#ABŞ İran münasibətləri

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ ilə aparılan danışıqlarda tərəflər arasında hələ də “dərin və ciddi” fikir ayrılıqlarının qaldığını bildirib. O qeyd edib ki, hazırda əsas diqqət müharibənin dayandırılmasına yönəlib və nüvə məsələsinin detalları bu mərhələdə müzakirə olunmur. Tehran yaxın vaxtlarda yekun razılaşmanın əldə olunacağı ilə bağlı nikbin qiymətləndirmələrdən uzaq olduğunu nümayiş etdirib.

ABŞ və İran arasında münasibətlərin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Siyasi müşahidəçilər hesab edirlər ki, prosesin istiqamətini müəyyən edəcək əsas amil dolayı təmaslar deyil, daha intensiv birbaşa danışıqların başlayıb-başlamaması olacaq. Eyni zamanda İranın özünü zəif və ya təslim olmuş tərəf kimi göstərməmək siyasəti və çəkindirmə strategiyasını qorumaq istəyi regionda diplomatiya ilə təhlükəsizlik balansının hələ də həssas olaraq qaldığını göstərir.

ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatla çıxış edərək Tehranın dərhal təslim olmalı olduğunu bildirib və bu açıqlama Yaxın Şərqdə gərginliyi daha da artırıb. Tramp eyni zamanda İranla danışıqların davam etdiyini, lakin prosesin artıq birbaşa deyil, telefon vasitəsilə aparıldığını qeyd edib. ABŞ nümayəndə heyətinin Pakistana planlaşdırılan səfərinin ləğv edilməsi isə diplomatik prosesdə qeyri-müəyyənliyin artdığını göstərir.

"Wall Street Journal" qəzetinin İranın Əmək və Sosial Rifah Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən yaydığı məlumata görə, davam edən hərbi əməliyyatlar ölkənin əmək bazarında fəlakətli vəziyyət yaradıb. İlkin rəsmi qiymətləndirmələrə görə, müharibənin başlanmasından bəri 2 milyona yaxın iranlı gəlir mənbəyini itirib.

Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinin naziri Con Felanın vəzifəsindən azad edildiyini açıqlayıb. Rəsmi açıqlamada istefanın səbəbləri barədə məlumat verilməsə də, qərarın İranla dəniz qarşıdurmasının pik mərhələsinə təsadüf etməsi müxtəlif ehtimalları gündəmə gətirib.

İranda aparılan son ictimai rəy sorğusu əhalinin böyük hissəsinin ABŞ-la danışıqlardan çox qarşıdurma xəttini dəstəklədiyini göstərir. Ekspertlər ABŞ prezidenti Donald Trampın son bəyanatlarını “nümayişkaranə və müstəmləkəçi ritorika” kimi qiymətləndirərək bunun İran cəmiyyətində mənfi reaksiyalara səbəb olduğunu bildirir.

İranda yeni ali dini liderin müəyyənləşməsindən sonra ABŞ-dan ilk siyasi reaksiya gəlib. ABŞ Prezidenti Donald Tramp Müctəba Xameneinin seçilməsindən məmnun olmadığını açıqlayıb. Qeyd edək ki, Müctəba Xameneinin rəhbərliyə gətirilməsi ABŞ və İsrailin 28 fevralda İrana endirdiyi zərbələrdən və Ali Xameneinin həlak olmasından sonra baş verib. Beynəlxalq media qurumlarının yaydığı məlumata görə, Müctəba Xameneinin seçimi İran rəhbərliyində varislik məsələsini yenidən gündəmə gətirib. Məlumata əsasən, o, İranın güc strukturları, xüsusilə də İnqilab Keşikçiləri Korpusu ilə yaxın əlaqələri olan fiqur kimi dəyərləndirilir.