#Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin üzvləri və departament rəhbərləri sosial məsuliyyət yönümlü layihə çərçivəsində ölkədə fəaliyyət göstərən ilk inklüziv kafelərdən biri olan “Kaşalata”da olublar. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti məlumat yayıb. Tədbir zamanı nümayəndə heyəti xüsusi inkişaf özəlliyi olan gənclərin çalışdığı kafedə yaradılan şəraitlə yaxından tanış olub, gənclərin öz əlləri ilə hazırladığı şirniyyatların dadına baxıb. Görüş səmimi və isti atmosferdə keçib, qonaqlar gənclərlə ünsiyyət quraraq onlarla birlikdə vaxt keçiriblər.

Ədliyyə Nazirliyinin müvafiq idarəsi Azərbaycanın Qiymətləndiricilər Cəmiyyətinin (AQC) yeni idarə heyətini dövlət qeydiyyatına alıb. AQC-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, bununla bağlı rəsmi çıxarış bu gün Cəmiyyətə təqdim edilib. Yeni idarə heyəti qarşıdakı dövrdə qiymətləndirmə sahəsində peşəkarlığın artırılması, üzvlərin maraqlarının qorunması, sahə üzrə maarifləndirmə işlərinin gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində fəaliyyətini davam etdirəcək. Azərbaycanın Qiymətləndiricilər Cəmiyyəti bundan sonra da dövlət qurumları, özəl sektor və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyi planlaşdırır.