Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinə bağlı qüvvələr Hədramautda pilotsuz uçuş aparatını vurublar. Uçuş aparatının husilər tərəfindən buraxıldığı ehtimal edilir. Aparat Əs-Səniyyə düşərgəsinin yaxınlığında hava hücumundan müdafiə sistemi vasitəsilə sıradan çıxarılıb. Yəmən Fövqəladə Qüvvələrinin məlumat mərkəzi vurulan aparatın görüntülərini yayıb. Eyni zamanda, Yəmən hökuməti husilərin mövqelərinə qarşı bir neçə pilotsuz uçuş aparatı hücumu həyata keçirdiyini bildirib. Hücumların Əl-Məxa, Harib, Beyhan və Şəbvə vilayətindəki digər əraziləri əhatə etdiyi bildirilir. Son həftələr Yəməndə hökumət qüvvələri ilə husilər arasında hərbi qarşıdurma yenidən güclənib. Tərəflər döyüşlərdə raketlərdən və pilotsuz uçuş aparatlarından daha geniş istifadə edirlər.
#Əl-Məxa
BMT Yəməndə 2022-ci ildə əldə edilmiş atəşkəsdən sonra genişmiqyaslı müharibənin yenidən başlaması təhlükəsinin ən yüksək həddə çatdığı barədə xəbərdarlıq edib. BMT-nin Yəmən üzrə xüsusi elçisi Hans Qrundberq ölkənin müxtəlif cəbhələrində hərbi fəallığın artdığını bildirib. Husilərin Məarib, Hədramaut, Əl-Məxa və digər bölgələrdəki hücumları hərbçilər və mülki şəxslər arasında itkilərə səbəb olub. Husilərlə Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti arasında qarşıdurmanın şiddətlənməsi yeni müharibə qorxusunu artırıb. Qrundberq Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumların da yenidən artdığına diqqət çəkib. BMT bu hücumların Yəməni daha geniş bölgə qarşıdurmasına sürükləyə biləcəyindən narahatdır. Hörmüz boğazındakı böhran isə bölgədə ticarət və enerji daşımalarına əlavə təzyiq yaradır. BMT-nin məlumatına görə, Yəmən əhalisinin yarıdan çoxu kifayət qədər ərzaq əldə edə bilmir.
UKMTO Yəmən sahillərində yük gəmisinin naməlum mərmi ilə vurulduğunu açıqlayıb. Hadisə Qırmızı dənizin cənub hissəsində, Əl-Məxa limanı yaxınlığında baş verib. Qurum zərbə nəticəsində itkilərin olduğunu bildirib. Hadisə ilə bağlı araşdırma davam edir. UKMTO gəmilərə bölgədə ehtiyatlı hərəkət etməyi tövsiyə edib. Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyi son dövrlərdə artan hücumlar səbəbindən diqqət mərkəzindədir. Əl-Məxa bölgəsi Yəməndə strateji əhəmiyyət daşıyan ərazilərdən biridir.
BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq husilərin Əl-Məxa şəhərinə hücumlarını pisləyərək gərginliyin azaldılmasına çağırıb. O, son hücumların 2022-ci il atəşkəsindən sonra Yəməndə hərbi fəaliyyətin ən ciddi artımı olduğunu bildirib. Qrundberq bu vəziyyətin tammiqyaslı münaqişənin yenidən başlaması riskini artırdığını qeyd edib. BMT rəsmisi mülki əhalinin və infrastrukturun qorunmasının vacibliyini vurğulayıb. Yəmən hökumətinə bağlı ordu Əl-Məxa hücumunda yeddi nəfərin öldüyünü açıqlayıb. Ölənlər arasında hərbçilər və mülki şəxslər olduğu bildirilib. Hücum nəticəsində azı 30 nəfərin yaralandığı qeyd olunub. Daha əvvəl həyata keçirilən hücumlarda isə 11 nəfərin öldüyü açıqlanmışdı.