#Yaxın Şərq təhlükəsizliyi

ABŞ Prezidenti Donald Tramp İsrail və Livan liderlərinin təxminən 34 ildən sonra ilk dəfə görüş keçirəcəyini açıqlayıb. Tramp özünün sosial media hesabında etdiyi paylaşımda, İsrail ilə Livan arasında "bir az nəfəs alma sahəsi" yaratmağa çalışdıqlarını qeyd edib. İki ölkə arasındakı görüşlə bağlı Tramp bu ifadələri işlədib: "İki liderin danışmasından uzun vaxt keçib, təxminən 34 il kimi."

İsrailin baş naziri Benyamin Netanyahu bu həftə Vaşinqtona səfər edərək ABŞ prezidenti ilə İranla aparılan nüvə danışıqlarının daha geniş çərçivəyə salınmasını müzakirə etməyi planlaşdırır. Məlumata görə, İsrail tərəfi uzun müddətdir ki, İranın uranın zənginləşdirilməsini tam dayandırmasını, ballistik raket imkanlarını məhdudlaşdırmasını və regiondakı silahlı qruplarla əlaqələrini kəsməsini tələb edir. İran isə bu tələbləri rədd edərək yalnız sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramı üzrə məhdudiyyətləri müzakirə edə biləcəyini bildirib.

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İran hazırda ABŞ, İsrail və Avropa ölkələri ilə “genişmiqyaslı müharibə” vəziyyətindədir. Bu barədə İranın “Əl-Aləm” televiziya kanalı məlumat yayıb. Prezidentin sözlərinə görə, qeyd olunan tərəflər İranın inkişaf etməsini istəmir və ölkəyə qarşı müxtəlif istiqamətlərdən təzyiq siyasəti yürüdür. Pezeşkian vurğulayıb ki, İsrail İrana qarşı həyata keçirdiyi hücumların ölkədə siyasi sistemin dağılmasına gətirib çıxaracağını düşünürdü, lakin bu gözləntilər doğrulmayıb.