#Qəzza blokadası

Qəzza zolağında son 24 saat ərzində ikisi uşaq olmaqla beş nəfər aclıq və qidalanma çatışmazlığı nəticəsində həyatını itirib. Beləliklə qidalanma çatışmazlığı səbəbindən ölənlərin ümumi sayı 100-ü uşaq olmaqla 217 nəfərə yüksəlib. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qəzza zolağında aclıq və qida çatışmazlığı nəticəsində ölənlərin sayı artmaqdadır. Son məlumatlara görə, daha 11 nəfərin aclıqdan həyatını itirməsi ilə ümumi ölüm sayı 98-i uşaq olmaqla 212-yə çatıb. Bu ağır humanitar vəziyyət fonunda ABŞ-ın dəstəyi ilə Misir və Qətərdəki vasitəçilər, son günlərdə yaranmış durğunluqdan sonra İsrail və HƏMAS-ı danışıqlar masasına qaytarmağa çalışırlar.

London polisi Böyük Britaniyada qadağan olunmuş təşkilatlar siyahısına salınan Fələstin tərəfdarı "Palestine Action" hərəkatına dəstək aksiyasında 365 nəfəri saxlayıb. London polisinin verdiyi açıqlamaya görə, digər hüquq pozuntularına görə daha yeddi nəfər həbs edilib, onlardan beşi polis əməkdaşına hücum etməkdə ittiham olunur. Məlumata görə, ciddi xəsarət alan olmayıb.

"Fələstinə Dəstək Platforması"na daxil olan vətəndaş cəmiyyəti təşkilatları, İsrailin Qəzza zolağında davam etdirdiyi hücumlara və blokadaya qarşı “Qəzzaya ümid ol” şüarı ilə İstanbulda yürüşə başlayıblar. İştirakçılar, əllərində fənərlər və məşəllərlə Ayasofya Məscidinə doğru irəliləyərkən, şəhərin müxtəlif yerlərindən gələn insanlar Qəzzaya dəstək şüarları səsləndiriblər. Yürüş boyu “Azad Fələstin” və “Qatil İsrail” şüarları eşidilib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Fransa, Misir, Almaniya və Türkiyənin xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla Qəzza zolağındakı vəziyyəti müzakirə edib. Feysəl bin Fərhan fransalı həmkarı Jan Noel Barro, misirli həmkarı Bədr Əbdül-Ati, almaniyalı həmkarı Yohan Vadeful, türkiyəli həmkarı Hakan Fidan və avropalı nümayəndə Kaya Kallasla ayrı-ayrılıqda telefon danışıqları aparıb.

Səudiyyə Ərəbistanı İsrailin Qəzzanın işğal edilməsi ilə bağlı qərarını pisləyib. Bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb. Səudiyyə Ərəbistanı beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını (BMT TŞ) İsrailin işğalçı fəaliyyətlərini dərhal dayandırmağa çağırıb.

İsrailin hücumları və blokadası səbəbindən aclıq yaşanan Qəzza zolağında son 24 saat ərzində 2-si uşaq olmaqla 4 fələstinlinin daha aclıqdan həyatını itirdiyi, aclıq səbəbilə ölənlərin sayının 201-ə çatdığı bildirilib. Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş “X” hesabında etdiyi paylaşımda, Qəzzada aclıqdan həyatını itirənlərlə bağlı məlumat verib. “Aclıq səbəbilə ölümlər Qəzzada davam edir”, – deyən əl-Burş, son 24 saatda 2-si uşaq olmaqla 4 fələstinlinin daha aclıq və qeyri-kafi qidalanma səbəbilə həyatını itirdiyini bildirib.