#Qətər vasitəçiliyi

BMT Təhlükəsizlik Şurasının İsrailin Qətərə hücumunu pisləyən bəyanatı uzun illərdən sonra ilk dəfə ABŞ-ın da beynəlxalq konsensusa qoşulması ilə mümkün olub. Bu dəfə Vaşinqton da İsrailin HƏMAS-a qarşı müharibəni aşaraq bütün beynəlxalq qanun və normaları pozan addımlarına qarşı çıxış edib. Şuranın qəbul etdiyi bəyanatda İsrailin adı açıq şəkildə qeyd olunmasa da, “əsas vasitəçi ölkənin ərazisi olan Dohaya edilən son hava hücumları pislənir” ifadəsi diqqət çəkib. Bu, nəinki Donald Tramp dövründə, hətta onun sələfi Co Baydenin hakimiyyəti illərində də ilk dəfə BMT TŞ-nin İsraili hədəf alan pisləmə bəyanatı idi.

BMT Təhlükəsizlik Şurası sentyabrın 10-da keçirəcəyi iclasda İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi hücumu müzakirə edəcək. Bununla bağlı məlumatı sentyabr ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edən Cənubi Koreyanın daimi nümayəndəliyi yayıb. “Gündəliyin ‘Yaxın Şərqdə vəziyyət’ bəndi üzrə iclas sabah saat 15:00-da (Bakı vaxtı ilə 23:00-da) keçiriləcək” – deyə nümayəndəlik jurnalistlərə açıqlama verib.

Qəzza münaqişəsinin həlli üzrə danışıqlar, Qətərin vasitəçi rolunu oynadığı proses, İsrailin Dohaya endirdiyi zərbədən sonra dayandırılıb. Bu barədə ölkənin baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani açıqlama verib. “Qəzza ilə bağlı danışıqlar prosesinin uğurlu alınması üçün bütün səylərimizi göstərdik. Qəzzaya qarşı təcavüzün dayandırılması üçün əlimizdən gələni etdik. Hazırkı danışıqlara gəldikdə isə, bu gün şahidi olduqlarımızdan sonra onların davam edə biləcəyinə inanmıram” - deyə o, Dohada keçirilən mətbuat konfransında bildirib.