#Qəzzanın işğalı

Qəzza Səhiyyə Nazirliyi İsrail ordusunun atəşkəsin qüvvəyə minməsindən sonra da davam edən hücumları nəticəsində 23 fələstinlinin həlak olduğunu, 122 nəfərin isə yaralandığını açıqlayıb. Nazirliyin məlumatına görə, İsrail ordusunun atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlarda 381 nəfər dağıntılar altından çıxarılıb. Qəzza zolağında hələ də minlərlə insanın dağıntılar altında qaldığı bildirilir.

Qəzzadakı hökumət, İsrailin iki il ərzində həyata keçirdiyi intensiv hava və quru hücumlarının bölgəni “ən böyük humanitar fəlakət”lə üz-üzə qoyduğunu açıqlayıb. Hökumətin Media Ofisinin məlumatına görə, İsrailin hücumları nəticəsində Qəzza zolağında 70 milyon tonadək dağıntı qalıb. Açıqlamada həmçinin bölgədə 20 min partlamamış sursatın təhlükə yaratdığı və onların zərərsizləşdirilməsi üçün xüsusi təlim keçmiş beynəlxalq ekspert qruplarına ehtiyac olduğu vurğulanıb.

HƏMAS-ın Qəzzada saxladığı 4 israilli əsirin cənazəsini gecə saatlarında təhvil verməsinin ardından İsrailin, Qəzzanın dünyaya açılan qapısı hesab edilən Qəzza-Misir arasındakı Rəfah Sərhəd Keçidini bu gün atəşkəs razılaşmasına uyğun olaraq açacağı bildirilib. İsrail dövlət televiziyası KAN-ın xəbərinə görə, İsrail hökuməti HƏMAS-a qarşı bu gün tətbiq ediləcəyini elan etdiyi sanksiyalardan imtina etmək qərarına gəlib.

İsrail ordusunun Qəzza zolağında atəşkəs qüvvəyə minsə də, evlərinə qayıtmağa çalışan fələstinlilərə atəş açması nəticəsində 3 nəfər həlak olub. Fələstinin rəsmi WAFA xəbər agentliyinin məlumatına görə, İsrail əsgərləri Qəzzə şəhərinin şimalında, evlərinə dönmək istəyən mülki şəxsləri hədəf alıb. Məlumata əsasən, İsrail ordusu atəşkəs razılaşmasına baxmayaraq, şəhərin Əş-Şucaiyyə məhəlləsində evlərini görməyə gələn fələstinlilərə pilotsuz uçuş aparatlarından (PUA) atəş açıb. Hadisə nəticəsində 3 nəfər həyatını itirib.

NATO-nun Baş katibi Mark Rutte Qəzzada əldə olunan atəşkəs razılaşmasındakı roluna görə Türkiyəyə təşəkkürünü bildirib. Sloveniyada keçirilən NATO Parlament Assambleyasının (PA) iclasında çıxış edən Rutte, Türkiyə Böyük Millət Məclisinin NATO PA Türk nümayəndə heyətinin sədri, AK Partiyanın Antalya deputatı Mövlud Çavuşoğlunun İsrailin bölgədə və Qəzzada həyata keçirdiyi hücumların NATO-nun ümumi təhlükəsizlik mühitinə təsiri ilə bağlı sualını cavablandırıb.

İsrailin iki ilə yaxın davam edən hərbi əməliyyatlarından sonra minlərlə fələstinli öz evlərinə qayıtmağa başlayıb. Lakin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) bu gün açıqlayıb ki, Qəzza zolağında binaların 80 faizi ya tamamilə dağıdılıb, ya da ağır zərər görüb, əhalinin isə demək olar ki, hamısı məcburi köçkünə çevrilib. Agentliyin hesabatına görə, 2023-cü ilin oktyabrında başlayan müharibədən bəri səhiyyə müəssisələrinə və tibb işçilərinə qarşı 790-dan çox hücum qeydə alınıb.

Fələstin Səhiyyə mənbələrinin məlumatına görə, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 155 şəhidin cəsədi çatdırılıb, onlardan 135 nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Bu barədə WAFA Fələstin Xəbər Agentliyi məlumat yayıb. Mənbələrə əsasən, cümə günü İsrail ordusunun atəşi nəticəsində 19 fələstinli həlak olub, daha bir nəfər isə əvvəlki yaralanmalarından dünyasını dəyişib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı bəyan edib ki, Türkiyə Qəzza zolağının yenidən qurulmasına və atəşkəsin yerinə yetirilməsinə nəzarət mexanizminə fəal şəkildə töhfə verəcək. Ərdoğan vurğulayıb ki, İsrail Qəzzaya humanitar yardımın daxil olmasına icazə verməli, hücumlarını dərhal dayandırmalı və imzalanmış razılaşmada nəzərdə tutulan xətlərə geri çəkilməlidir.