Yəmən sahillərində altı silahlı şəxsin bir gəmini ələ keçirdiyi bildirilir. Hadisə Ədən körfəzində, Yəmənin Əl-Mükəlla şəhərinin şərqində baş verib. Silahlı şəxslər gəmiyə daxil olaraq onun idarəsini nəzarətə götürüblər. Daha sonra gəminin Somaliyə doğru istiqamətləndirildiyi açıqlanıb. Bundan əvvəl qərbə doğru hərəkət edən neftdaşıyan gəmiyə icazəsiz başqa bir gəminin yaxınlaşdığı bildirilmişdi. Silahlı şəxslərin kimliyi barədə hələlik məlumat yoxdur. Gəminin heyətinin vəziyyəti ilə bağlı da təfərrüat açıqlanmayıb. Hadisə Ədən körfəzində dəniz təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.
#neftdaşıyan gəmi
Britaniyanın “Ambrey” şirkəti Oman sahillərində saya oturmuş “Caroline Bezengi” neftdaşıyan gəmisinin xilas edilməsi əməliyyatına başlayıb. Əsas məqsəd gəmidən dənizə yayılan neftin qarşısını almaq və gəmini sabitləşdirməkdir. Mütəxəssislər Oman Hərbi Hava Qüvvələrinin köməyi ilə gəmiyə qalxaraq onun vəziyyətini qiymətləndiriblər. Əlverişsiz hava şəraiti xilasetmə və neft sızmasının qarşısının alınması işlərini çətinləşdirir. Peyk görüntüləri neftin geniş dəniz ərazisinə yayıldığını göstərir. Sızma qorunan dəniz ərazilərində yaşayan canlılar üçün ciddi təhlükə yaradır. “Caroline Bezengi” iyunda baş verən partlayışdan sonra zədələnərək Əl-Qibliyyə adası yaxınlığında saya oturub. Mütəxəssislər gəminin batacağı və bütün yükünün dənizə axacağı təqdirdə ağır ekoloji fəlakətin baş verə biləcəyi barədə xəbərdarlıq edirlər.
Səudiyyə Ərəbistanı İranın BƏƏ-yə məxsus neftdaşıyan gəmiyə hücumunu kəskin şəkildə pisləyib. Ər-Riyad hücumu beynəlxalq hüququn ciddi şəkildə pozulması kimi qiymətləndirib. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi hadisənin dəniz nəqliyyatının təhlükəsizliyinə təhdid yaratdığını bildirib. Nazirlik hücumun qlobal enerji təchizatının təhlükəsizliyini də risk altına qoyduğunu vurğulayıb. Səudiyyə Ərəbistanı İranı davam edən hücumlarının nəticələrinə görə məsuliyyət daşıyan tərəf hesab edib. Ər-Riyad Tehrandan bu cür hərəkətləri dərhal dayandırmağı tələb edib. Krallıq Birləşmiş Ərəb Əmirlikləri ilə tam həmrəyliyini ifadə edib. Səudiyyə Ərəbistanı BƏƏ-nin suverenliyini və sərvətlərini qorumaq üçün atacağı bütün addımları dəstəklədiyini açıqlayıb.
Qətər Hörmüz boğazında BƏƏ-yə məxsus neftdaşıyan gəmiyə İranın raket hücumunu pisləyib. Gəminin Əbu-Dabi Milli Neft Şirkətinə məxsus olduğu bildirilir. Qətər Xarici İşlər Nazirliyi hücumu beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib. Nazirlik hadisənin dəniz nəqliyyatının sərbəstliyi prinsipinə zidd olduğunu bildirib. Doha İranın Hörmüz boğazından siyasi təzyiq vasitəsi kimi istifadə etməsini qəbuledilməz hesab edib. Qətər boğazın heç bir şərt irəli sürülmədən yenidən açılmasını tələb edib. Nazirlik boğazın bağlı qalmasının bölgə ölkələrinin həyati əhəmiyyətli maraqlarını təhdid etdiyini vurğulayıb. Mövcud vəziyyətin dünya iqtisadiyyatı üçün də ciddi təhlükə yaratdığı bildirilib.
Birləşmiş Ərəb Əmirlikləri Əbu-Dabi Milli Neft Şirkətinə məxsus neftdaşıyan gəmiyə qarşı hücumu kəskin şəkildə pisləyib. BƏƏ hücumun İran tərəfindən həyata keçirildiyini bildirib. Hadisə gəmi Hörmüz boğazından keçərkən baş verib. BƏƏ Xarici İşlər Nazirliyi hücumu BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirib. Nazirlik beynəlxalq sularda ticarət gəmilərinin hədəfə alınmasının qəbuledilməz olduğunu vurğulayıb. BƏƏ Hörmüz boğazından təzyiq və iqtisadi şantaj vasitəsi kimi istifadə olunmasını da pisləyib. Bəyanatda bu cür hərəkətlər İran İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz quldurluğu fəaliyyəti kimi qiymətləndirilib. Əbu-Dabi baş verənlərin regional sabitlik və qlobal enerji təhlükəsizliyi üçün birbaşa təhdid yaratdığını bildirib.