#ABŞ–İran münasibətləri

İslamabadda keçiriləcəyi bildirilən lakin dəqiq vaxtı hələlik məlum olmayan ikinci raund danışıqlar ərəfəsində Vaşinqtonda gərgin saatlar yaşanır. ABŞ mediasında yayılan və Ağ Ev rəsmilərinə istinad edilən xəbərlərə görə vitse prezident Cey Di Vens bu səhər Prezident Donald Trampın rəhbərliyi ilə keçirilən siyasi toplantıda iştirak edib.

Hörmüz boğazına doğru irəliləyən bəzi quru yük gəmiləri və tankerlərin geri döndüyü müşahidə olunur. İran Milli Təhlükəsizlik Yüksək Şurası boğazdakı vəziyyət və ABŞ ilə aparılan danışıqlar prosesinə dair bəyanat yayaraq bildirib ki, Birləşmiş Ştatların dəniz blokadası tətbiq edərək gəmilərin keçidinə mane olması "atəşkəs pozuntusu" hesab ediləcək. Tehran həmçinin vurğulayıb ki, ABŞ-ın bu addımlarına cavab olaraq İran boğazın "şərtli və məhdud" şəkildə açılmasını əngəlləyəcək.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan şənbə günü Antalyada türkiyəli həmkarı Hakan Fidan, Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar və Misirin xarici işlər naziri Bədr Abdelatti ilə dördtərəfli görüşdə iştirak edib. Beşinci Antalya Diplomasi Forumu çərçivəsində keçirilən bu görüş regionda artan gərginliyin azaldılmasına yönəlmiş diplomatik səylərin tərkib hissəsidir.

Malta bayrağı altında üzən "Celestyal Discovery" kruiz gəmisi 47 gün Dubay limanında qaldıqdan sonra Hörmüz boğazından keçən ilk sərnişin gəmisi olub. Gəmilərin real vaxt rejimində izlənilməsini təmin edən "MarineTraffic" şirkətinin məlumatlarına görə, ABŞ/İsrail-İran müharibəsinin fevralın 28-də başlamasından sonra, martın əvvəlində Dubay limanına yan alan "Celestyal Discovery" 47 gün ərzində burada gözləyib.

Reuters agentliyinin Pakistan mənbəsinə istinadən yaydığı məlumata görə, Vaşinqton ilə Tehran arasında qeyri-rəsmi diplomatik səylərdə irəliləyiş qeydə alınıb. Məlumata əsasən, tərəflər arasında yaxın vaxtlarda keçirilməsi gözlənilən görüş nəticəsində ilkin mərhələdə anlaşma memorandumu, daha sonra isə 60 gün ərzində daha genişmiqyaslı razılaşmanın əldə olunması mümkündür.

Azərbaycan ABŞ ilə tərəfdaşlığını Asiya və Avropa arasında nəqliyyat əlaqəsinin inkişaf etdirilməsi üçün əsas layihələrin irəliləməsində əsas amil kimi görür. Bunu Azərbaycan Respublikası Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiya mediasına müsahibəsində bildirib. "Donald Trampın ikinci prezidentlik müddəti Azərbaycanla ikitərəfli münasibətlərdə yeni bir fəsil açdı. Bu gün demək olar ki, bu münasibətlər keyfiyyət və miqyas baxımından zirvəyə çatıb", -o deyib.

İraqda fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən "Kətaib Hizbullah" qruplaşması öz döyüşçülərinə qonşu İranda baş verə biləcək "uzunmüddətli müharibə" ssenarisinə hazırlaşmağı tapşırıb. Cümə axşamı yayılan bəyanatda ABŞ-ın bölgədə hərbi yığınağını artırması və təhdidləri "təhlükəli eskalasiya" kimi qiymətləndirilib. Qruplaşma xəbərdarlıq edib ki, müharibə başlayacağı təqdirdə ABŞ tərəfi "hədsiz böyük itkilər" verəcək. Bəyanatda həmçinin bütün döyüşçülərin "tükəndirici müharibə" ssenarisinə uyğun hazır vəziyyətə gətirilməsinin zəruriliyi vurğulanıb.

ABŞ Vitse-prezidenti Cey Di Vens "Washington Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, Prezident Donald Tramp İran məsələsində hələ son qərarını verməyib. Vens vurğulayıb ki, ABŞ keçmişdəki hərbi müdaxilə səhvlərini təkrarlamamağa çalışır, lakin bu, Vaşinqtonun lazım gələrsə hərbi gücdən istifadə etməyəcəyi anlamına gəlmir. "Orta Şərqdə illərlə sürəcək və sonu görünməyən bir müharibənin içində olacağımıza ehtimal yoxdur" deyən Vens, mümkün hərbi zərbələrin dəqiq və nəticəyönümlü olacağına işarə edib.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) tərəfindən keçirilən həftəlik brifinqdə regional təhlükəsizlik və hərbi əməliyyatlarla bağlı yayılan dezinformasiyalara sərt cavab verilib. Nazirlik bəzi media resurslarında yer alan "ABŞ-ın mümkün müdaxiləsi zamanı Türkiyənin İran torpaqlarına girəcəyi" barədə xəbərləri qəti şəkildə yalanlayıb. Rəsmi açıqlamada bildirilib ki, Türkiyə qonşu ölkələrdəki gərginliklərin hər zaman sülh və diplomatiya yolu ilə həllinin tərəfdarıdır. Sərhəd xəttində təhlükəsizlik tədbirləri yüksək səviyyədə və koordinasiyalı şəkildə davam etdirilsə də, İran ərazisinə hər hansı hərbi müdaxilə planlaşdırılmır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidenti Donald Trampı ünvanına sərt ittihamlar səsləndirərək onu "yalanı təkrarlamaqda" günahlandırıb. İsmayıl Bəqayi "X" sosial media hesabı vasitəsilə etdiyi açıqlamada Donald Trampın ABŞ Konqresindəki çıxışı zamanı İran haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. O, Trampın iddialarını kəskin tənqid edərək, bu cür bəyanatların saxta reallıq yaratmaq məqsədi daşıdığını qeyd edib.