#Qəzzanın yenidən qurulması

ABŞ Prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumu çərçivəsində "Qəzza Sülh Şurası" üçün imzaların atıldığını və bölgədə hərbi əməliyyatların sona çatdığını elan edib. Forumdakı çıxışı zamanı Tramp HƏMAS-ın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə inandığını vurğulayıb. ABŞ lideri Qəzzada sülhün qısa müddət ərzində tam bərpa olunacağını və bölgənin yenidən qurulması prosesinə başlayacaqlarını diqqətə çatdırıb. Sülh Şurasının yaradılması ilə müharibədən sonrakı bərpa işlərinin beynəlxalq koordinasiya daxilində idarə olunması nəzərdə tutulur.

İsrail ordusu əldə olunmuş atəşkəs razılaşmasına rəğmən Qəzza zolağının bir neçə istiqamətini hava hücumları və artilleriya atəşi ilə hədəf alıb. Şahidlərin verdiyi məlumata görə hücumlar əsasən Qəzza şəhəri, Bureyc qaçqın düşərgəsi və Xan Yunus bölgələrini əhatə edib. İsrail hərbi birləşmələri Xan Yunusun şərq hissəsinə havadan və qurudan zərbələr endirib, eyni zamanda hərbi maşınlardan mülki şəxslərə qarşı nizamsız atəş açılıb. Bureyc qaçqın düşərgəsinin şərqindəki ərazilər də intensiv hava hücumlarına məruz qalıb.

BMT-nin Uşaq Fondu (UNICEF) Qəzza zolağında yaşayan uşaqların acınacaqlı vəziyyəti ilə bağlı həyəcan təbili çalaraq dəhşətli hesabat yayıb. Təşkilatın sözçüsü Ceyms Elderin verdiyi məlumata görə, 2025-ci ilin oktyabrında əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq, bölgədə hər gün orta hesabla bir uşaq həyatını itirir. Atəşkəs dövründə həlak olan uşaqların ümumi sayı artıq 100-ə çatıb.

İsrail ordusu 10 oktyabr 2025-ci il tarixində qüvvəyə minmiş atəşkəs razılaşmasını kobud şəkildə pozaraq, Qəzza zolağının müxtəlif bölgələrinə hava və quru hücumlarını davam etdirir. 2026-cı ilin yanvar ayına olan son məlumatlara görə, İsrail hərbçiləri bir neçə şəhərdə strateji binaları partladıb və dinc sakinlərin yaşadığı əraziləri hədəf alıb.

İsrail rəhbərliyi ABŞ administrasiyasının çağırışlarına rəğmən, Qəzza zolağının Misir ilə sərhədində yerləşən Rəfah Sınır Qapısını qapalı saxlamaq qərarına gəlib. "Yedioth Ahronot" qəzetinin yüksək rütbəli İsrail rəsmisinə istinadən verdiyi məlumata görə, bazar günü axşam saatlarında toplanan İsrail Təhlükəsizlik Kabineti sərhəd keçid məntəqəsinin fəaliyyətinin bərpa edilməməsi barədə yekdil qərar qəbul edib.

İsrailin maliyyə naziri Betsalel Smotriç Baş nazir Benyamin Netanyahunu ABŞ-ın rəhbərlik etdiyi və Donald Trampın Qəzza planını dəstəkləyən koordinasiya mərkəzini bağlamağa çağırıb. ifrat sağçı nazir Kiryat Qat şəhərində yerləşən Mülki-Hərbi Koordinasiya Mərkəzinin (CMCC) dərhal ləğv edilməsinin vaxtının çatdığını bildirib. Smotriç bu mərkəzdə təmsil olunan Britaniya və Misir kimi ölkələrin İsrailə qarşı düşmən mövqe tutduğunu və ölkənin təhlükəsizliyinə zərbə vurduğunu iddia edərək onların qurumdan kənarlaşdırılmasını tələb edib. Qeyd edək ki, sözügedən mərkəz ötən ilin oktyabrında Trampın Qəzza müharibəsini bitirmək planı çərçivəsində humanitar yardımları və müharibədən sonrakı planlaşdırmanı idarə etmək üçün yaradılıb.

HƏMAS hərəkatı İsrail həbsxanalarında saxlanılan fələstinlilərin beynəlxalq birliyin səssizliyi fonunda insanlıq dışı rəftara məruz qaldığını bəyan edib. HƏMAS tərəfindən yayımlanan yazılı açıqlamada fələstinli məhbusların sistematik işkəncə, pis rəftar və ağır həyat şəraiti ilə üz-üzə olduğu bildirilir. Hərəkat beynəlxalq ictimaiyyəti bu acılara son qoymaq üçün təcili hərəkətə keçməyə çağırıb. Açıqlamada qeyd olunur ki, həbsxanalarda tətbiq edilən fiziki və psixoloji təzyiqlər, qəsdən tibbi laqeydlik və ailə görüşlərinə qoyulan qadağalar insanlıq vicdanını sarsıdan həddə çatıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampın təklif etdiyi "Sülh Şurası"na daxil olmaq barədə dəvəti qəbul edib. Bu barədə bazar ertəsi dövlət başçısının mətbuat katibi Ruslan Jeldibay məlumat yayıb. Məlumata görə Tokayev Yaxın Şərqdə sabit sülhün bərqərar olmasına töhfə vermək niyyətindədir. Qazaxıstan lideri Donald Trampa ünvanladığı cavab məktubunda yeni birliyə qoşulmağa razılıq verdiyini və ölkəsinin qlobal sabitliyin gücləndirilməsi istiqamətində üzərinə düşən öhdəliyi yerinə yetirəcəyini təsdiqləyib. Qeyd olunub ki Tokayev bu təklifi alan ilk dünya liderlərindən biri olub.

Fələstin Prezidenti Mahmud Abbasın müşaviri Dr. Mahmud əl-Həbbaş Qəzza zolağındakı mövcud vəziyyəti və yeni yaradılan Sülh Şurasını Fələstin tərəfinin seçimi olmadığını bəyan edib. Əl-Həbbaş "Asharq Al-Awsat" qəzetinə verdiyi açıqlamada bu mexanizmin BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilmiş müvəqqəti bir tənzimləmə olduğunu bildirib. O qeyd edib ki, Fələstin rəhbərliyi bu planı qəti şəkildə rədd etsə də, hazırkı şəraitdə bunu "iki şərdən daha az olanı" kimi qəbul etmək məcburiyyətində qalıblar. Müşavirin sözlərinə görə, bu qərar qətliamları dayandırmaq və Fələstin dövlətinin qurulmasına aparan potensial bir yol açmaq məqsədilə verilib.