#İran raket proqramı

İsrail kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatları İranla müharibənin tamamilə dayandırılması və gərginliyin aradan qaldırılması müqabilində rəsmi Tehrana sərt şərtlər toplusu təqdim edib. Sənəddə İranın nüvə proqramından raket arsenalına, habelə regional fəaliyyətlərinə qədər bir çox strateji məsələlər əks olunub.

İran bazar ertəsi günü raket proqramının sırf müdafiə məqsədi daşıdığını və hücumların qarşısını almağa yönəldiyini bəyan edərək, ölkənin raket arsenalının müzakirə mövzusu olmadığını bildirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik mətbuat konfransında bildirib ki, ölkənin raket proqramı İran ərazisini qorumaq məqsədilə hazırlanıb və danışıqlar predmeti deyil. “İranın raket proqramı ölkənin ərazi bütövlüyünü müdafiə etmək üçün inkişaf etdirilib, bu, müzakirə mövzusu deyil. Aqressorları İranı hədəfə almaq fikrindən daşındırmaq üçün nəzərdə tutulan müdafiə imkanlarımız danışıla bilməz,” – deyə Bəqayi vurğulayıb.

İran prezidenti Məsud Pezeşkian bildirib ki, ölkənin BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı (SCO) və Avrasiya İqtisadi İttifaqında (EAEU) fəal iştirakı geniş regional bazarlar da daxil olmaqla əhəmiyyətli iqtisadi imkanlar yaradır. Tehranda keçirilən “Dayanıqlılıq, İnnovasiya, İnkişaf” adlı illik kapital bazarı konfransında çıxış edən Pezeşkian diplomatik əlaqələrin qonşu ölkələrlə konstruktiv münasibətləri gücləndirdiyini vurğulayıb. O, qeyd edib ki, bu proses günbəgün möhkəmlənir və İran iqtisadi fəaliyyəti asanlaşdıraraq investorları dəstəkləməyə çalışır.