Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüş keçirib. Ərdoğan Orta Dəhliz ilə Çinin “Kəmər və Yol” təşəbbüsünün uyğunlaşdırılması üçün birgə addımların əhəmiyyətini vurğulayıb. O, ikitərəfli ticarətin balanslı və davamlı inkişafı üçün sərmayələrin önəmini qeyd edib. Xüsusilə rəqəmsal texnologiyalar, enerji, səhiyyə və turizm sahələrinin böyük potensiala malik olduğunu bildirib. Prezident əlavə edib ki, bu çərçivədə Çin şirkətlərinin Türkiyədə sərmayə yatırmaları üçün əlaqələndirmənin artırılması faydalı olacaq.
#Ukrayna-Rusiya müharibəsi
Aİ, Ukraynanın 2025-ci ilin martından etibarən qeyd-şərtsiz atəşkəsə sadiq qaldığını, lakin Rusiyanın hücumları gücləndirdiyini iddia edib. “Rusiya ölümlərə son qoymalı və sülh iradəsi göstərməlidir,” – deyə bəyanatda vurğulanıb. Aİ, Ukraynaya dəstəyini davam etdirəcəyini və 19-cu sanksiyalar paketi ilə Rusiyaya təzyiqi artıracağını açıqlayıb. Bu sanksiyaların hazırlanmasında ABŞ ilə əməkdaşlıq xüsusi olaraq qeyd olunub.
Almaniya kansleri Fridrix Merts Ukraynada sülhün mümkün qədər tez əldə olunmasını arzuladıqlarını, lakin bunun “hər hansı bir qiymətə” baş verməsinin qəbuledilməz olduğunu bildirib. Merts çıxışında əsas hədəfin Ukraynada silahların susması olduğunu vurğulayıb.
ABŞ Dövlət Departamenti, Ukraynaya təxminən 825 milyon dollar dəyərində “Havadan Təhvil Verilən Sursatlar” və əlaqəli logistik avadanlıqları əhatə edən hərbi satışa icazə verib. Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) yaydığı məlumata görə, Ukrayna 3 min 350 ədəd Uzun Mənzilli Hücum Sursatı (ERAM) və bu sistemlərlə uyğun Qlobal Pozisiya Müəyyənetmə Sistemləri də daxil olmaqla müxtəlif hərbi avadanlıqların tədarükünü istəyib. Satış paketi raket konteynerləri, ehtiyat hissələri, texniki sənədlər, proqram təminatı, təlim və digər logistik dəstəyi də əhatə edir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. Söhbət zamanı Rusiya ilə Ukrayna arasında sülhün təmin olunmasına dair təşəbbüslər müzakirə edilib. Fidan Türkiyənin bu prosesdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu vurğulayıb.
Rusiya, Ukrayna ilə davam edən müharibədə diplomatik həll yollarına üstünlük verdiyini bəyan etsə də, hava məkanında atəşkəslə bağlı heç bir razılaşmanın əldə olunmadığını açıqlayıb. AFP-nin yaydığı məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov Fransız xəbər agentliyinin sualını cavablandırarkən bildirib ki, “Rusiya Silahlı Qüvvələri üzərlərinə düşən vəzifələri yerinə yetirirlər və hərbi obyektlərə, eləcə də onlara yaxın infrastruktura hücumları davam etdirirlər.” Peskov eyni zamanda qeyd edib ki, Rusiya siyasi və diplomatik yollarla məqsədlərinə çatmaq üçün danışıqlar prosesində iştirakda maraqlıdır.
Kreml Rusiyanın Ukrayna ilə mümkün görüşünə dair mühüm açıqlamalar verdi. Kreml rəsmiləri, Ukrayna ilə görüş mövzusunda “əlaqə saxladıqlarını” bildirsələr də, hələlik dəqiq bir tarix müəyyən edilmədiyini qeyd ediblər. Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilə biləcək istənilən görüşün "yaxşı hazırlanmış" olmasının vacibliyinə diqqət çəkilib. Son olaraq açıqlamada, təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynada mümkün Avropa birliyi qüvvələrinin yerləşdirilməsinə Kreml tərəfindən qəti şəkildə mənfi yanaşıldığı vurğulanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski sülh prosesi üçün liderlər səviyyəsində danışıqlara hazır olduğunu bildirib. Digər tərəfdən, Zelenski Rusiyaya qarşı sanksiyalar və tariflər daxil olmaqla bütün variantların masada olması lazım olduğunu vurğulayıb. Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşdığı açıqlamada ABŞ-ın Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keith Kellogg ilə görüşdüklərini bildirib. Zelenski Trampın sülhü təmin etmək mövzusundakı qətiyyətinə diqqət çəkərək“ABŞ-nin Ukraynanın təhlükəsizlik strukturlarında rol almağa hazır olmasını dəyərləndiririk. Komandalarımız da bu strukturu qurmaq üçün aktiv şəkildə işləyirlər.”- deyə qeyd edib. Zelenski, Rusiyanı danışıqlara məcbur etmək üçün sanksiyalar və tariflər daxil olmaqla bütün vasitələrin masada qalmalı olduğunu qeyd edərək bildirib ki, “Biz liderlər formatında görüşməyə hazırıq. Əsas məsələlərin həlli üçün bu format zəruridir. Artıq Moskvadan da eyni qətiyyət gözlənilir.” - deyə Zelenski qeyd edib.
Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin bu səhər Krıma pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini bildirib. Səhər saatlarında hava hücumundan müdafiə qüvvələri yarımada üzərində ümumilikdə 8 dronu zərərsizləşdirib.
Avropa İttifaqına (Aİ) üzv ölkələrin müdafiə nazirləri Ukraynaya hərbi dəstəyin artırılması və Kiyevin müdafiə sənayesinin dəstəklənməsi məsələsini müzakirə edəcəklər. Nazirlər cümə axşamı axşam yeməyində bir araya gələcək, cümə günü isə hərbi dəstəyin genişləndirilməsi istiqamətində addımlar müzakirə olunacaq.
Rusiya Ukrayna münaqişəsinin həlli üzrə aparılan danışıqlarda çeviklik nümayiş etdirir, ABŞ isə prosesi vicdanla aparır. Bu sözləri ABŞ-ın vitse-prezidenti Cey Di Vens "NBC News" telekanalına müsahibəsində səsləndirib.
Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub. 146 rus hərbçisi Ukraynanın nəzarətində olan ərazilərdən geri qaytarılıb, əvəzində isə 146 Ukraynalı hərbçi təhvil verilib. Bununla yanaşı, Kursk vilayətinin səkkiz sakini də geri qaytarılıb.