Bakı. AzerVoice:
Türkiyə xarici enerjidən asılılığını azaltmaq və istehlakda öz resurslarının payını artırmaq üçün öz ərazi sularında kəşfiyyat işlərinə davam edəcək.
AzerVoice xəbər verir ki, Qara dənizdə təbii qaz kəşfiyyatı və hasilatı çərçivəsində həyata keçirilən fəaliyyətlər nəticəsində ümumi qaz ehtiyatlarını 710 milyard kubmetrə çatdıran Türkiyə yeni kəşflər üçün səylərini gücləndirir.
Bu çərçivədə, Zonguldak sahillərində gündəlik 2,7 milyon kubmetr hasilat əldə edilən Sakarya Qaz Sahəsində qazma və seysmik kəşfiyyat gəmiləri işləyir və qaz aşkarlanan quyularda qazma işləri aparılır, kəşfiyyat fəaliyyətləri qaz potensialı olan məntəqələrdə aparılır.
Məlumata əsasən, birinci mərhələdə 10 milyon kubmetr, ikinci mərhələdə isə 40 milyon kubmetr hasilatın hədəfləndiyi Fatih, Kanuni və Yavuz qazma gəmiləri Sakarya qaz yatağında və ətrafında intensiv şəkildə fəaliyyətlərini davam etdirir.
Qeyd edək ki, Türkiyənin dənizdə təbii qaz və neft kəşfiyyatı üçün seysmik və qazma fəaliyyəti üçün yaradılmış enerji donanmasına Fatih, Yavuz, Kanuni, Abdulhamid Han qazma gəmiləri və Barbaros Hayrettin Paşa və MTA Oruç Rəis seysmik axtarış gəmiləri daxil olmaqla cəmi altı gəmi daxildir.