#Humanitar fəlakət Qəzza

Dünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, Qəzzada müalicə üçün bölgədən çıxarılmaq üçün tibbi təxliyə gözləyərkən həyatını itirən xəstələrin sayı 900-ü ötüb. ÜST-ün məlumatına görə, hələ də 16 min 500 xəstə təxliyə üçün təsdiq gözləyir; onların arasında təcili tibbi təxliyəyə ehtiyacı olan 4 min uşaq var. Təşkilat xəbərdarlıq edib ki, kritik vəziyyətdə olan xəstələrin təxliyəsində hər bir gecikmə “praktik olaraq ölüm hökmü” deməkdir. ÜST-ün Baş Direktoru Tedros bütün sərhəd keçidlərinin dərhal açılmasını və Qəzzadan və Qəzzaya tibbi və humanitar hərəkətə tam azadlıq verilməsini tələb edib. Keçidlərin bağlanması və xəstələrin hərəkətinə qoyulan məhdudiyyətlər səhiyyə sisteminin çökməsinə və ağır hallarının sürətlə artmasına səbəb olub.

Türkiyənin də aralarında olduğu 9 ölkə, hazırda BMT Təhlükəsizlik Şurasının gündəmində müzakirə edilən Qəzza ilə bağlı qətnaməyə birgə dəstək açıqlayıb. Türkiyə, ABŞ, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İndoneziya, Pakistan və İordaniyanın BMT-dəki daimi nümayəndəlikləri Qəzza qətnaməsi ilə bağlı ortaq bəyanat yayıb.

İndoneziya müdafiə naziri bildirib ki, ölkə Qəzzada planlaşdırılan sülhməramlı əməliyyat üçün səhiyyə və tikinti tapşırıqları üzrə maksimum 20 min əsgər hazırlayıb. Hazırlıqlar ABŞ-ın təşəbbüsü ilə çoxmillətli sabitləşdirmə qüvvəsi yaradılması planları çərçivəsində həyata keçirilir. Qoşunların nə zaman yerləşdiriləcəyi və hansı mandatla fəaliyyət göstərəcəyi hələ qərara bağlanmayıb.

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Bərpa Agentliyi (UNRWA) bildirib ki, İsrailin iki il davam edən soyqırımı nəticəsində Qəzza zolağında 282 mindən çox ev dağıdılıb və ya zərər görüb. UNRWA-nın ABŞ mərkəzli X sosial media platformasındakı rəsmi hesabında paylaşdığı açıqlamada, BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən birgə idarə olunan Qlobal Sığınacaq Klasteri (Global Shelter Cluster) humanitar yardım mexanizminin məlumatları istinad kimi göstərilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qəzzadaki kövrək atəşkəsin dəfələrlə pozulmasına baxmayaraq, hələ də qüvvədə olduğunu bildirərək ikinci mərhələ danışıqları üçün yolun açılmasına çağırış edib. Quterreş bu fikirləri Nyu-Yorkdakı BMT Baş Qərargahında Afrika İttifaqı ilə BMT arasında keçirilən yüksək səviyyəli görüşdən sonra Afrika İttifaqı Komissiyasının sədri Mahmud Ali Yussuf ilə birgə mətbuat konfransında səsləndirib.

İsrail hökuməti bəyan edib ki, çərşənbə günü Qəzza zolağının şimalında yerləşən “Zikim” sərhəd-keçid məntəqəsi humanitar yardım maşınlarının bölgəyə daxil olması üçün açılıb. Bu, iki il davam edən müharibənin ağır nəticələrindən əziyyət çəkən Qəzza sakinlərinə yardım məqsədi daşıyır. İsrail Müdafiə Nazirliyinə tabe olan Hökumət Fəaliyyətlərinin Koordinasiyası İdarəsi (COGAT) bildirib ki, bu yardımlar BMT və beynəlxalq təşkilatlar tərəfindən çatdırılacaq və bütün yük maşınları “dəqiq təhlükəsizlik yoxlamalarından” sonra buraxılacaq.

Qəzzadakı uşaqların peyvəndi üçün lazım olan şprislərin Qəzzaya keçirilməsinə İsrail tərəfindən icazə verilmir. UNICEF hazırda atəşkəs dövründən istifadə edərək genişmiqyaslı peyvənd kampaniyasına başlayıb. Lakin 1,6 milyon şprisin və peyvəndlərin saxlanması üçün günəş enerjisi ilə işləyən soyuducuların bölgəyə gətirilməsi üçün ləvazimatlar aylarla gömrükdə gözləyir. Təşkilat bildirir ki, şprislər avqust ayından bəri icazə gözləyir.