Misir Prezidenti Əbdülfəttah əs-Sisi Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Misir Rəyasət Heyətinin çərşənbə axşamı verdiyi məlumata görə, bu, ABŞ-ın Qəzzada müharibəni dayandırmaq üçün hazırladığı planın ikinci mərhələsinə başladığını elan etməsindən sonra iki lider arasında keçirilən ilk rəsmi görüş olacaq.
#Trampın Qəzza planı
ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Qəzzada atəşkəs prosesi çərçivəsində yaradılan "Sülh Şurası"na qatılmaqdan imtina edəcəyi təqdirdə rəsmi Parisə qarşı sərt iqtisadi sanksiyalar tətbiq edəcəyini bəyan edib. Tramp Makronun bu dəvətə müsbət yanaşmadığı barədə iddialara cavab olaraq Fransadan idxal edilən şərab və şampanlara 200 faiz gömrük rüsumu tətbiq edə biləcəyini bildirib.
İsrail rəhbərliyi ABŞ administrasiyasının çağırışlarına rəğmən, Qəzza zolağının Misir ilə sərhədində yerləşən Rəfah Sınır Qapısını qapalı saxlamaq qərarına gəlib. "Yedioth Ahronot" qəzetinin yüksək rütbəli İsrail rəsmisinə istinadən verdiyi məlumata görə, bazar günü axşam saatlarında toplanan İsrail Təhlükəsizlik Kabineti sərhəd keçid məntəqəsinin fəaliyyətinin bərpa edilməməsi barədə yekdil qərar qəbul edib.
İsrailin maliyyə naziri Betsalel Smotriç Baş nazir Benyamin Netanyahunu ABŞ-ın rəhbərlik etdiyi və Donald Trampın Qəzza planını dəstəkləyən koordinasiya mərkəzini bağlamağa çağırıb. ifrat sağçı nazir Kiryat Qat şəhərində yerləşən Mülki-Hərbi Koordinasiya Mərkəzinin (CMCC) dərhal ləğv edilməsinin vaxtının çatdığını bildirib. Smotriç bu mərkəzdə təmsil olunan Britaniya və Misir kimi ölkələrin İsrailə qarşı düşmən mövqe tutduğunu və ölkənin təhlükəsizliyinə zərbə vurduğunu iddia edərək onların qurumdan kənarlaşdırılmasını tələb edib. Qeyd edək ki, sözügedən mərkəz ötən ilin oktyabrında Trampın Qəzza müharibəsini bitirmək planı çərçivəsində humanitar yardımları və müharibədən sonrakı planlaşdırmanı idarə etmək üçün yaradılıb.
HƏMAS hərəkatı İsrail həbsxanalarında saxlanılan fələstinlilərin beynəlxalq birliyin səssizliyi fonunda insanlıq dışı rəftara məruz qaldığını bəyan edib. HƏMAS tərəfindən yayımlanan yazılı açıqlamada fələstinli məhbusların sistematik işkəncə, pis rəftar və ağır həyat şəraiti ilə üz-üzə olduğu bildirilir. Hərəkat beynəlxalq ictimaiyyəti bu acılara son qoymaq üçün təcili hərəkətə keçməyə çağırıb. Açıqlamada qeyd olunur ki, həbsxanalarda tətbiq edilən fiziki və psixoloji təzyiqlər, qəsdən tibbi laqeydlik və ailə görüşlərinə qoyulan qadağalar insanlıq vicdanını sarsıdan həddə çatıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampın təklif etdiyi "Sülh Şurası"na daxil olmaq barədə dəvəti qəbul edib. Bu barədə bazar ertəsi dövlət başçısının mətbuat katibi Ruslan Jeldibay məlumat yayıb. Məlumata görə Tokayev Yaxın Şərqdə sabit sülhün bərqərar olmasına töhfə vermək niyyətindədir. Qazaxıstan lideri Donald Trampa ünvanladığı cavab məktubunda yeni birliyə qoşulmağa razılıq verdiyini və ölkəsinin qlobal sabitliyin gücləndirilməsi istiqamətində üzərinə düşən öhdəliyi yerinə yetirəcəyini təsdiqləyib. Qeyd olunub ki Tokayev bu təklifi alan ilk dünya liderlərindən biri olub.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanettin Duran BMT Təhlükəsizlik Şurasının 2803 saylı qərarı ilə ABŞ Prezidenti Donald Tramp tərəfindən açıqlanan Qəzza münaqişəsinə son qoymaq üçün Kompleks Planın dəstəklənməsinə qərar verildiyini xatırladıb. Bu çərçivədə Qəzzada təhlükəsizliyin təmin edilməsi və bölgənin yenidən qurulmasından məsul olacaq Sülh Şurası və müvafiq qurumların təsis edildiyi bildirilib.
İsrailin atəşkəsə baxmayaraq humanitar yardımın girişini məhdudlaşdırdığı Qəzza zolağında daha bir uşaq ölümü qeydə alınıb. Xan Yunis şəhərində 27 günlük körpə kəskin soyuq hava şəraiti səbəbindən həyatını itirib. Səhiyyə mənbələrindən verilən məlumata görə, Aişə Ayiş əl-Ağa adlı 27 günlük körpə bu gün Xan Yunisdə şiddətli soyuq səbəbindən dünyasını dəyişib. Körpənin ölümü ilə birlikdə, qış mövsümünün başlanğıcından bu yana Qəzza zolağında həddindən artıq soyuq səbəbilə həyatını itirən uşaqların sayı 8-ə çatıb.
İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində həlak olanların sayının 71 min 409 nəfərə yüksəldiyi bildirilib. Qəzzadakı Səhiyyə Nazirliyi tərəfindən yayımlanan yazılı açıqlamada İsrailin hücumları nəticəsində qeydə alınan itkilər və dağıntılar altından çıxarılan yeni cəsədlərlə bağlı son məlumatlar paylaşılıb. Məlumata görə, İsrail hücumları nəticəsində həyatını itirən 14 fələstinlinin nəşi xəstəxanalara çatdırılıb, hücumlar zamanı 17 nəfər yaralanıb.
İspaniya Baş naziri Sançez Ukrayna, Qəzzanın və Venesuelanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını bildirib. Bu barədə İspaniya Baş naziri Pedro Sançez sosial mediada hesabında paylaşım edib. "Bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət müzakirə mövzusu olmayan bir prinsipdir. Ukraynadan Qəzzaya, o cümlədən Venesuelaya qədər". - deyə Sançez qeyd edib. ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın "çox strateji" bir yer olduğu və ölkəsinin bu bölgəyə milli təhlükəsizlik səbəbləri ilə ehtiyac duyduğu barədə açıqlamasına cavab olaraq Sançez bildirib ki, "İspaniya həmişə Birləşmiş Millətlər Təşkilatına fəal şəkildə sadiq qalacaq və Danimarka və Qrenlandiya xalqları ilə tam həmrəylik nümayiş etdirəcək".
Fələstinli Jurnalistlər Birliyi bildirib ki, İsrail qüvvələri dekabr ayında fələstinli jurnalistlərə qarşı öldürmə, yaralama, saxlanılma, hücum və xəbər izləməsinin əngəllənməsini əhatə edən 99 pozuntu həyata keçirib. Birliyin “Mətbuat azadlığının reallığı” adlı aylıq hesabatında qeyd olunub ki, bu dövrdə İsrail qüvvələri fələstinli jurnalistləri sistemli şəkildə hədəfə alıb, təzyiq və məhdudiyyətlər yüksək səviyyədə davam edib. İsrail qüvvələrinin həyat və təhlükəsizliyə yönəlmiş ağır pozuntuları çərçivəsində Qəzza zolağında vəzifəsini yerinə yetirərkən bir jurnalistin həlak olduğu, birbaşa hədəfə alma və bombardman nəticəsində iki jurnalistin yaralandığı, həmçinin iki jurnalistin yaxınlarının həyatını itirdiyi bildirilib.
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidlə bağlı təhlükəsizlik üzrə məsləhətləşmə toplantısı keçirəcək.