#Ukrayna-Rusiya müharibəsi

Ukrayna Dövlət Prezidenti Volodimir Zelenskiy Rusiyayla müharibənin sona çatdırılması məqsədilə danışıqların intensivləşdirilməsi üçün sabah Türkiyədə görüşlərin keçiriləcəyini açıqlayıb. Zelenskiy sosial media hesabından paylaşımında, bu gün İspaniyada görüşlərdə iştirak edəcəyini bildirib. Zelenskiy Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması üçün danışıqların sürətləndirilməsi məqsədilə hazırlıq apardıqlarını vurğulayıb.

Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin (MI6) rəhbəri Riçard Mur bu gün, cümə günü bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülh danışıqlarına maraq göstərdiyinə dair “heç bir dəlil” yoxdur. Mur bu fikirləri İstanbulda çıxış edərkən səsləndirib. Onun çıxışı zamanı Britaniya kəşfiyyatının “qara internetdən” (dark web) istifadə etməklə Rusiya və digər ölkələrdə yeni agentlər cəlb etmək və gizli məlumatlar toplamaq planlarını açıqlayıb.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinə qarşı səbri tükənir və Ukrayna müharibəsi fonunda sanksiyalar tətbiq edə bilər. Tramp bununla yanaşı, Kiyevin də müəyyən güzəştlərə getməsinin vacibliyini vurğulayıb. O, hər iki tərəfin razılaşmaya nail olmaq üçün töhfə verməsinin önəmini qeyd edib. “Putin razılaşmaq istəyəndə [Ukrayna Prezidenti Volodimir] Zelenski istəmədi. Zelenski istəyəndə isə Putin istəmədi. İndi Zelenski razıdır, amma Putinin mövqeyi sual altındadır. Biz çox sərt addımlar atmağa məcbur olacağıq”, – Tramp bildirib.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, “İstəklilər koalisasiyası”nın 26 üzv dövləti atəşkəs çərçivəsində Ukraynaya təhlükəsizlik qüvvələri yerləşdirməyi öhdəsinə götürüb. Makron ABŞ-ın, Ukraynanın, Avropa ölkələrinin və Koalisiya üzvlərinin Rusiya-Ukrayna müharibəsində sülhün tərəfdarı olduqlarını vurğulayıb. “Rusiya 2022-ci ildə müharibəni seçən yeganə ölkə idi. Necə ki, 2008-ci ildə Gürcüstanda, 2014-cü ildə isə Krım və Donbasda eyni addımı atmışdı. Rusiya bu gün də müharibəni davam etdirməyi, bəzən isə tərəfdaşların üstüörtülü razılığı ilə onu daha da şiddətləndirməyi seçən ölkədir” – deyə, o qeyd edib.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Moskvada ikitərəfli görüş keçirmək dəvətini rədd edib. Zelenski bu barədə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında danışıb. Onun sözlərinə görə, dəvət barədə məlumatı ona ABŞ-dakı tərəfdaşları çatdırıblar. Zelenski bir daha Kiyev üçün təhlükəsizlik zəmanətlərinin vacibliyini vurğulayaraq bunun ayrılmaz hissəsinin Ukrayna ordusu olduğunu bildirib. O, bunun üçün silah, maliyyə və hərbi təlimin zəruri olduğunu qeyd edib. Prezident əlavə edib ki, Parisdə “istəklilər koalisiyası” çərçivəsində aparılan danışıqların yekununda iştirakçılar Ukrayna ərazisində müəyyən mövcudluq yaratmaq barədə razılığa gəliblər. Bundan əvvəl Makron 26 ölkənin atəşkəsdən sonra Ukraynaya dəstək qüvvələri yerləşdirməyi rəsmən öhdəsinə götürdüyünü açıqlamışdı.

Almaniya Baş naziri Fridrix Merts, ölkəsinin Ukraynaya hərbi qüvvə göndərməsi ilə bağlı müzakirələrə son nöqtəni qoyaraq, atəşkəs təmin olunana qədər Ukraynaya alman əsgərlərinin göndərilməyəcəyini bəyan edib. Merts bəyan edib ki, hazırda Ukraynanın müttəfiqləri arasında atəşkəs və sülh sazişindən sonrakı mərhələyə dair təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar davam edir.

Avropanın aparıcı ölkələrinin liderləri, NATO rəhbərliyi və Avropa Komissiyasının sədri Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etmək üçün sentyabrın 4-də Parisdə toplaşacaqlar. Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçiriləcək görüşdə Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, NATO-nun baş katibi Mark Rütte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirak edəcəklər. Tərəflər Ukraynanın təhlükəsizliyi ilə bağlı təminatların müzakirəsini davam etdirəcəklər.