#Qəzzada müharibədən sonrakı vəziyyət

İsrail qüvvələri Suriya cənubundakı Qüneytara vilayətinin Əlcərf, Məşirfə və Um Batinə kəndlərinə daxil olaraq bir sıra evləri mühasirəyə alıb və axtarış aparıb. Suriya rəsmi xəbər agentliyi SANA bildirir ki, dörd hərbi maşın və iki tankdan ibarət İsrail patrulu Ədnaniyyə məntəqəsindən çıxaraq Məşirfə kəndi üzərindən Əlcərfə doğru hərəkət edib. Patrul Məşirfədə dayanaraq bir neçə evdə axtarış aparıb.

ABŞ Milli Kəşfiyyat Direktoru Tulsı Qabbard bildirib ki, Qəzza sektorunda atəşkəsin müşahidəsi çətin və daha çox ünsiyyət, koordinasiya və şəffaflıq tələb edən işdir. Qabbard verdiyi açıqlamada və ABŞ-ın idarə etdiyi Hərbi-Vətəndaş Koordinasiya Mərkəzinə gözlənilməz səfəri zamanı “illərdir görünməyən dərəcədə, yalnız İsraildə deyil, bütövlükdə Yaxın Şərqdə real ümid hissi olduğunu” deyib. O, bu mərkəzi “müştərək maraqlar naminə ölkələrin birləşməsinin nə gətirə biləcəyinin canlı nümunəsi” adlandırıb və bunun gələcək nəsillər üçün dayanıqlı sülh imkanını yarada biləcəyini söyləyib.

Fələstin rəhbərliyi, İsraildə fələstinli məhbuslara ölüm cəzası verilməsini nəzərdə tutan qanun layihəsini “müharibə cinayətlərinin rəsmi elan edilməsi” kimi qiymətləndirib və bunu dəstəkləyənlərin cəzalandırılmasını tələb edib. Fələstin Xarici İşlər Nazirliyi, fələstinli məhbuslara ölüm cəzası verilməsini nəzərdə tutan qanun layihəsinin İsrail Parlamentinin Milli Təhlükəsizlik Komissiyası tərəfindən qəbul edilməsindən sonra yazılı açıqlama yayıb.

Türkiyə Diyanət Fondu (TDV) Misir vasitəsilə 20 tır insani yardımı Qəzza Sektoruna göndərib. TDV, İsrailin iki ildən artıqdır ki, Qəzzanı blokadada saxlayaraq bombardman etdiyi bölgəyə yönəlmiş humanitar yardım kampaniyasını davam etdirir. TDV, ərzaq və təmizlik məhsullarından ibarət 20 tırı paytaxt Qahirədə keçirilən mərasimlə Qəzzaya göndərmək üçün əl-Əriş şəhərinə yola saldı. TDV Baş Direktoru İzani Turan mərasimdə çıxış edərək, bütün dünyanın uzun müddətdir Qəzzada baş verən insanlıq dramını izləməkdən başqa bir şey etmədiyini vurğulayıb. O, Türkiyənin xalqı, dövləti və QHT-ləri ilə həmişə Qəzzanın yanında olduğunu bildirib.

Qəzzada dağıntılar altında qalan israillilərin və fələstinlilərin cəsədlərinin axtarışı üçün bölgəyə göndərilən AFAD qrupuna İsrail tərəfindən hələ də giriş icazəsi verilməyib. Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, AFAD heyəti Misirin Rəfah sərhəd-keçid məntəqəsində gözləyir. “AFAD missiyası sərhəddə gözləyir. İsrail hələ də daxil olmağa icazə verməyib. Bu isə İsrailin atəşkəsin bütün maddələrinə əməl etmədiyini göstərir”, – məlumatda deyilir.

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) sözçüsü Tess İngram, Qəzzada elan olunan atəşkəsə baxmayaraq bölgəyə kifayət qədər humanitar yardımın çatmadığını və minlərlə uşağın aclıq içində yatdığını bildirib. “Atəşkəs təkbaşına qıtlığı bitirmir və ya bir ailənin sabah içməli suya çıxışı olacağı anlamına gəlmir. Ailələr hələ də sağ qalmaq uğrunda mübarizə aparır. İnsanların güvəndiyi sistemlər dağılıb, su və tibbi yardıma çıxış çox məhduddur.” - deyə İngram qeyd edib.

İsrail ordusu, 10 oktyabrdan etibarən qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, çəkilmədiyi Qəzza Zolağının şərqindəki bölgələrdə ayaqda qalan binaları dağıtmağa davam edir. Bölgədəki yerli mənbələrin AA müxbirinə verdiyi məlumata görə, İsrail ordusunun “sarı xətt” adlandırılan ərazi daxil olmaqla Qəzza Zolağının şərqində binaları partlatması böyük partlayış səslərinə səbəb olub.

Region hazırda əsrin ən böyük işğalı – Qəzzanın İsrail tərəfindən işğalı ilə üz-üzədir. Bu barədə İran Prezidenti Məsud Pezeşkian Tehranda keçirilən ECO Daxili İşlər Nazirlərinin 4-cü iclasında bildirib. Prezident çıxışında son iki ildə Qəzzada baş verənləri dünyada ən dəhşətli soyqırımı və insanlığa qarşı cinayət adlandırıb. ECO üzv ölkələri iqtisadi inkişaf üçün möhkəm infrastruktur yaratmalı, həmçinin regional sabitliyi təmin etməlidir. O, uzun fasilədən sonra keçirilən iclasın üzv ölkələrin əməkdaşlığı gücləndirmək əzmini göstərdiyini vurğulayıb və ECO Vision 2035 strategiyası ilə ECO polis qüvvəsi – ECOPOL-un yaradılmasının əhəmiyyətini qeyd edib.

Fələstin Baş naziri Məhəmməd Mustafa bəyan edib ki, Qəzzada atəşkəsin əldə olunması zəruridir, lakin bu, Fələstin probleminin əsasını həll etmək üçün kifayət deyil. Riyadda Asharq Al-Awsat qəzetinə verdiyi eksklüziv müsahibədə Mustafa vurğulayıb ki, atəşkəs razılaşması ilə Səudiyyə Ərəbistanı və Fransanın təşəbbüsü ilə qəbul edilən iki dövlətli həllə dair Nyu-York Bəyannaməsi “paralel istiqamətlər” təşkil edir. “Əsas məsələ,” deyə Mustafa qeyd edib, “Fələstin dövlətinin yaradılması və Nyu-York Bəyannaməsinin icrası yolu ilə beynəlxalq səviyyədə tanınmasıdır. Atəşkəs vacibdir, lakin təkbaşına yetərli deyil.”

Qəzza Bələdiyyəsi bölgədə 250 mindən çox ton zibilin yığılması, tullantı sularının küçələrə sızması və təmiz su çatışmazlığı səbəbilə Fələstin xalqının ciddi ekoloji və sağlamlıq riskləri ilə üzləşdiyini açıqlayıb. Bələdiyyənin sözçüsü Asim ən-Nəbih bildirib ki, İsrailin Qəzzada iki ildir davam edən soyqırımı nəticəsində bələdiyyəyə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların 85 faizindən çoxu sıradan çıxıb və nəticədə 250 min ton tullantı toplanıb.

Fars Körfəzi Əməkdaşlıq Şurası (GCC) İsrail parlamentinin - Knessetin - Qərb sahilində İsrail suverenliyinin tətbiqinə dair qanun layihəsini ilkin oxunuşda təsdiqləməsini kəskin şəkildə pisləyib. Cümə axşamı yayılan bəyanatda GCC bu addımın bölgədə sabitlik və təhlükəsizliyi daha da pozduğunu bildirib. Təşkilatın baş katibi Casim əl-Budayvi bəyan edib ki, bu cür addımlar “beynəlxalq hüququn açıq şəkildə pozulması və beynəlxalq ictimaiyyətin ədalətli və hərtərəfli sülhə nail olmaq səylərinin aşkar şəkildə sarsıdılmasıdır”.

İtaliyanın Baş naziri Corcia Meloni bildirib ki, Hamas Fələstinin gələcəyində siyasi rol oynamaqdan imtina etmədən və silahı yerə qoymadan, İtaliyanın Fələstin Dövlətini tanıması mümkün deyil. Meloni bu fikirləri 23–24 oktyabrda Brüsseldə keçiriləcək Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsi öncəsi parlamentin yuxarı palatası olan Senatda çıxışı zamanı səsləndirib. O, həm beynəlxalq gündəmin aktual məsələləri, həm də hökumətinin bu məsələlərə münasibəti barədə məlumat verib.