#Qəzza hücumu

Qəzzadakı Fələstin hökuməti İsrailin Əqsa Şəhidləri Xəstəxanasını yenidən hədəf aldığını açıqlayıb. Hökumətin Media Ofisinin yaydığı məlumata görə, İsrailin döyüş təyyarələri bu gün xəstəxanaya hava hücumu təşkil edib. Bu, 7 oktyabr 2023-cü ildən bəri həmin xəstəxanaya edilən 13-cü hücumdur. Açıqlamada bildirilib ki, hücum İsrailin Qəzzadakı səhiyyə infrastrukturunu sistemli şəkildə hədəfə almaq niyyətində olduğunu göstərir. “İsrail ordusu bu gün, cümə günü, xəstəxananın içində yerləşən bir qaçqın çadırını – xüsusilə poliklinika şöbəsinin üzərində yerləşən hissəni – bombalayıb”, – deyə məlumatda qeyd olunub.

İsrail ordusunun Qəzza zolağına son 24 saat ərzində həyata keçirdiyi hücumlar nəticəsində 51 fələstinli həlak olub, 369 nəfər yaralanıb. 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağında davam edən hücumlarda həlak olan mülki şəxslərin ümumi sayı 61 827-yə, yaralananların sayı isə 155 275-ə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrail ordusunun Qəzza zolağının qərb və mərkəz hissələrinə təşkil etdiyi hava hücumları nəticəsində azı 8 fələstinli həyatını itirib, bir neçə nəfər yaralanıb. Fələstinli xəstəxana mənbələrinin və görgü şahidlərinin bildirdiyinə görə, hava hücumları əsasən mülki vətəndaşları hədəfə alıb. Məlumata görə, Qəzzanın mərkəzində yerləşən Netzarim dəhlizi yaxınlığında yerləşən və guya humanitar yardım paylanan mərkəzdə gözləyən mülki şəxslərə edilən hava zərbəsi nəticəsində 2 fələstinli həlak olub.

Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi İsrailin işğal altındakı E1 bölgəsində yeni məskunlaşma planını təsdiqləməsinə sərt reaksiya verib. Nazirlik bu barədə yaydığı yazılı bəyanatda İsrailin atdığı addımı qınayıb. Bəyanatda qeyd olunur ki, E1 bölgəsində məskunlaşma inşası planı Qərbi Şəriə ilə Şərqi Qüdsü faktiki olaraq bir-birindən ayıracaq və bu, beynəlxalq hüquqa və BMT qətnamələrinə açıq-aşkar ziddir.

BMT-nin baş katibi Antonio Quterreş İsrail hökumətini işğal altındakı ərazilərdə, xüsusilə E1 bölgəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti layihəsini dərhal dayandırmağa çağırıb. Bəyanatı onun sözçüsü Stefan Dujarrik yazılı şəkildə yayıb. Quterreş bildirib ki, Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilindəki bütün İsrail yaşayış məntəqələri beynəlxalq hüququn pozulması ilə yaradılıb və saxlanılır. Onun sözlərinə görə, bu cür qeyri-qanuni məskunlaşmalar işğalı möhkəmləndirir, gərginliyi artırır və iki dövlətli həll çərçivəsində Fələstin dövlətinin yaşaya bilmək imkanlarını zəiflədir.

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 54 nəfər artaraq 61 min 776 nəfərə çatıb. Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin verdiyi yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən can itkiləri və yaralılarla bağlı son məlumatlar paylaşılıb. Son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 54 nəfərin meyiti və 831 yaralı gətirildiyi bildirilib.

Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş, İsrailin hücumları və blokadası altında humanitar yardımın ciddi şəkildə məhdudlaşdırıldığını və aclığın can almağa davam etdiyini bildirib. Onun məlumatına görə, ölənlərin 106-sı uşaqdır. Qəzzada geniş miqyaslı humanitar fəlakət yaşanır: su, qida, dərman və gigiyena ləvazimatlarının çatışmazlığı, mülki infrastruktura hücumlar və deportasiya əmrləri əhalinin həyatını təhlükəyə atır. Təxminən 2,3 milyon əhalisi olan zolaqda didərgin düşənlərin sayı 2 milyona yaxınlaşıb, bir çoxu isə dəfələrlə evlərini tərk etmək məcburiyyətində qalıb.

Ərəb ölkələri İsrail Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail” vizyonu ilə bağlı verdiyi açıqlamalara sərt reaksiya göstərib. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasında İsrail Baş naziri tərəfindən səsləndirilən sözde “Böyük İsrail” vizyonuna dair fikirlər və israilli rəsmilər tərəfindən müdafiə olunan işğalçı və ekspansionist ideyalar və layihələr qəti şəkildə pislənilib. Açıqlamada fələstinlilərin öz torpaqlarında müstəqil və suveren dövlət qurmaq hüququ bir daha vurğulanıb və beynəlxalq ictimaiyyət “İsrailin beynəlxalq legitimliyin əsaslarını sarsıdan, dövlətlərin suverenliyini açıq şəkildə pozan, regional və beynəlxalq təhlükəsizlik və sülhə təhdid yaradan hərəkətləri” mövzusunda xəbərdar edilib.