#Diplomatik səylər

İsrailin İrana qarşı həyata keçirdiyi hücumları dayandırdığı barədə yayılan məlumatlar Yaxın Şərqdə vəziyyətin gələcəyi ilə bağlı diqqəti yenidən diplomatik proseslərə yönəldib. İsrail mediasının məlumatına görə, qərar ABŞ Prezidenti Donald Trampın müraciətindən sonra qəbul olunub. Məlumatlarda bildirilir ki, Tramp ilə Benyamin Netanyahu arasında telefon danışığından sonra gərginliyin daha da artmasının qarşısını almaq məqsədilə hücumların dayandırılması qərarı verilib. Bununla yanaşı, İsrail tərəfi Hizbullah tərəfindən mümkün yeni hücumlar olacağı halda Livanda hərbi əməliyyatların yenidən başlaya biləcəyinə işarə edib. Hələlik məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, bölgədə son günlər aparılan diplomatik səylər və atəşkəs çağırışları fonunda bu xəbərlər xüsusi diqqətlə izlənilir.

İranın Xarici İşlər naziri Nəbih Abbas Əraqçi Pakistan hökumətindən regionda gərginliyin azaldılması və ABŞ-İran arasında atəşkəsin qorunması üçün yardım xahiş edib. Araqçi həmçinin Livanda İsrailin atəşkəsi pozması və Beyrutun cənub qəsəbələrinə potensial hücum xəbərdarlıqlarından ciddi narahatlıq ifadə edib. Bu addım İranın regional diplomatik vasitəçilik səylərinin bir hissəsi kimi qiymətləndirilir.

Livanın Baş naziri Nəvaf Salam bildirib ki, İsrailin Livandakı hərbi əməliyyatları yalnız təhlükəsizlik və ya hərbi hədəflərlə məhdudlaşmır, daha geniş dağıntılara səbəb olur. Onun sözlərinə görə, ölkənin müxtəlif bölgələrində baş verən hücumlar Livanın suverenliyinin pozulması ilə yanaşı, tarixi və mədəni irsin də məhv edilməsinə gətirib çıxarır. Salam atəşkəsə nail olmaq üçün diplomatik səylərin artırılmasının vacibliyini vurğulayıb, müharibə və sülh qərarlarının yalnız Livan dövlətinə məxsus olduğunu bildirib. Baş nazir eyni zamanda evlərini tərk etmək məcburiyyətində qalan cənub sakinlərinə dəstək mesajı verərək dövlətin atəşkəs, məhbusların qaytarılması və yenidənqurma istiqamətində bütün imkanlardan istifadə edəcəyini bəyan edib.