İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə xarici işlər nazirləri iclasından sonra qəbul edilən birgə bəyanatda İsrailin mövqeyi kəskin şəkildə pislənib və bütün dövlətlərə fələstinlilərə qarşı təcavüzün davam etməsinin qarşısını almaq üçün hüquqi və praktik addımların atılmasına dair çağırış edilib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən iclasın yekununda vurğulanıb ki, İsrailin Qəzza zolağına hücumun başlanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq vasitəçilərin sülh təşəbbüslərinə cavab verməkdən imtina etməsi, əməliyyatları genişləndirməkdə israrı və atəşkəs çağırışlarını qulaqardına vurması qəbuledilməzdir.
#Humanitar fəlakət Qəzza
Qəzza hökuməti İsrailin şimal bölgələrindən cənuba 1,3 milyon insanı köçürmək planının həyata keçirilməsinin faktiki olaraq mümkünsüz olduğunu açıqlayıb. Hökumətin Media Bürosundan verilən məlumata görə, cənub şəhərlərinin bu qədər insanı yerləşdirəcək potensialı yoxdur, sığınacaq çatışmazlığı isə 96 faizi keçib. Bəyanatda bildirilib ki, İsrail ordusunun elanına baxmayaraq, indiyədək yalnız 10 min çadırın Qəzzaya daxil olmasına icazə verilib. Halbuki, real ehtiyac 250 min çadır və karvan təşkil edir. Bu, tələbatın cəmi 4 faizinə bərabərdir. Bundan əlavə, İsrailin beynəlxalq yardım təşkilatlarının işinə qoyduğu məhdudiyyətlər səbəbindən sərhəd-keçid məntəqələrində sığınacaq materiallarının çatışmazlığı yüz minlərlə köçkün üçün vəziyyəti daha da ağırlaşdırır.
Malayziyanın baş naziri Ənvər İbrahim Qəzza xalqına dəstək məqsədilə yeni yardım paketi elan edib. Ənvər İbrahim Malayziyanın Qəzzadakı fələstinlilərə təxminən 23,6 milyon ABŞ dolları dəyərində əlavə yardım göstərəcəyini açıqlayıb. Baş nazir həmçinin ölkədə fəaliyyət göstərən iri şirkətləri Qəzzanın yenidən qurulmasına dəstək verməyə çağırıb.
Kopenhagendə Fələstinə dəstək məqsədilə keçirilən nümayişdə 10 mindən çox insan iştirak edib. Etirazçılar Qəzzadakı müharibənin dayandırılmasını və Danimarkanın Fələstin dövlətini tanımasını tələb ediblər.
Qəzza zolağında İsrail tərəfindən saxlanılan 13 fələstinli Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə azad edilib. Qeyd olunub ki, Qızıl Xaç Komitəsi mart ayından bəri 5-i qadın olmaqla ümumilikdə 255 fələstinlinin İsrail tərəfindən birtərəfli qaydada azad olunmasına vasitəçilik edib və onların ailələrinə qovuşmasına yardım göstərib. Komitə açıq şəkildə saxlanılan şəxslərin adlarının açıqlanmasını və ailə görüşlərinə icazə verilməsini tələb edib. Açıqlamada vurğulanıb ki, beynəlxalq humanitar hüquqa görə əsirlərə insani münasibət göstərilməli, məqbul saxlanma şəraiti təmin olunmalı və onların ailələri ilə ünsiyyət imkanı qorunmalıdır.
HƏMAS İsrailin Baş naziri Benyamin Netanyahunu əsir mübadiləsi və atəşkəs razılaşmasının əldə olunmasına mane olmaqda ittiham edib. HƏMAS Netanyahunun Qəzza şəhərinin işğalı planına razılıq verməsini razılaşmanı pozmaq istəyi kimi qiymətləndirib.
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tomas Barrak İsrailə səfər edərək ölkənin baş naziri Benyamin Netanyahu ilə görüş keçirib. Bu barədə Axios portalı məlumat yayıb. “ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrak İsrailə səfərə gəlib və Netanyahu ilə görüşərək ABŞ prezidenti Donald Trampın İsrailə Livana endirilən zərbələri məhdudlaşdırması ilə bağlı xahişini, həmçinin Suriya ilə aparılan danışıqları müzakirə edib” - deyə, məlumatda qeyd olunub.
Son 24 saat ərzində İsrailin Qəzza zolağına qarşı həayat keçirdiyi hücumlarda həlak olanların sayı 62 min 686 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, son sutka ərzində Qəzza zolağındakı xəstəxanalara 64 nəfərin meyiti və 278 yaralı gətirilib. İsrail ordusunun yanvarın 19-da əldə olunan atəşkəsi pozaraq martın 18-dən bəri həyata keçirdiyi hücumlarda 10 min 842 fələstinlinin həlak olduğu, 45 min 910 nəfərin isə yaralandığı qeyd olunub.
İsrail mənbələrinin məlumatına görə, baş nazir Benyamin Netanyahu Qəzza şəhərinin işğalını dayandırmaq niyyətində deyil. Əsirlərin azad edilməsi üçün aparılan danışıqlar barədə açıqlamalarına baxmayaraq, o, bu məsələdə tələsmir. Əksinə, Netanyahu şəhərin işğalını sürətləndirmək və hətta əməliyyatın adının dəyişdirilməsi ilə bağlı ordu ilə mübahisəyə girib.
Qəzza zolağında aclıq və qida çatışmazlığı səbəbindən son 24 saat ərzində ikisi uşaq olmaqla 8 nəfər həyatını itirib. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. “Qəzza son 24 saat ərzində aclıq səbəbindən ikisi uşaq olmaqla daha 8 nəfər həyatını itirib. Beləliklə, aclıqdan ölənlərin sayı 281-ə çatıb, onların 114-ü uşaqlardır” - deyə, məlumatda bildirilib.
İsveçrə Qəzza zolağındakı aclıq təhlükəsindən narahatdır. Bu barədə İsveçrə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində etdiyi paylaşımda bildirilib. “Aclığın daha da dərinləşməsinin qarşısını almaq üçün təcili və genişmiqyaslı müdaxilə zəruridir” - deyə, Paylaşımda qeyd olunub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin üzrə nümayəndəsi Rik Peeperkorn BMT Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında Qəzza ilə bağlı kritik vəziyyət barədə məlumat verib. Peeperkorn bildirib ki, BMT-nin dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) hesabatına görə, avqustun 15-dən etibarən Qəzza şəhərində aclıq rəsmi olaraq təsdiqlənib. Hesabata görə, yarım milyondan çox insan aclıq, yoxsulluq və ölümlə səciyyələnən fəlakətli şəraitdədir. Bu, Yaxın Şərqdə ilk dəfə rəsmi olaraq aclığın təsdiqi sayılır. ÜST rəsmisi vurğulayıb ki, təkcə 2025-ci ildə qida çatışmazlığı səbəbindən 206 nəfər həyatını itirib və vəziyyət sürətlə pisləşməkdə davam edir. Peeperkorn IPC təhlilinə əsaslanaraq, 2026-cı ilin iyun ayına qədər ən azı 132 min uşaq yüksək qidalanma riski altında olacaq. Bu rəqəm, 2025-ci ilin may ayındakı IPC proqnozları ilə müqayisədə iki dəfə artmışdır.