#Hizbullah və Livan münaqişəsi

ABŞ Müdafiə Nazirliyi, Livan Ordusunun Hizbullahı silahsızlaşdırma səylərini dəstəkləmək məqsədilə 14,2 milyon dollarlıq təhlükəsizlik yardım paketini təsdiqlədiyini açıqlayıb. Pentaqonun bəyanatında bildirilib ki, yardım paketi Livan Ordusunun imkanlarını artırmağı, həmçinin Hizbullahın silah anbarları və paylama şəbəkələrinə nəzarəti gücləndirməyi hədəfləyir. Bundan başqa, bu dəstəyin Livanın suverenliyini möhkəmləndirməyə və bölgədə sabitliyin təmin edilməsinə töhfə verəcəyi vurğulanıb.

Avqust ayının sonunda İrandan yüksək rütbəli bir iraqlı rəsmiyə göndərilən məktubda ölkənin qərbindəki rəsmi sərhəd-keçid məntəqəsindən qeyri-adi güzəştlərin göstərilməsi istənilib. Məqsəd Livan “Hizbullah”ına Suriyadan keçməklə böyük məbləğdə pul daşınmasını təmin etmək idi. Məsələnin həssaslığı səbəbindən adının açıqlanmasını istəməyən iraqlı rəsmi bildirib ki, müraciətə təhlükəsizlik və siyasi səbəblərdən müsbət cavab verilməyib. Suriyalı və livanlı mənbələrin məlumatına görə, son həftələrdə İranın “Hizbullah”a yardım göndərmək cəhdləri artıb. Qaçaqmalçılıq əməliyyatlarının bir qismi ifşa edilsə də, müəyyən məbləğlərin gizli şəbəkələrin köməyi ilə Livana çatdığı iddia olunur. ABŞ isə hazırda milyonlarla dolların necə “Hizbullah”a ötürüldüyünü izləməyə çalışır.

Livan parlamentinin spikeri Nəbih Berri siyasi partiyalara müraciət edərək, Hizbullahın silahlı dəstələrinin tərksilahı məsələsini müzakirə etmək üçün ümummilli dialoqun başlanmasını təklif edib. “Sakit və konsensus əsaslı dialoq milli təhlükəsizlik strategiyasının hazırlanmasına, həmçinin müqavimət qüvvələrinin əlindəki silahların taleyinin müəyyən edilməsinə imkan yaradacaq” – deyə o bildirib. Spikerin sözlərinə görə, Hizbullahın silahı “Livanın qürurudur” və ötən il ölkəni İsrail təcavüzündən qorumaqda mühüm rol oynayıb. O vurğulayıb ki, Hizbullahın silahlarının Livan ordusuna təhvil verilməsi xarici təzyiq altında həyata keçirilə bilməz. Berri həmçinin qeyd edib ki, Livan hökuməti 2024-cü il noyabrın 27-də imzalanmış atəşkəs sazişinə uyğun bütün öhdəliklərini yerinə yetirib. “İsrail isə əksinə, beş sərhəd rayonunu hələ də nəzarətdə saxlayır, aqressiv fəaliyyətini davam etdirərək livanlıları öldürür və 30-dan çox yaşayış məntəqəsinin sakinlərinin evlərinə qayıtmasına mane olur” – deyə o əlavə edib.

Hizbullahın baş katibi Naim Qasım bəyan edib ki, Livan hökuməti ölkənin suverenliyini bərpa etmək üçün plan hazırlamağa məsuldur. Ohökuməti ictimai etimadın bərpası məqsədilə intensiv müzakirələr aparmağa çağırıb, siyasi partiyaları isə bu planların reallaşdırılmasına dəstək verməyə dəvət edib. Qasım vurğulayıb ki, hökumət suverenliyin bərpası, ordunun silahlandırılması və milli müdafiə strategiyasının formalaşdırılması istiqamətində addımlar atmalıdır. Onun sözlərinə görə, Livanın əsas problemləri İsrail və ABŞ-ın dəstəyi ilə bağlıdır.

Hizbullahın sabah Beyrutun mərkəzində aksiya keçirmək barədə əvvəlki çağırışından geri çəkildiyi bir vaxtda, Livanın daxili işlər naziri Əhməd Həccar bütün tərəflərin maraqlarına uyğun olan yolun silahların dövlətə təhvil verilməsi olduğunu vurğulayıb. Həccar bu gün “Əl-Ərəbiyyə” telekanalına açıqlamasında bildirib ki, Livanda heç kim vətəndaş müharibəsi istəmir. O, hökumətin son qərarlarına qarşı keçirilə biləcək etiraz aksiyalarına da toxunaraq qeyd edib ki, təhlükəsizlik qüvvələri hər hansı zorakılığın qarşısını alacaq.

Bu gün Livan hakimiyyəti fələstinli qaçqın düşərgələrindəki silahların təhvil alınmasına başlayır. Bu addım təxminən üç ay əvvəl tərəflər arasında razılaşdırılmış planın birinci mərhələsinin icrası çərçivəsində, həm də Beyrutun silahların yalnız dövlətin nəzarətində cəmləşdirilməsi istiqamətindəki səylərinin bir hissəsi olaraq həyata keçirilir.

İsrail ordusu Livanın cənubundakı Şəkif təpəsi bölgəsində Hizbullaha məxsus hərbi infrastruktur və yeraltı obyektləri hava zərbələri ilə hədəf alıb. Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, hücumlar bölgədə müşahidə edilən hərbi fəaliyyətlərdən sonra həyata keçirilib. İsrail tərəfi bu obyektlərin mövcudluğunu İsrail–Livan razılaşmalarının pozulması kimi qiymətləndirib.

Livanın ədliyyə naziri Adil Nəssar, silahlarını təhvil verməkdən imtina edən Hizbullaha xəbərdarlıq edib. Nəssar açıqlamasında bəzi şəxslərin silahı müdafiə adı ilə Livanı məhv etməklə hədələməsinin, “bu silahlar guya ölkəni qorumaq üçündür” iddiasını tamamilə aradan qaldırdığını bildirib.