#Qəzza münaqişəsi

Türkiyənin də aralarında olduğu 9 ölkə, hazırda BMT Təhlükəsizlik Şurasının gündəmində müzakirə edilən Qəzza ilə bağlı qətnaməyə birgə dəstək açıqlayıb. Türkiyə, ABŞ, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İndoneziya, Pakistan və İordaniyanın BMT-dəki daimi nümayəndəlikləri Qəzza qətnaməsi ilə bağlı ortaq bəyanat yayıb.

İndoneziya müdafiə naziri bildirib ki, ölkə Qəzzada planlaşdırılan sülhməramlı əməliyyat üçün səhiyyə və tikinti tapşırıqları üzrə maksimum 20 min əsgər hazırlayıb. Hazırlıqlar ABŞ-ın təşəbbüsü ilə çoxmillətli sabitləşdirmə qüvvəsi yaradılması planları çərçivəsində həyata keçirilir. Qoşunların nə zaman yerləşdiriləcəyi və hansı mandatla fəaliyyət göstərəcəyi hələ qərara bağlanmayıb.

İordan çayının qərb sahilində qeyri qanuni məskunlaşan radikal yəhudilər, bu gün sübh tezdən Səlfitin şimal-qərbində yerləşən Hacı Hömeydə məscidini yandırıblar. Fələstinli fəal Nəzmi əs-Səlman bildirib ki, hadisə Deiristiya və Kəfl Həris qəsəbələri arasında baş verib. Məlumatda qeyd edilir ki, məscidə daxil olan radikal yəhudilər, məscidin girişinə yandırıcı maddə töküblər. “Alovun bütün məscidə yayılmasının qarşısı sakinlərin müdaxiləsi ilə alınıb. Məscidin divarlarına ərəblərə və müsəlmanlara qarşı irqçi şüarlar yazılıb”-deyə məlumatda qeyd edilir.

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Bərpa Agentliyi (UNRWA) bildirib ki, İsrailin iki il davam edən soyqırımı nəticəsində Qəzza zolağında 282 mindən çox ev dağıdılıb və ya zərər görüb. UNRWA-nın ABŞ mərkəzli X sosial media platformasındakı rəsmi hesabında paylaşdığı açıqlamada, BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən birgə idarə olunan Qlobal Sığınacaq Klasteri (Global Shelter Cluster) humanitar yardım mexanizminin məlumatları istinad kimi göstərilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qəzzadaki kövrək atəşkəsin dəfələrlə pozulmasına baxmayaraq, hələ də qüvvədə olduğunu bildirərək ikinci mərhələ danışıqları üçün yolun açılmasına çağırış edib. Quterreş bu fikirləri Nyu-Yorkdakı BMT Baş Qərargahında Afrika İttifaqı ilə BMT arasında keçirilən yüksək səviyyəli görüşdən sonra Afrika İttifaqı Komissiyasının sədri Mahmud Ali Yussuf ilə birgə mətbuat konfransında səsləndirib.

İsrail hökuməti bəyan edib ki, çərşənbə günü Qəzza zolağının şimalında yerləşən “Zikim” sərhəd-keçid məntəqəsi humanitar yardım maşınlarının bölgəyə daxil olması üçün açılıb. Bu, iki il davam edən müharibənin ağır nəticələrindən əziyyət çəkən Qəzza sakinlərinə yardım məqsədi daşıyır. İsrail Müdafiə Nazirliyinə tabe olan Hökumət Fəaliyyətlərinin Koordinasiyası İdarəsi (COGAT) bildirib ki, bu yardımlar BMT və beynəlxalq təşkilatlar tərəfindən çatdırılacaq və bütün yük maşınları “dəqiq təhlükəsizlik yoxlamalarından” sonra buraxılacaq.

Qəzzadakı uşaqların peyvəndi üçün lazım olan şprislərin Qəzzaya keçirilməsinə İsrail tərəfindən icazə verilmir. UNICEF hazırda atəşkəs dövründən istifadə edərək genişmiqyaslı peyvənd kampaniyasına başlayıb. Lakin 1,6 milyon şprisin və peyvəndlərin saxlanması üçün günəş enerjisi ilə işləyən soyuducuların bölgəyə gətirilməsi üçün ləvazimatlar aylarla gömrükdə gözləyir. Təşkilat bildirir ki, şprislər avqust ayından bəri icazə gözləyir.

ABŞ dövlət katibi Marko Rubio və Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda keçirilən görüşdə Yaxın Şərqdə uzunmüddətli sülhün bərqərar olması üçün tədbirləri dəstəklədiklərini bir daha təsdiqləyiblər. Dövlət Departamentindən bildirilib ki, bundan əlavə, tərəflər Ukrayna münaqişəsinə də toxunublar. Rubio ABŞ prezidenti Donald Trampın bütün NATO müttəfiqlərinə "Ukraynada davam edən münaqişəyə son qoymaq üçün Rusiya enerjisini almağı dayandırmaq" çağırışını xatırladıb.

İtaliyanın Baş naziri Corciya Meloni Romaya səfər edən Fələstin Prezidenti Mahmud Abbasla görüş keçirib. Tərəflər iki ölkə arasında əlaqələrin inkişafını, həmçinin regional vəziyyətlə bağlı bir sıra məsələləri müzakirə ediblər. Fələstin Xəbər Agentliyi (WAFA) bildirir ki, Mahmud Abbas görüş zamanı Qəzza Zolağında atəşkəsin davamlılığının təmin olunması, humanitar yardımın əhaliyə fasiləsiz şəkildə çatdırılması, girovların və məhbusların azad edilməsi, İsrail ordusunun Zolaqdan tam çıxması və Fələstin Dövlətinin Qəzzada idarəçiliyi öz üzərinə götürməsi istiqamətində aparılan səylər barədə məlumat verib. O, həmçinin bərpa prosesinin başlanmasının və əhalinin məcburi köçürülməsi və ya torpaqların ilhaqı cəhdlərinə yol verilməməsinin zəruriliyini vurğulayıb.