#Vatikan

Roma Papası XIV Leo Livan Prezidenti Jozef Aunla görüşüb. Görüşdə Livanla İsrail arasındakı qarşıdurma və ötən iyunda əldə edilmiş çərçivə sazişinin icrası müzakirə olunub. Vatikan sazişin həyata keçirilməsində yaranan çətinliklərdən ciddi narahatlığını bildirib. Müqəddəs Taxt-Tac razılaşmanın icrası üçün göstərilən səyləri dəstəklədiyini açıqlayıb. Jozef Aun Papaya Livana göstərdiyi dəstəyə görə təşəkkür edib. Livan prezidenti İsrail hücumlarının dayandırılmasının vacibliyini vurğulayıb. O, İsrail qüvvələrinin işğal altında saxlanılan Livan ərazilərindən çıxarılmasını tələb edib. Aun Papa XIV Leodan bu tələblərin həyata keçirilməsinə dəstəyini davam etdirməsini istəyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vatikana səfəri çərçivəsində iyulun 9-da Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri Arxiyepiskop Covanni Çezare Paqatzi ilə görüşüb. Görüşdə qeyd olunub ki, Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin möhkəm təməlini qarşılıqlı hörmət, ümumbəşəri dəyərlərə sadiqlik təşkil edir. İkitərəfli əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu mühüm rol oynayıb. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycan–Vatikan əməkdaşlığının yeni məzmunla zənginləşməsinə şərait yaradıb. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikanda dünya mədəni irsinin qorunması, dini və tarixi abidələrin bərpası, eləcə də sivilizasiyalararası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi layihələrin dostluq və etimadın möhkəmlənməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Papa XIV Leo ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə amerikalılara videomüraciət edib. O, ABŞ-ın immiqrantları qəbul etmək ənənəsini yüksək qiymətləndirərək ölkəni Müstəqillik Bəyannaməsinin prinsiplərinə sadiq qalmağa çağırıb. Pontifik birlik, ədalət və sülh ideallarının qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin insan həyatının hüquqi müdafiəsini gücləndirən qanunların qəbul edilməsinin əhəmiyyətindən danışıb. Papa heç bir siyasətçinin adını çəkmədən ABŞ-ı uzunmüddətli həll yolları ətrafında birləşməyə çağırıb. Çıxış Filadelfiyadakı Milli Konstitusiya Mərkəzində videobağlantı vasitəsilə təqdim olunub. Papa tədbirdə Azadlıq Medalı ilə təltif edilib.

Venesuelada baş vermiş dağıdıcı zəlzələlərdən sonra beynəlxalq humanitar yardım davam edir. Roma Papası XIV Leo zərərçəkən əhaliyə dəstək məqsədilə 100 min avro məbləğində təcili yardım ayırıb. Yardım Müqəddəs Taxt-Tacın xeyriyyə fəaliyyətini həyata keçirən Apostol Sədəqə İdarəsi vasitəsilə təqdim olunacaq. Vatikan bu vəsaitin zəlzələdən zərər çəkmiş insanların ehtiyaclarının qarşılanmasına və xilasetmə işlərinə dəstək məqsədi daşıdığını bildirib. Ayrılan məbləğin ilkin yardım paketi olduğu və gələcəkdə əlavə dəstəyin göstərilə biləcəyi də vurğulanıb. Son günlər müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar da Venesuelaya humanitar yardım və həmrəylik mesajları göndərirlər. Beynəlxalq dəstəyin artması fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərə mühüm töhfə verir. Vatikanın qərarı da bu qlobal humanitar həmrəyliyin tərkib hissəsi kimi qiymətləndirilir.

ABŞ Prezidenti Donald Tramp Roma Papası Papa XIV Leo-nun açıqlamalarını tənqid edərək onun mövqeyinin dünyanı “daha az təhlükəsiz” etdiyini bildirib. Məlumata görə, yaranmış gərginlik ABŞ Dövlət katibi Marko Rubionun Vatikana planlaşdırılan səfəsi öncəsi münasibətlərin daha da həssas mərhələyə daxil olduğunu göstərir.