ABŞ vitse-prezidenti Cey Di Vens Ukrayna münaqişəsinə dair açıqlamasında Rusiyanın hədəflərini şərh edib. Vens bildirib ki, Kiyev uzunmüddətli perspektivdə ərazi bütövlüyünü qorumaq istəyir, Kreml isə əlavə torpaq iddialarını davam etdirir.
#Ukrayna-Rusiya müharibəsi
Estoniyanın baş naziri Kristen Mixal Ukraynaya “istəklilər koalisiyası” çərçivəsində hərbi kontingent göndərməyə hazır olduqlarını bəyan edib. Mixal bu barədə "Postimees" qəzetinə açıqlama verib. “Estoniya Ukraynaya bir rota hərbçi göndərməyə və bu ölkəyə dəstək göstərməyə hazırdır”, – deyə baş nazir vurğulayıb.
ABŞ prezidenti Donald Tramp Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə Avropa ölkələrinin rəhbərlik etdiyi “Çoxmillətli Ukrayna” koalisiyası üçün “NATO-ya bənzər təhlükəsizlik zəmanətləri” hazırlamağı tapşırıb. “The Wall Street Journal”ın məlumatına görə, bu tapşırıq Trampın avqustun 15-də Rusiya prezidenti Vladimir Putinlə nəticəsiz görüşündən sonra verilib. Rəsmilər bildiriblər ki, Keyn bu tapşırığı Böyük Britaniya, Fransa və Almaniyanın rəhbərlik etdiyi koalisiyanın təhlükəsizlik mexanizmlərini qurmaq üçün alıb. Tramp Fox News-a verdiyi müsahibədə Avropa liderlərinin ABŞ-dan daha çox müharibəyə cəlb olunduğunu qeyd edərək, “Bu bir növ təhlükəsizlik olacaq, lakin bu NATO ola bilməz; heç vaxt olmayacaq”- deyə bildirib.
NATO Baş katibi Mark Rütte, ABŞ prezidenti və Avropa İttifaqı liderləri ilə keçirilən sammitdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.Məlumata görə, söhbət zamanı Ukrayna ilə Rusiya arasındakı sülh prosesində son vəziyyət müzakirə olunub. Ərdoğan və Rütte həmçinin Qara dənizin təhlükəsizliyi məsələsinə toxunublar.
ABŞ Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri çərçivəsində bu ölkənin ərazisinə hərbi qüvvə göndərməyəcək. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlama verib.
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Rusiyaya qarşı 19-cu sanksiya paketini avqustun 28–dən 30-dək Brüsseldə keçiriləcək qeyri-rəsmi görüşdə müzakirə edəcəklər. Bu barədə Aİ-nin ali nümayəndəsi Kaya Kallas fövqəladə onlayn sammitdən sonra “X” sosial şəbəkəsində məlumat yayıb.
Böyük Britaniya müharibə başa çatdıqdan sonra Ukraynada seçkilərin keçirilməsinə dəstək göstərəcək. Bu barədə “Express” nəşri Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Oleq Didenkoya istinadən xəbər yayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. Söhbət zamanı ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüş, həmçinin Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən iclasın nəticələri müzakirə edilib.
Litva prezidenti Gitanas Nauseda Avropa İttifaqını (Aİ) Ukraynanın 2030-cu ildə quruma qəbul edilməsini rəsmiləşdirməyə çağırıb. Nauseda bu barədə “istəklilər koalisiyası”na daxil olan ölkələrin liderlərinin videokonfransında çıxış edərkən danışıb.
NATO ölkələrinin müdafiə nazirləri çərşənbə günü Ukrayna ilə bağlı videokonfrans keçirməyi planlaşdırır. Digər tərəfdən, Avropa İttifaqı (Aİ) ölkələri isə Vaşinqtonda aparılan danışıqların yekunlarına həsr olunmuş təcili onlayn sammiti başa çatdırır.
Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa liderlərinin Rusiyanın təhlükəsizlik maraqlarına məhəl qoymadığını bildirərək, Ukraynada yaşayan rus və rusdilli xalqların hüquqlarına hörmət edilmədən uzunmüddətli razılaşmaların mümkün olmayacağını vurğulayıb. Lavrov müsahibəsində NATO-nun şərqə doğru genişlənməsini və Avropa liderlərinin Rusiyaya qarşı sanksiya siyasətini Ukrayna böhranının əsas səbəbləri kimi qiymətləndirib. O, həmçinin Rusiya təhlükəsizliyinin təmin olunmasının sülh danışıqlarının prioritet şərti olduğunu qeyd edib.
ABŞ Prezidenti Donald Tramp Krımın Ukraynaya qaytarılmasının, eləcə də ölkənin NATO-ya üzvlüyünün mümkün olmadığını bəyan edib.