#Qəzza münaqişəsi

ABŞ Prezidenti Donald Tramp Qəzzada əldə olunan atəşkəsin ardından 4 saatdan az davam edəcək səfər çərçivəsində İsrailə gəlib. Trampı daşıyan təyyarə Təl-Əviv yaxınlığındakı Ben Gurion Hava Limanına enib. Qəzzada əldə olunan atəşkəsdən sonra bölgəyə gələn Tramp Ben Gurion Hava Limanında rəsmi mərasimlə qarşılanıb. Onu İsrail Prezidenti İsxak Hersoq, Baş nazir Benyamin Netanyahu və bir çox nazir və rəsmi şəxs qarşılayıb.

İsrailin iki ilə yaxın davam edən hərbi əməliyyatlarından sonra minlərlə fələstinli öz evlərinə qayıtmağa başlayıb. Lakin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) bu gün açıqlayıb ki, Qəzza zolağında binaların 80 faizi ya tamamilə dağıdılıb, ya da ağır zərər görüb, əhalinin isə demək olar ki, hamısı məcburi köçkünə çevrilib. Agentliyin hesabatına görə, 2023-cü ilin oktyabrında başlayan müharibədən bəri səhiyyə müəssisələrinə və tibb işçilərinə qarşı 790-dan çox hücum qeydə alınıb.

ABŞ-ın prezidenti Donald Trampın İsrailə planlaşdırılan səfəri çərçivəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus altı ədəd C-17 “Globemaster III” tipli hərbi nəqliyyat təyyarəsi İsrailə doğru yola düşüb. Bu barədə məlumatı İsrailin 12-ci kanalı yayıb. Bildirilib ki, təyyarələrin göndərilməsi Trampın səfərinə hazırlıq məqsədi daşıyır. C-17 tipli təyyarələr əsasən strateji və taktiki daşımalar, hərbi personal və texnikanın beynəlxalq miqyasda nəqli üçün istifadə olunur.

11 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Yaxın Şərqdə vəziyyət və Qəzza üzrə razılaşmadan irəli gələn məsələlər müzakirə edilib. Türkiyənin bu əhəmiyyətli razılıqda oynadığı uğurlu vasitəçilik səyləri təqdir olunub.

İsrail ordusunun Qəzza zolağından qismən geri çəkilməsi və atəşkəsin qüvvəyə minməsindən sonra yüz minlərlə fələstinli Qəzzənin mərkəzi və cənub bölgələrindən şimal istiqamətinə qayıtmağa davam edir. İsrailin hücumları zamanı evlərini tərk etmək məcburiyyətində qalan minlərlə fələstinli, sığındıqları mərkəzləri tərk edərək, Qəzza şəhəri və şimal bölgələrdə yerləşən evlərinə doğru yola çıxıblar.

Qəzzada atəşkəsin qüvvəyə minməsindən sonra humanitar yardım karvanları bölgəyə daxil olmağa başlayıb. Türk Qızıl Ayparası bu çərçivədə bu gün Qəzzaya 5 yardım tırının çatdığını açıqlayıb. Qurumun verdiyi məlumata görə, göndərilən hər bir yardım tırı Qəzza xalqına həm maddi, həm də mənəvi dəstək daşıyır.

Fələstin Səhiyyə mənbələrinin məlumatına görə, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 155 şəhidin cəsədi çatdırılıb, onlardan 135 nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Bu barədə WAFA Fələstin Xəbər Agentliyi məlumat yayıb. Mənbələrə əsasən, cümə günü İsrail ordusunun atəşi nəticəsində 19 fələstinli həlak olub, daha bir nəfər isə əvvəlki yaralanmalarından dünyasını dəyişib.

Son dövrlərdə Netanyahu özünü dünyaya qarşı tək vəziyyətdə gördü; BMT-dəki səhnə hər şeyi əks etdirdi: dünya bir tərəfdə, Netanyahu isə digər tərəfdə təcrid olunmuş və kənarda qalmış vəziyyətdə idi.Bu, bir neçə əlamətdən başladı: bir neçə gün öncə BMT-yə gedərkən onun təyyarəsinin Avropa hava məkanından keçməməsi, məhz Məhkəmə qarşısında çıxarılacaq həbs qərarından qorxma səbəbi ilə idi; BMT-dəki çıxışı zamanı salonun boş və soyuq görünməsi, səfir və nümayəndələrin çıxıb getməsi onun görünüşünü solğunlaşdırdı.