İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai yüksək zənginləşdirilmiş uranın ABŞ-a təhvil verilməsi ilə bağlı mümkün tələblərin Tehran üçün “qırmızı xətt” olduğunu bildirib. O qeyd edib ki, belə tələblər danışıqlar prosesini nəticəsiz edə bilər. Bəqai həmçinin Qətərin və Pakistanın diplomatik prosesdə aktiv rol oynadığını vurğulayıb.
#nüvə proqramı
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ ilə aparılan danışıqlarda tərəflər arasında hələ də “dərin və ciddi” fikir ayrılıqlarının qaldığını bildirib. O qeyd edib ki, hazırda əsas diqqət müharibənin dayandırılmasına yönəlib və nüvə məsələsinin detalları bu mərhələdə müzakirə olunmur. Tehran yaxın vaxtlarda yekun razılaşmanın əldə olunacağı ilə bağlı nikbin qiymətləndirmələrdən uzaq olduğunu nümayiş etdirib.
Tehrandakı Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı Abbas Aslani hesab edir ki, ABŞ və İran arasında mümkün razılaşmanın əldə olunması Vaşinqtonun kompromisə hazır olmasından asılıdır. Ekspertin fikrincə, ABŞ nüvə proqramı və Hörmüz boğazı məsələlərində çeviklik göstərərsə, diplomatik nəticə əldə etmək mümkün ola bilər. O həmçinin İranın paralel olaraq həm danışıqları davam etdirdiyini, həm də mümkün hərbi ssenarilərə hazırlaşdığını bildirib.
ABŞ Prezidenti Donald Tramp İranla sülh razılaşmasının əldə olunmaması halında ölkəni ciddi nəticələrin gözlədiyini bildirib. Eyni zamanda, Tehran tərəfi Vaşinqtonun niyyətlərinə dair etimadsızlığın davam etdiyini açıqlayıb. Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Tramp administrasiyasından yeni danışıqlara hazırlıqla bağlı mesajlar alıb.
ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində İranla bağlı sərt açıqlamalar verərək Tehranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcəyini bildirib. Tramp İranın təqdim etdiyi təklifləri kəskin tənqid edib, həmçinin məhv edilmiş nüvə obyektlərindəki “nüvə tozu”nun təmizlənməsi üçün Tehranın ABŞ-dan yardım istədiyini iddia edib. Prezident “Project Freedom” layihəsinin genişləndirilə biləcəyini və İranın mühasirəyə alınması ilə bağlı planların nəzərdən keçirildiyini açıqlayıb. O, eyni zamanda kürd qruplaşmalarına verilən silahlarla bağlı narazılığını ifadə edərək ABŞ-ın İrana qarşı təzyiqlərinin davam edəcəyini vurğulayıb.
İran rəsmiləri ABŞ-la aparılan danışıqlarda müharibənin tam başa çatmasına dair təminatlar tələb etdiklərini bildirirlər. Tehran Hörmüz boğazı və nüvə proqramı ilə bağlı mövqeyində güzəştə getməyəcəyini vurğulayaraq, Vaşinqtonun tələblərinə qarşı çıxdığını açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın artıq nə hərbi dəniz qüvvələri, nə də hərbi hava qüvvələri mövcuddur; bütün bunlar tamamilə məhv edilib və rəhbər heyət öldürülüb.
Nyu-Yorkda keçirilən Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin icrasına dair 11-ci baxış konfransında İranın sədr müavinlərindən biri kimi seçilməsi Vaşinqtonun sərt reaksiyasına səbəb olub. ABŞ rəsmiləri bu qərarı tənqid edərək bildiriblər ki, İranın belə bir vəzifəyə seçilməsi müqavilənin nüfuzuna zərbə vurur. ABŞ Dövlət Departamentinin nümayəndələri Tehranın beynəlxalq öhdəliklərə əməl etmədiyini və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıqdan yayınmaqda ittiham olunduğunu qeyd ediblər.
BMT-nin nüvə nəzarəti orqanının rəhbəri Rafael Qrossi bazar ertəsi günü bildirib ki, rəhbərlik etdiyi agentlik ABŞ və İsrailin hərbi zərbələri zamanı İranın nüvə obyektlərinin zədələnməsi və ya vurulmasına dair heç bir göstəricinin olmadığı barədə qiymətləndirməsini qüvvədə saxlayır. Qeyd edək ki, İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) səfiri bazar ertəsi günü səhər saatlarında Nətənzdəki nüvə müəssisəsinin hücuma məruz qaldığını açıqlamışdı. Lakin mətbuat konfransında çıxış edən Qrossi vurğulayıb ki, agentlik indiyədək İsrail və ABŞ-ın iyun ayında İranın nüvə poliqonlarına etdiyi hücumlarla müqayisə oluna biləcək hər hansı bir hal müşahidə etməyib.
Yaponiyanın Niigata prefekturasında yerləşən və dünyanın ən böyük istehsal gücünə malik "Kaşivazaki-Kariva" Atom Elektrik Stansiyasında (AES) yenidən texniki problemlər yaranıb. TEPCO şirkəti tərəfindən idarə olunan stansiyanın 6 nömrəli reaktoru dünən rəsmi yoxlamalardan sonra işə salınsa da cəmi bir gün sonra fəaliyyətini dayandırıb. Buna səbəb reaktordakı nüvə parçalanmasını tənzimləyən idarəetmə çubuqlarının elektrik komponentlərində yaranan nasazlıq olub. Qeyd edək ki 2011-ci ildə baş verən güclü zəlzələ və "Fukuşima" fəlakətindən sonra stansiyanın bütün yeddi reaktoru 2012-ci ildə təhlükəsizlik məqsədilə qapadılmışdı.
İranın xarici işlər naziri Abbas Əraqçi nüvə məsələsinin həlli üçün ABŞ ilə qarşılıqlı hörmətə əsaslanan danışıqlara hazır olduqlarını bildirib. Əraqçi bu barədə “Al Jazeera” telekanalına verdiyi müsahibədə danışıb. O, iyun ayında İsrail və ABŞ tərəfindən İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra ABŞ prezidenti Donald Trampa “sülh yolu ilə həll üçün güclü diplomatiya” çağırışı etdiyini qeyd edib. Nazir bildirib ki, tərəflər bir-birinin hüquqlarına hörmətlə yanaşarsa və qarşılıqlı maraqlara əsaslanan razılaşmaya hazır olarsa, nüvə məsələsinin dinc yolla həlli mümkündür.
Cənubi Koreya Dövlət Başçısı Li Cae Myonq, ölkəsində istifadə olunmuş nüvə yanacağının yenidən işlənməsi və ya uran zənginləşdirmə fəaliyyəti üçün ortaq müəssisə yaradılması barədə ABŞ Prezidenti Donald Tramp ilə razılığa gəldiklərini bildirib. Cənubi Koreyada nəşr olunan The Chosun Daily qəzetinin məlumatına görə, Li, paytaxt Seulda təşkil edilən mətbuat konfransında, ölkəsinin nüvə sahəsində atdığı addımlar barədə danışıb. Li, Trampın istifadə olunmuş nüvə yanacağının yenidən işlənməsi və ya uran zənginləşdirmə fəaliyyətlərinin Cənubi Koreyada həyata keçirilməsini və bunun üçün iki ölkə arasında 50-50 ortaq müəssisə yaradılmasını təklif etdiyini bildirib.