#hava limanları

Körfəz ölkələri artan regional gərginlik fonunda təhlükəsizlik tədbirlərini gücləndirirlər. Strateji əhəmiyyətli obyektlər, o cümlədən neft və qaz müəssisələri, hava limanları və dəniz suyunun şirinləşdirilməsi qurğuları xüsusi mühafizəyə götürülüb. Hava hücumundan müdafiə sistemləri gücləndirilir, orduların döyüş hazırlığı artırılır. Bəhreyn İran istiqamətindən buraxıldığı bildirilən çoxsaylı pilotsuz uçuş aparatını və raketi zərərsizləşdirdiyini açıqlayıb. Ekspertlər genişmiqyaslı münaqişənin strateji infrastruktura zərər vura biləcəyini bildirirlər. Onların fikrincə, belə bir ssenari regional təhlükəsizlik və dünya iqtisadiyyatı üçün ciddi risk yaradar. Buna görə də bölgə ölkələri qarşıdurmanın diplomatik yolla həllinə üstünlük verirlər. Dialoqun təşviqi hazırda Körfəz dövlətlərinin əsas prioritetlərindən biri hesab olunur.

Yəmənin Mülki Aviasiya İdarəsi bütün hava limanlarının növbəti göstərişə qədər bağlandığını açıqlayıb. Qərar Səna Beynəlxalq Hava Limanına endirilən zərbədən sonra qəbul edilib. Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti hücumun İran təyyarəsinin enişinin qarşısını almaq məqsədi daşıdığını bildirib. Hökumət husiləri İranın dəstəyi ilə ölkənin hava məkanını pozmaqda ittiham edib. Rəsmi Səna uçuş-enmə zolağının bu səbəbdən hədəfə alındığını açıqlayıb. Hava limanlarının bağlanması ölkədə hava nəqliyyatına və humanitar fəaliyyətlərə təsir göstərə bilər. Yəməndə vəziyyət gərgin olaraq qalır.

İran hökuməti ölkədə tətbiq olunan uçuş məhdudiyyətlərini ləğv edərək hava nəqliyyatı fəaliyyətinin yenidən normal rejimə qaytarıldığını açıqlayıb. İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Əbuzər Şirudinin sözlərinə görə, təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi və aidiyyəti qurumlarla koordinasiya başa çatdıqdan sonra bu qərar qəbul olunub. Son günlər hərbi gərginlik səbəbindən daxili uçuşlar dayandırılmış və hava məkanının bir hissəsi bağlanmışdı. Yeni qərar mülki aviasiya fəaliyyətinin bərpasına imkan yaradır. Bununla yanaşı, İran rəsmiləri təhlükəsizlik tədbirlərinin davam etdiyini və vəziyyətin nəzarətdə saxlanıldığını bildirirlər. Aviasiya sektorunda normal fəaliyyətin mərhələli şəkildə bərpa olunacağı gözlənilir.

İstanbul Hava Limanı gündəlik orta hesabla 1624 uçuşla bir daha Avropanın ən sıx hava limanı olub. AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. Nazir həmçinin bildirib ki, gündəlik orta hesabla 1024 uçuşla Antalya Hava Limanı Avropanın ən sıx 9-cu hava limanı olub. Onun sözlərinə görə, qlobal miqyasda fəaliyyət göstərən 25 hava limanı arasında 1–7 sentyabr 2025-ci il tarixlərində gündəlik orta hesabla 821 uçuş həyata keçirən İstanbul Hava Limanı dünya üzrə 5-ci yerdə qərarlaşıb.