#Qəzzada müharibədən sonrakı vəziyyət

Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal soyuq hava şəraiti və fırtınanın başlamasından bəri Qəzza zolağında 17 fələstinlinin soyuqdan həyatını itirdiyini açıqlayıb. Qəzza Mülki Müdafiə İdarəsinin “Telegram” hesabında yayımlanan açıqlamada Basal bildirib ki, güclü yağış və fırtına nəticəsində indiyədək 17-dən çox bina tamamilə uçub. Eyni müddət ərzində 90-dan çox binada qismən çökmə qeydə alınıb. Onun sözlərinə görə, bu vəziyyət minlərlə insanın həyatını birbaşa təhlükə altına salır.

İsrail ordusunun Qəzza zolağına son 24 saatda endirdiyi hücumlar nəticəsində xəstəxanalara 4 fələstinlinin cəsədinin və 10 yaralının gətirildiyi Qəzza Səhiyyə Nazirliyi tərəfindən bildirilib. Açıqlamada qeyd olunub ki, 10 oktyabrda qüvvəyə minmiş atəşkəs razılaşması dövründə həyata keçirilən hücumlarda ümumilikdə 383 nəfər öldürülüb, 1002 nəfər yaralanıb və 627 nəfərin cəsədi dağıntılar altından çıxarılıb.

İsrail ordusunun Qəzza Zolağında həyata keçirdiyi hücumlardа həyatını itirənlərin sayı son 24 saatda 2 nəfər artaraq 70 min 369-a yüksəlib. Qəzzadakı Səhiyyə Nazirliyi yazılı açıqlamasında İsrailin hücumlarında yaşanan can itkiləri, yaralanmalar və dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları paylaşdı. Son 24 saatda biri dağıntı altından çıxarılan 3 fələstinlinin cəsədi ilə 5 yaralının xəstəxanalara çatdırıldığı bildirilib.

İsrail ordusu Qəzza Zolağının şimal və cənub bölgələrini havadan və artilleriya atəşləri ilə hədəf alıb, binaları partlatıb. Yerli şahidlərdən əldə edilən məlumata görə, İsrail ordusuna məxsus döyüş təyyarələri cənubdakı Rifah və Xan Yunis şəhərlərinin şərq bölgələrini bombalayıb. Bundan əlavə, şimaldakı Beyt Lahiya qəsəbəsi də hava hücumu ilə hədəfə alınıb. Bu hücumlarla eyni vaxtda Xan Yunisin şimal və şərq bölgələri də artilleriya atəşləri ilə vuruldu, helikopterdən atəş açıldı.

İsrail ordusu və Fələstin torpaqlarını zəbt edən israillilər noyabr ayında işğal altındakı İordan çayının Qərb Sahilində 2 min 144 hücum həyata keçirib. Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Ayrım Divarı və Yəhudi Məskunlaşma Birləşmələri ilə Mübarizə Şurası İsrailin pozuntuları və kolonial genişlənmə fəaliyyətlərinə dair noyabr ayı hesabatını yayımlayıb. Şuranın hesabatında qeyd olunub ki, noyabr ayında Qərb Sahilində İsrail ordusu 1523, Fələstin torpaqlarını zəbt edən israillilər isə 621 hücum həyata keçirib. Bildirilib ki, bu hücumlar İsrailin Fələstin xalqına, torpaqlarına və əmlakına qarşı davam edən zorakılıq fəaliyyətlərinin davamıdır.

İsrail ordusu işğal altındakı Qərb Şəriyanın şimalında yerləşən Tubas şəhəri və ətraf qəsəbələrə səhər saatlarında genişmiqyaslı hücumlar edib. Bölgəyə güclü ehtiyat qüvvələri göndərən İsrail ordusu bəzi məntəqələrə hərbi iş maşınları yerləşdirib və helikopterlərdən müəyyən hədəflərə atəş açıb. İsrail qüvvələri şəhərin bütün girişlərini torpaq baryerləri və hərbi yoxlama məntəqələri ilə bağlayaraq sokağa çıxma qadağası tətbiq edib.

Qəzza Zolağında iki ilə yaxın davam edən müharibə dövründə İsrail ordusunun “insani yardım” adı altında yaradılan paylama mərkəzlərində 2 min 614 fələstinlini öldürdüyü bildirilib. İsrail və ABŞ tərəfindən yönləndirilən Qəzza Humanitar Yardım Fondu (GHF) dünən fəaliyyətlərini dayandırdığını açıqladıqdan sonra, Qəzza Səhiyyə Nazirliyinin Baş direktoru Münir əl-Burş mövzu ilə bağlı bəyanat yayıb. Burş bildirib ki, yardım bölgələri əslində “ölüm tələsi”nə çevrilib və bu çərçivədə 2 min 614 nəfər döyüş meydanında deyil, qida və su tapmağa çalışdıqları vaxt öldürülüb.

İsrail ordusu Qəzzanın Şimalında atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlar nəticəsində 4 nəfər həlak olub. Qəzza Şimalındakı Nəsir Xəstəxanasının açıqlamasına görə, İsrail ordusu Xan Yunus şəhərinin Bəni Suheyla bölgəsinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Hücumdan sonra xəstəxanaya 2 nəfərin meyiti gətirilib.

Avropa İttifaqı Komissiyasının Bərabərlik, Hazırlıqlılıq və Krizis İdarəçiliyi üzrə üzvü Hadja Lahbib Qəzzadakı humanitar vəziyyətin sürətlə pisləşdiyini bildirərək, yardımların siyasiləşdirilməsinə qarşı xəbərdarlıq edib. Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri toplantısı çərçivəsində çıxış edən Lahbib, bölgədəki əsirlərin evlərinə dönməsinə baxmayaraq humanitar böhranın daha da ağırlaşdığını deyib. “Son daşqınlardan sonra və yaxınlaşan qış aylarının təsiri ilə fələstinlilər həm donur, həm islanır, həm də aclıq çəkir.” - deyə o qeyd edib.

Dünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, Qəzzada müalicə üçün bölgədən çıxarılmaq üçün tibbi təxliyə gözləyərkən həyatını itirən xəstələrin sayı 900-ü ötüb. ÜST-ün məlumatına görə, hələ də 16 min 500 xəstə təxliyə üçün təsdiq gözləyir; onların arasında təcili tibbi təxliyəyə ehtiyacı olan 4 min uşaq var. Təşkilat xəbərdarlıq edib ki, kritik vəziyyətdə olan xəstələrin təxliyəsində hər bir gecikmə “praktik olaraq ölüm hökmü” deməkdir. ÜST-ün Baş Direktoru Tedros bütün sərhəd keçidlərinin dərhal açılmasını və Qəzzadan və Qəzzaya tibbi və humanitar hərəkətə tam azadlıq verilməsini tələb edib. Keçidlərin bağlanması və xəstələrin hərəkətinə qoyulan məhdudiyyətlər səhiyyə sisteminin çökməsinə və ağır hallarının sürətlə artmasına səbəb olub.

İsrail hökuməti bəyan edib ki, çərşənbə günü Qəzza zolağının şimalında yerləşən “Zikim” sərhəd-keçid məntəqəsi humanitar yardım maşınlarının bölgəyə daxil olması üçün açılıb. Bu, iki il davam edən müharibənin ağır nəticələrindən əziyyət çəkən Qəzza sakinlərinə yardım məqsədi daşıyır. İsrail Müdafiə Nazirliyinə tabe olan Hökumət Fəaliyyətlərinin Koordinasiyası İdarəsi (COGAT) bildirib ki, bu yardımlar BMT və beynəlxalq təşkilatlar tərəfindən çatdırılacaq və bütün yük maşınları “dəqiq təhlükəsizlik yoxlamalarından” sonra buraxılacaq.

İsrailin hücumları nəticəsində Qəzza zolağında evlərini tərk edən 75 minə yaxın fələstinlinin, əksəriyyəti zərər görmüş BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Bərpa Agentliyinə (UNRWA) məxsus 100-dən çox binada yaşadığı bildirilib. UNRWA-nın ABŞ mərkəzli X sosial media platformasındakı hesabında yayımlanan açıqlamada, İsrailin iki il ərzində Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində yerindən edilmiş fələstinlilərin vəziyyətinə diqqət çəkilib.