#Qəzza münaqişəsi

Fələstin rəhbərliyi, İsraildə fələstinli məhbuslara ölüm cəzası verilməsini nəzərdə tutan qanun layihəsini “müharibə cinayətlərinin rəsmi elan edilməsi” kimi qiymətləndirib və bunu dəstəkləyənlərin cəzalandırılmasını tələb edib. Fələstin Xarici İşlər Nazirliyi, fələstinli məhbuslara ölüm cəzası verilməsini nəzərdə tutan qanun layihəsinin İsrail Parlamentinin Milli Təhlükəsizlik Komissiyası tərəfindən qəbul edilməsindən sonra yazılı açıqlama yayıb.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi 3 yaşdan kiçik uşaqlar üçün tamamlama peyvəndi kampaniyasının başladığını elan edib. Nazirliyin açıqlamasına görə, kampaniya Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnfrastruktur Agentliyi (UNRWA), Fələstin Qızıl Aypara Cəmiyyəti, BMT-nin Beynəlxalq Uşaqlara Yardım Fondu (UNICEF) və Dünya Səhiyyə Təşkilatının (DST) dəstəyi ilə həyata keçiriləcək.

Qətərin Baş naziri və Xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al-Thani bildirib ki, Fələstin xalqının maraqlarının effektiv şəkildə müdafiə edilməsi və idarəetmənin təmin olunması üçün vahid rəhbərlik əsas şərtdir. O, müvafiq fikirləri CNN-in aparıcısı Fərid Zakariyaya verdiyi müsahibədə dilə gətirib. Baş nazir qeyd edib ki, Doha qətiyyətlə Fələstin Administrasiyasını (PA) Qəzza və İordan çayı qərb sahəsinin idarəçiliyinə cavabdeh yeganə qurum kimi görür. “Əslində biz istəyirik ki, Fələstin Administrasiyası Qəzza və Qərb Sahilinin idarəçiliyinə cavabdeh yeganə qurum olsun.”-deyə o qeyd edib.

İsrailin keçmiş hərbi baş prokuroru, general-mayor Yifat Tomer Yeruşalmi, fələstinli məhbusun döyülməsini göstərən sızdırılmış videoya görə həbs olunub. Məlumata görə, cümə günü istefa verən Tomer Yeruşalmi videonun sızdırılması ilə bağlı polis araşdırmasına mane olmaqda şübhəli bilinir. O, istefa ərizəsində videonu yenidən göndərdiyini etiraf edib və bunu “hərbi hüquq-mühafizə orqanlarına qarşı aparılan yalan təbliğata cavab vermək” məqsədi ilə etdiyini bildirib.

ABŞ-nin Türkiyə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, Qəzzada əldə olunan atəşkəsi dəyərləndirərək bildirib ki, Türkiyənin iştirakı olmasa, tərəflər razılığa gələ bilməzdi. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu səbəbdən Prezident Rəcəb Tayyib Ərdoğana dörd dəfə təşəkkür edib.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan İstanbulda HƏMAS Siyasi Büro üzvləri ilə görüş keçirib. Görüş zamanı Qəzzadakı atəşkəs vəziyyəti, bölgədə humanitar yardıma olan tələbat və münaqişənin təsirlərinin azaldılması istiqamətində atıla biləcək addımlar müzakirə olunub. Həmçinin tərəflər bölgədə sülhün və sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayıblar. Görüşün məqsədi, Qəzza ilə bağlı davam edən diplomatik səyləri gücləndirmək və humanitar yardımın daha effektli şəkildə çatdırılmasını təmin etmək olub.

Fələstinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Riyad Mənsur İsrailin Qəzza zolağındakı atəşkəs razılaşmasını dəfələrlə pozduğunu bildirərək, razılaşmanın “son dərəcə kövrək” vəziyyətdə olduğunu vurğulayıb. Fələstinin rəsmi WAFA agentliyinin xəbərinə görə, Mənsur İsrailin Qəzzədə fələstinlilərə qarşı 700 gündən artıq davam edən hücumları ilə bağlı BMT baş katibi Antonio Quterreşə, BMT Təhlükəsizlik Şurasının sədrinə və BMT Baş Assambleyasının sədri Annalena Baerbocka məktublar göndərib.

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi basqınlarda 9 nəfəri saxladığı bildirilib. Yerli mənbələrin verdiyi məlumata görə, İsrail əsgərləri qərb sahilinin şimalında yerləşən Cenin şəhərinin cənubundakı Kabatiya qəsəbəsində bir evə basqın ediblər. Evdə axtarış aparan əsgərlər 3-ü qardaş olmaqla 4 nəfəri həbs ediblər. İsrail qüvvələri, həmçinin Kabatiyada evinə basqın etdikləri Məhəmməd Əbu ər-Rubu ağır şəkildə döyüblər.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir bu gün “Telegram” kanalında yayımlanan yeni video ilə yenidən mübahisələrə səbəb olub. Kadrda nazir yerə uzadılmış, əlləri arxadan qandallanmış fələstinli məhbusların qarşısında dayanır və İsrailin “terrorçu” adlandırdığı şəxslərə edam cəzasının tətbiq olunmasını tələb edir.

İstanbul, TRT World Forum – Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda bu il “Qlobal Yenidənqurma: Köhnə Dünyadan Yeni Reallıqlara” mövzusunda keçirilən TRT World Forumunun açılış nitqində çıxış edib. Ərdoğan bildirib ki, iki illik zülmdən sonra, Türkiyənin dəstəyi ilə HƏMAS və İsrail arasında atəşkəs razılaşması əldə edilib və Qəzzalılar ilk dəfə rahat nəfəs ala biliblər. HƏMAS razılaşmaya riayət edərkən, İsrail isə atəşkəsi pozmaq üçün fürsət gözləyir və son günlərdə yenidən yüzdən çox Qəzzalı şəhid olub, onların çoxu uşaqdır.

Livanın Baş naziri Nəvvaf Səlam cümə günü bildirib ki, hökumət Fələstin düşərgələrindəki silahlanma məsələsi ilə bağlı ciddi addımlar atıb və bir daha vurğulayıb ki, silah yalnız dövlətin əlində olacaq və bu mövzuda geri dönüş yoxdur. Rəsmi “Livan Milli İnformasiya Agentliyi”nin məlumatına görə, bunu Səlam təhlükəsizlik vəziyyəti və silahın təkcə dövlət tərəfindən idarə olunmasına dair sualı cavablandıraraq deyib.