#Etiraz aksiyası

ABŞ-ın paytaxtı Vaşinqtonda minlərlə insan küçələrdə aksiya keçirərək prezident Donald Trampdan Milli Qvardiya qüvvələrinin şəhərdən çıxarılmasını tələb edib. “Hamımız paytaxtıq” adı altında təşkil olunan yürüşdə qeydiyyatsız miqrantlar və fələstinlilərə dəstək verən iştirakçılar da yer alıblar. Etirazçılar Trampa qarşı şüarlar səsləndirib, “Tramp indi getməlidir”, “Paytaxtı azad edin” və “Diktaturaya qarşı çıxın” sözlərinin yazıldığı plakatlar qaldırıblar. Xatırladaq ki, Tramp ötən ay şəhərdə cinayətlərin artdığını əsas gətirərək qanun və asayişi bərpa etmək məqsədilə hərbçiləri küçələrə çıxardığını bəyan etmişdi. O, həmçinin Vaşinqton polis idarəsini birbaşa federal nəzarət altına almış və küçələrdə təhlükəsizliyi təmin etmək üçün Miqrasiya və Gömrük Xidməti də daxil olmaqla federal hüquq-mühafizə qurumlarının əməkdaşlarını şəhərə göndərmişdi.

Bu gün İsraildə tələbələr küçələrə çıxaraq girovların azad edilməsini və Qəzza zolağında sülh sazişinin imzalanmasını tələb ediblər. Yüzlərlə tələbə ölkənin şimalında yol ayrıcını bağlayaraq İsrail ilə HƏMAS arasında razılaşma əldə olunmasını və Qəzzada saxlanılan girovların azad edilməsini tələb edib. Məlumata əsasən, bəzi tələbələr “Girovlar olmadan təhsil yoxdur” yazılmış plakatlar qaldırıblar.

İsveçin paytaxtı Stokholmda yüzlərlə insan İsrailin Qəzzadakı aclıq siyasətini və jurnalistləri hədəf almasına etiraz edib. AzerVoice xəbər verir ki, çox sayda vətəndaş cəmiyyəti təşkilatının çağırışı ilə Odenplan Meydanında toplanan yüzlərlə insan, 25 avqustda İsrailin Qəzza zolağının cənubundakı Xan Yunusda yerləşən Nasser Xəstəxanasına etdiyi hücumlar nəticəsində həlak olan jurnalistlərin simvolik tabutlarını və fotoşəkillərini daşıyıb.

ABŞ prezidenti Donald Trampın və onun administrasiyasının əleyhdarları ölkə üzrə yüzlərlə etiraz aksiyası keçirməyə hazırlaşırlar. Məlumata görə, “May Day Strong” təşkilatı həmkarlar ittifaqları ilə birlikdə “İşçilər milyarderlərdən üstündür” şüarı altında 765 aksiyanın keçirilməsini planlaşdırır. Bundan başqa, respublikaçılar tərəfindən seçki dairələrinin sərhədlərinin dəyişdirilməsinə qarşı çıxan qruplar da milli bayram günü nümayişlər təşkil edəcəklər.

Təl-Əvivdə Qəzza müharibəsinin davam etməsinə qarşı və girovların azad olunması tələbi ilə keçirilən etiraz aksiyasının iştirakçısı saxlanılıb. İsrail Polisinin verdiyi məlumata görə, onun üzərindən tüstü qumbarası götürülüb. Bundan əlavə, bir neçə nümayişçiyə avtomobil yolunu bağlayaraq hərəkətə mane olduqları üçün cərimə yazıldığı bildirilib. Polis bəyan edib ki, “əsas etiraz yerlərində ictimai asayişin pozulmasına yol verməmək üçün gücləndirilmiş rejimdə fəaliyyət göstərir”.

Tramp minlərlə Milli Qvardiya və federal agenti şiddətli cinayət dalğasını əsas gətirərək paytaxta yerləşdirib, lakin şəhər rəsmiləri federal və şəhər statistikasına istinad edərək zorakı cinayətlərin 2023-cü ildən bəri əhəmiyyətli dərəcədə azaldığını bildiriblər. Vitse-prezident J.D. Vans və müdafiə naziri Pete Hegseth isə çərşənbə günü Union Station-da əsgərlərə baş çəkib; həmin vaxt etirazçılar oraya toplaşaraq şüarlar səsləndirib və istehzalı şərhlər veriblər.

Serbiyanın 50-dən çox şəhər və yaşayış məntəqəsində hökumətə dəstək məqsədilə aksiyalar keçirilib. Serbiya prezident Aleksandr Vuçiç çıxışında bildirib ki, keçirilən aksiyalar hökumət əleyhdarlarına qarşı yönəlməyib. Onun sözlərinə görə, məqsəd etirazların zorakı formalarının qarşısını almaqdır.

ABŞ-ın texnologiya şirkəti “Microsoft”un Vaşinqton ştatındakı mərkəzi ofisi qarşısında əməkdaşlar və fəallar tərəfindən etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları şirkəti İsrail ordusu ilə əməkdaşlıqda ittiham ediblər. Məlumata görə, “Apartheid üçün Azure yoxdur” adlı qrupun təşkil etdiyi etiraz zamanı iştirakçılar çadırlar qurub, pankartlar açaraq şirkətin İsraillə müqavilələrini ləğv etməsini tələb ediblər. Həmçinin Microsoft-un binalarından birinə “Şəhid Fələstinli Uşaqları Plaza” yazılmış banner asılıb, ərazi sosial mediada “Azad edilmiş zona” kimi təqdim olunub

London polisi Böyük Britaniyada qadağan olunmuş təşkilatlar siyahısına salınan Fələstin tərəfdarı "Palestine Action" hərəkatına dəstək aksiyasında 365 nəfəri saxlayıb. London polisinin verdiyi açıqlamaya görə, digər hüquq pozuntularına görə daha yeddi nəfər həbs edilib, onlardan beşi polis əməkdaşına hücum etməkdə ittiham olunur. Məlumata görə, ciddi xəsarət alan olmayıb.

"Fələstinə Dəstək Platforması"na daxil olan vətəndaş cəmiyyəti təşkilatları, İsrailin Qəzza zolağında davam etdirdiyi hücumlara və blokadaya qarşı “Qəzzaya ümid ol” şüarı ilə İstanbulda yürüşə başlayıblar. İştirakçılar, əllərində fənərlər və məşəllərlə Ayasofya Məscidinə doğru irəliləyərkən, şəhərin müxtəlif yerlərindən gələn insanlar Qəzzaya dəstək şüarları səsləndiriblər. Yürüş boyu “Azad Fələstin” və “Qatil İsrail” şüarları eşidilib.