı - Gürbulak, Van - Kapıköy və Hakkari - Esendere gömrük qapılarında hər hansı fövqəladə vəziyyət yaşanmır. Nazir Bolatın sözlərinə görə, hər üç məntəqədə ticari yüklərin keçidi İran tərəfi ilə koordinasiyalı şəkildə və nəzarət altında fasiləsiz davam etdirilir. Lakin təhlükəsizlik tədbirləri çərçivəsində sözügedən üç gömrük qapısında gündəlik sərnişin keçidləri qarşılıqlı olaraq dayandırılıb.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçinin rəhbərliyi ilə keçirilən Sərhəd Təhlükəsizliyi İclasında qeyri-qanuni miqrasiya, hudud mühafizəsi və mümkün böhran ssenariləri geniş şəkildə müzakirə edilib. Nazirlik regional proseslərin qlobal təsirlərini qiymətləndirərək, bütün müvafiq qurumların tam hazır vəziyyətə gətirildiyini bəyan edib.

2025-ci ilin rəsmi statistikasına əsasən, Türkiyədə evlənən cütlüklərin sayı əvvəlki illə müqayisədə azalaraq 552 min 237-yə düşüb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu rəqəm 569 min 983 idi. Boşanma statistikasında isə artım müşahidə olunur. 2024-cü ildə 188 min 963 olan boşanma sayı 2025-ci ildə 193 min 793-ə yüksəlib. İllər üzrə aparılan təhlillər göstərir ki, hər iki cinsdə ilk evlilik yaşı artmaqda davam edir. 2025-ci ildə orta hesabla ilk evlilik yaşı kişilərdə 28,5, qadınlarda isə 26 olub. Tərəflər arasındakı yaş fərqi isə orta hesabla 2,5 yaş təşkil edib.

Sohail Mahmud 23-25 fevral 2026-cı il tarixlərində Türkiyəyə rəsmi səfər edib. Bu, onun 1 yanvar 2026-cı ildə vəzifəsinin icrasına başlamasından sonra həyata keçirdiyi ilk rəsmi səfərdir. Səfər çərçivəsində S. Mahmud Hakan Fidan başda olmaqla Türkiyənin dövlət rəsmiləri ilə bir sıra görüşlər keçirib. H. Fidan ilə görüşündə baş katib D-8 Katibliyinin fəaliyyətinə göstərilən dəstəyə və təşkilatın strateji əhəmiyyətinə görə minnətdarlığını ifadə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran, ABŞ, İsrail və Pakistan–Əfqanıstan xəttində baş verən hadisələrə münasibət bildirərək həm ABŞ və İsrailin İrana hücumlarını, həm də İranın Körfəz ölkələrinə zərbələrini qəbuledilməz adlandırıb. Ərdoğan bildirib: “Dost və qardaş İranın suverenliyini açıq şəkildə pozan, eyni zamanda İran xalqının huzuruna qəsd edən səhərki hücumları təəssüf hissi ilə qarşılayırıq”. O, əlavə edib ki, səbəbindən asılı olmayaraq İranın Körfəz bölgəsindəki qardaş ölkələrə qarşı raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar da qəbuledilməzdir.

27 fevral 2026-cı il tarixində Qırğız Respublikasının sədrliyi ilə Bişkek şəhərində, “Ala-Arça” Dövlət iqamətgahında Türk Mədəniyyəti və İrsi Fondunun Şurasının Üçüncü iclası keçirilib. İclasda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti naziri cənab Mirbek Mambetaliyev, Özbəkistan Respublikasının Mədəniyyət naziri cənab Ozodbek Nazarbekov, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini xanım Səadət Yusifova, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya üzrə nazir müavini cənab Aybek Sıdıkov, Türkiyə Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Mekin Mustafa Kemal Ökəm, Türk Dövlətləri Təşkilatının Baş katibi cənab Kubanıçbek Ömüralıyev, eləcə də Türk dövlətlərinin müvafiq dövlət qurumlarının digər nümayəndələri iştirak ediblər.