#İkitərəfli münasibətlər

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz ABŞ-ın Ankaradakı səfiri Tom Barrakı qəbul edib. Görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın konkret sahələr üzrə dərinləşdirilməsi məsələləri müzakirə olunub. Yılmaz bildirib ki, danışıqlar zamanı iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Bu gün Qırğızıstan Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə Özbəkistan Respublikasının xarici işlər naziri Bəxtiyor Saidov arasında telefon danışığı baş tutub. Danışıq zamanı tərəflər Qırğızıstan–Özbəkistan əməkdaşlığının aktual məsələlərini müzakirə edərək, beynəlxalq nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsinə, eləcə də Qırğızıstan–Özbəkistan dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyətinin optimallaşdırılmasına yönəlmiş tədbirlərə xüsusi diqqət ayırıblar.

Azərbaycan-İtaliya Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli imzalayıblar. Tədbir çərçivəsində eyni zamanda 2026-2027-ci illərdə 18 istiqamət üzrə 65 tədbirin icrasını nəzərdə tutan Fəaliyyət Planı qəbul edilib.

Azərbaycan ilə İtaliya arasında 2026-2027-ci illərdə 18 istiqamət üzrə 65 tədbir həyata keçiriləcək. Bildirilib ki, müzakirələr zamanı siyasi əməkdaşlıq, ticari-iqtisadi, sənaye, energetika, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı aktual məsələlər nəzərdən keçirilib.

Bakıda Azərbaycan–İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilir. Azərbaycan tərəfdən Komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellidir. Tədbirdə Azərbaycan və İtaliya hökumətlərini təmsil edən rəsmi şəxslər, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.

Malayziyanın Baş naziri Ənvər İbrahim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 6–8 yanvar tarixlərində Türkiyəyə rəsmi səfər edəcək. Məlumata əsasən, səfər çərçivəsində 7 yanvar tarixində Türkiyə–Malayziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək. Bu toplantı iki ölkə arasında institusional əməkdaşlığın ən yüksək səviyyədə təsis olunması baxımından tarixi əhəmiyyət daşıyır.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan bazar günü axşam saatlarında rəsmi səfər çərçivəsində Qahirəyə gedib. Səfər Səudiyyə Ərəbistanı ilə Misir arasında siyasi dialoqun intensivləşməsi fonunda baş tutur. Nazir bazar ertəsi ( bu gün) Misirin dövlət başçısı Əbdülfəttah əs-Sisi ilə görüşəcək. Eyni zamanda, Misirin xarici işlər naziri Bədr Abdelatti ilə ikitərəfli danışıqlar planlaşdırılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, dəvətini qəbul edərək Türkiyəyə gələn Somaliya Prezidenti Həsən Şeyx Mahmudu qəbul edib. Prezident Ərdoğan, Somaliya Prezidentini, Prezidentlik Dolmabahçe Ofisində rəsmi mərasimlə qarşılayıb. Mərasimdən sonra Prezident Ərdoğan ilə Mahmud arasında ikitərəfli görüş baş tutub.

29 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili arasında telefon danışığı baş tutub. Bildirilib ki, nazirlər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin münasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Növbəti ildə də yüksək səviyyəli siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan arasında telefon danışığı baş tutub. Danışıq zamanı tərəflər İran və Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin inkişafını, həmçinin regionda və beynəlxalq aləmdə baş verən əsas prosesləri müzakirə ediblər. Nazirlər siyasi məsləhətləşmələrin davam etdirilməsinin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin ortaq maraqlara və regional sabitliyə töhfə verəcəyini vurğulayıblar.