#Vaşinqton

Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Beyrut və Tel-Əviv nümayəndələri arasında bu gün keçiriləcək ikinci raund hazırlıq görüşləri İsrail ordusunun Livandakı hərbi fəaliyyətlərinin kölgəsində reallaşacaq. Aprelin on yeddisində qüvvəyə minən on günlük müvəqqəti atəşkəsin başa çatmasına sayılı günlər kala baş tutacaq bu görüş regionda gərginliyin azaldılması baxımından böyük əhəmiyyət kəsb edir.

Ukrayna Prezidenti beynəlxalq gündəmdə prioritetlərin dəyişməsi fonunda Vaşinqtona mühüm mesaj verib. Zelenski vurğulayıb ki, münaqişənin həlli təxirə salınmamalıdır və beynəlxalq dəstək davam etməlidir. Onun sözlərinə görə, Yaxın Şərqdə gərginliyin artması Ukraynaya nəzərdə tutulan bəzi silah tədarüklərinin gecikməsinə səbəb olub.

İranın nüvə danışıqları üzrə nümayəndəsi Məhəmməd Baqir Qalibaf ABŞ və İsrailin atəşkəs şərtlərini pozduğunu əsas gətirərək Hörmüz boğazının nəqliyyat üçün açılmasının mümkün olmadığını bəyan edib. Məlumata görə, İran İnqilab Keşikçiləri Korpusu tərəfindən boğazda iki yük gəmisinin saxlanılması vəziyyəti daha da gərginləşdirib. İran tərəfi “MSC Francesca” və “Epaminondas” adlı gəmilərin “icazəsiz fəaliyyət” göstərdiyini və naviqasiya sistemlərini dəyişərək gizli keçidə cəhd etdiyini iddia edir.

İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü bu gün keçirdiyi mətbuat konfransında ABŞ ilə aparılan danışıqlar prosesi və ölkə limanlarının mühasirəsi barədə sərt bəyanatlarla çıxış edib. Nazirlik rəsmisi Tehranın danışıqlarda ciddi və xoş məramla iştirak etdiyini lakin Vaşinqtonun bu müddətdə yalnız etinasızlıq və bəd niyyət nümayiş etdirdiyini vurğulayıb.

İranın BMT-dəki nümayəndəsi ABŞ-la münasibətlər və mümkün danışıqlar barədə açıqlama verib. Səfir vurğulayıb ki, İran istənilən ssenariyə hazırdır və ölkə hərbi eskalasiyanın təşəbbüskarı olmayıb. O qeyd edib ki, siyasi həll yolu seçilərsə, Tehran danışıqlara açıqdır, lakin hərbi qarşıdurma halında da cavab verməyə hazırdır.

ABŞ Prezidenti Donald Tramp "Bloomberg" agentliyinə verdiyi telefon müsahibəsində İranla bağlı gərginliyin gələcək taleyinə toxunaraq, 7 apreldə elan olunmuş iki həftəlik müvəqqəti atəşkəsin müddətinin uzadılma ehtimalının "olduqca aşağı" olduğunu bildirib. Prezidentin sözlərinə görə, atəşkəsin müddəti Vaşinqton vaxtı ilə çərşənbə günü axşam başa çatır. O qeyd edib ki, əgər həmin vaxta qədər tərəflər arasında yekun saziş əldə olunmasa, hərbi əməliyyatların bərpası qaçılmaz ola bilər: "Pis razılaşma əldə etmək üçün tələsməyəcəyəm. Əgər saziş imzalanmasa, döyüşlərin yenidən başlamasını gözləyirəm".

Pakistan rəhbərliyi ABŞ və İran arasında vasitəçilik missiyasını xilas etmək üçün son 24 saat ərzində diplomatik səylərini maksimum həddə çatdırıb. Məqsəd danışıqların planlaşdırıldığı kimi sabah, çərşənbə axşamı bərpa olunmasını təmin etməkdir. İslamabad həm Vaşinqton, həm də Tehran ilə təmaslarını intensivləşdirib. Pakistan tərəfi danışıqlar masasının dağılmaması üçün tərəflər arasında sabir diplomatiya həyata keçirir. "Reuters" agentliyi Pakistanın təhlükəsizlik mənbələrinə istinadən xəbər verir ki, Pakistan Ordu Komandanı, general Asim Münir ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. General Münir Trampa bildirib ki, Hörmüz boğazının mühasirədə qalması danışıqların qarşısında duran ən böyük maneədir. Mənbənin bildirdiyinə görə, Donald Tramp bu məsələyə yenidən baxacağına dair vəd verib.

İran Prezidenti Məsud Pezeşkian müharibənin heç bir tərəfə fayda vermədiyini bildirib. Qeyd olunub ki, prezident regional və beynəlxalq məsələlərə yanaşmada ağıllı və balanslı siyasətin vacibliyini vurğulayıb. Pezeşkian düşmən qüvvələrə qarşı ehtiyatlı davranmağın zəruri olduğunu qeyd edib.

ABŞ-ın İran bayraqlı yük gəmisinə müdaxiləsindən sonra İranın ABŞ-a məxsus bəzi hərbi gəmilərə pilotsuz uçuş aparatları ilə hücum etdiyi bildirilir. Qeyd olunub ki, hadisə ABŞ-ın İranın “Touska” adlı yük gəmisinə atəş açaraq müdaxilə etməsindən sonra baş verib. Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl həmin gəminin dayandırılması üçün hərbi müdaxilə edildiyini açıqlayıb.