#İkitərəfli əlaqələr

Türkiyə ilə Nigeriya arasında müxtəlif sahələri əhatə edən 9 mühüm əməkdaşlıq sazişi imzalanıb. Sənədlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Nigeriya Prezidenti Bola Əhməd Tinubunun iştirakı ilə Prezident Sarayında keçirilən görüşlərdən sonra rəsmiləşdirilib.

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Liviya Baş Naziri Əbdülhəmid Dibeybə ilə enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Bayraktar, Türkiyə–Liviya 22-ci Dönəm Karma İqtisadi Komissiya (KEK) iclasına başçılıq etmək üçün gəldiyi səfərdə Baş Nazir Dibeybə ilə görüşüb.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə 2026-cı il üçün birgə tədbirlər planı imzalanıb. Bildirilib ki, sənədə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək birgə tədbirlərin yeri, icra vaxtı və məsul şəxslər müəyyənləşdirilib.

Çinin xarici işlər naziri Van İ, İranda iqtisadi çətinliklər fonunda davam edən kütləvi etirazlar şəraitində Tehrana siyasi dəstək mesajı verib. Van İ bildirib ki, Pekin İran hökumətinin və xalqının birgə səylərlə çətinliklərin öhdəsindən gələcəyinə, milli sabitliyi qoruyacağına, həmçinin qanuni hüquq və maraqlarını müdafiə edəcəyinə inanır. O, eyni zamanda ABŞ-nin İrana mümkün müdaxiləsi ilə bağlı narahatlıqlara toxunaraq, Çinin beynəlxalq münasibətlərdə güc tətbiqinə, təhdid siyasətinə və bir dövlətin iradəsinin digərlərinə zorla qəbul etdirilməsinə qəti şəkildə qarşı olduğunu vurğulayıb.

Bu gün Qırğızıstan Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə Özbəkistan Respublikasının xarici işlər naziri Bəxtiyor Saidov arasında telefon danışığı baş tutub. Danışıq zamanı tərəflər Qırğızıstan–Özbəkistan əməkdaşlığının aktual məsələlərini müzakirə edərək, beynəlxalq nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsinə, eləcə də Qırğızıstan–Özbəkistan dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyətinin optimallaşdırılmasına yönəlmiş tədbirlərə xüsusi diqqət ayırıblar.

Azərbaycan-İtaliya Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli imzalayıblar. Tədbir çərçivəsində eyni zamanda 2026-2027-ci illərdə 18 istiqamət üzrə 65 tədbirin icrasını nəzərdə tutan Fəaliyyət Planı qəbul edilib.

Azərbaycan ilə İtaliya arasında 2026-2027-ci illərdə 18 istiqamət üzrə 65 tədbir həyata keçiriləcək. Bildirilib ki, müzakirələr zamanı siyasi əməkdaşlıq, ticari-iqtisadi, sənaye, energetika, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı aktual məsələlər nəzərdən keçirilib.

Bakıda Azərbaycan–İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilir. Azərbaycan tərəfdən Komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellidir. Tədbirdə Azərbaycan və İtaliya hökumətlərini təmsil edən rəsmi şəxslər, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.

Malayziyanın Baş naziri Ənvər İbrahim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 6–8 yanvar tarixlərində Türkiyəyə rəsmi səfər edəcək. Məlumata əsasən, səfər çərçivəsində 7 yanvar tarixində Türkiyə–Malayziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək. Bu toplantı iki ölkə arasında institusional əməkdaşlığın ən yüksək səviyyədə təsis olunması baxımından tarixi əhəmiyyət daşıyır.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan bazar günü axşam saatlarında rəsmi səfər çərçivəsində Qahirəyə gedib. Səfər Səudiyyə Ərəbistanı ilə Misir arasında siyasi dialoqun intensivləşməsi fonunda baş tutur. Nazir bazar ertəsi ( bu gün) Misirin dövlət başçısı Əbdülfəttah əs-Sisi ilə görüşəcək. Eyni zamanda, Misirin xarici işlər naziri Bədr Abdelatti ilə ikitərəfli danışıqlar planlaşdırılır.