Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Pakistanla imzalanan müdafiə sazişinin heç bir ölkəyə qarşı yönəlmədiyini bildirib. Onun sözlərinə görə, kollektiv çəkindirmə prinsipinə əsaslanan razılaşma təhlükəsizlik və müdafiə əməkdaşlığını, birgə müdafiə sənayesi layihələrini və terrorizmlə mübarizəni gücləndirəcək. Ərdoğan sazişin regionda sülh və sabitliyə töhfə verməyi hədəflədiyini vurğulayıb.
#Türkiyə
Səudiyyə Ərəbistanının ictimai diplomatiya üzrə nazir müavini Raed Krimli bildirib ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan müdafiə sazişi hərbi ittifaq və ya məzhəb əsaslı blok yaratmaq məqsədi daşımır. Onun sözlərinə görə, sənəd dayanıqlı müdafiə imkanlarının inkişafına yönəlib və nə nüvə ambisiyaları, nə də silahlanma yarışı ilə əlaqəlidir. Krimli əlavə edib ki, saziş krallığın mövcud regional və beynəlxalq tərəfdaşlıqlarına xələl gətirmir və heç bir ölkəyə qarşı yönəlməyib.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Sazişinin heç bir ölkəyə qarşı yönəlmədiyini bildirib. Onun sözlərinə görə, sənəd üç ölkənin ortaq təhlükəsizliyini və kollektiv çəkindirmə imkanlarını gücləndirəcək, eyni zamanda regionda sülh və sabitliyin qorunmasına töhfə verəcək.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirdiyi mətbuat konfransında İsrailin Qərb Sahili, Qüds və Qəzzadakı hərəkətlərini tənqid edib. O bildirib ki, İsrailin sülh planına baxmayaraq hücumlarını davam etdirməsi Baş nazir Benyamin Netanyahunun sülh istəmədiyini göstərir. Fidan Türkiyənin bölgədə atəşkəsin qorunması və diplomatik həll yolunun dəstəklənməsi mövqeyini bir daha vurğulayıb.
Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya, İndoneziya, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri Qəzza zolağında İsrailin davam edən əməliyyatları ilə bağlı birgə bəyanat yayıblar. BƏƏ Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər Qəzza zolağında davam edən hadisələrlə bağlı ortaq mövqelərini ifadə edərək vəziyyətin daha da gərginləşməsindən narahat olduqlarını bildiriblər
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ankarada Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüş keçirib.
Türkiyə ilə Azərbaycan arasında media və strateji kommunikasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi hər iki ölkə üçün prioritet istiqamətlərdən biridir. Bu barədə Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkil etdiyi tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FETÖ üzvü olmaqda ittiham edilən Burkay Karatepe və ona yardım etdiyi iddia olunan şəxslər barəsində rəsmi şikayət edib. Şikayət ərizəsində Karatepenin 15 iyul 2016-cı il çevriliş cəhdi zamanı Marmarisdə Ərdoğana qarşı sui-qəsd qrupunda yer aldığı bildirilib. Onun və digər şübhəlilərin prezidentə sui-qəsd, Konstitusiyanı pozma, terror təşkilatına üzvlük və digər ağır cinayətlər üzrə istintaqa cəlb olunması tələb edilir.
Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani avqustun 6-da Türkiyəyə işgüzar səfər edəcək. Tərəflər terrorla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, Suriyanın şimal-şərqinin mərkəzi hökumətə inteqrasiyası və Dəməşqin təhlükəsizlik potensialının artırılması məsələlərini nəzərdən keçirəcəklər. Görüşdə, həmçinin 2024-cü ilin dekabrından etibarən iqtisadiyyat, təhlükəsizlik və ictimai barışıq sahələrində əldə olunan nəticələr qiymətləndiriləcək. İkitərəfli münasibətlərin institusional əsasda inkişafı, Suriya Xalq Məclisinin fəaliyyətə başlaması fonunda parlamentlərarası əməkdaşlıq və qarşıdakı yüksək səviyyəli səfərlər də gündəmdə olacaq.
İordaniya İsrailin Qəzzada davam etdirdiyi hücumları pisləyib və Qətər, Türkiyə və Misirin mövqeyinə dəstək verib. Xarici İşlər Nazirliyi İsrailin hərəkətlərini atəşkəs rejiminin pozulması kimi qiymətləndirib. Rəsmi Amman bunun beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olduğunu bildirib. İordaniya Qəzzaya humanitar yardımın maneəsiz çatdırılmasına çağırıb. Bəyanatda mülki şəxslərin, tibb müəssisələrinin və humanitar işçilərin qorunmasının vacibliyi vurğulanıb.
Ankara Respublika Prokurorluğunun Etimesqut Bələdiyyəsində apardığı korrupsiya istintaqı çərçivəsində həbs olunan bələdiyyə sədri Erdal Beşikçioğlunun marixuana testinin müsbət nəticə verdiyi bildirilir. Bununla yanaşı, məlumatda bildirilir ki, Erdal Beşikçioğlu 2014-cü ildə Ankara Respublika Prokurorluğunda verdiyi ifadəsində marixuanadan istifadə etdiyini etiraf edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Küveytin xarici işlər naziri Cərrah Cabir əl-Əhməd əs-Sabah ilə telefon danışığı aparıb. Tərəflər söhbət zamanı regionda yaranmış son vəziyyəti müzakirə ediblər. Görüşün təfərrüatları ilə bağlı əlavə məlumat açıqlanmayıb.