#Qlobal istiləşmə və okeanlar

İspaniya Meteorologiya İnstitutu (AEMET) 3–18 avqust tarixlərində müşahidə olunan isti dalğasının ölkə tarixində ən şiddətlisi olduğunu açıqlayıb. Qeyd olunub ki, bu müddət ərzində temperatur normadan 4,6 dərəcə yüksək olub. Müqayisə üçün, 2022-ci ilin iyulunda müşahidə edilən əvvəlki rekord isti dalğasında temperatur normadan 4,5 dərəcə yuxarı qalxmışdı. AEMET həmçinin bildirib ki, davamlı yüksək temperatur insanların sağlamlığına ciddi təsir göstərib, meşə yanğınlarının güclənməsinə səbəb olub. Statistikaya görə, 1975–1999-cu illərdə İspaniyada ümumilikdə 44 isti dalğası (212 gün) qeydə alınıbsa, 2000–2024-cü illərdə bu göstərici 90 isti dalğası (417 gün) təşkil edib. Son illərdə isti dalğalarının təsir etdiyi əyalətlərin sayı da 36-dan 44-ə yüksəlib.

Bu il dünya üzrə isti hava dalğaları bir çox ölkədə rekordları alt-üst etdi. İyunun əvvəlində milyonlarla amerikalı 40 dərəcəni keçən istilərdə qovrularkən, iyulun əvvəlində Avropa "ilin bu dövrü üçün qeyri-adi" olaraq qiymətləndirilən isti hava dalğasının təsiri altına düşdü. Bəs isti hava dalğaları niyə daha da pisləşir?