Bu yaxınlarda mətbuatda bir yazıya rast gəldim. Yazının başlığı təqribən belə idi: “Hicabı buraxın, təhsilə yönəlin.” Bu cür ifadələr, ilk növbədə, vətəndaşların qanunvericiliklə təmin olunmuş hüquqlarına qarşı hörmətsiz yanaşmanı əks etdirir. Lakin məsələ təkcə hüquqi aspektlə məhdudlaşmır; burada daha dərin bir zehni problem mövcuddur. Hicab insanların etiqadından doğan dini bir tələbatdır. İstəyən bu tələbə əməl edər, istəməyən etməz. Bu seçim insanın vicdanı və inancı ilə bağlıdır. Qurani-Kərim bu prinsipial azadlığı açıq şəkildə ifadə edir: “De: Haqq Rəbbinizdəndir. Kim istəsə iman etsin, kim istəsə küfr etsin” (Kəhf, 18/29). Bu ayə göstərir ki, iman da, onun zahiri təzahürləri də məcburiyyətin deyil, iradənin nəticəsidir.