#Epşteyn qalmaqalı yenidən gündəmdə: tanınmış simalar fotolarda

Dünya ABŞ Ədliyyə Nazirliyinin “seks ticarətçisi” Cefri Epşteynlə bağlı dosyedə açıqladığı sənədlərin detallarını izləyir. Bu isə geniş sualı gündəmə gətirir: bütün ölçülər üzrə qalmaqallı sayılan bu fiqurun arxasında kim dayanırdı ki, siyasət, mədəniyyət, incəsənət və biznes dünyasının bir sıra məşhur simalarını “toruna” sala bildi? Corc Oruellin “Böyük Qardaş” ifadəsi ilə desək, pərdə arxasında bu “tamaşanı” idarə edən kimsə var: müəyyən dosyelərin, sektorların, hətta dövlətlərin gedişatına nəzarət etmək üçün. ABŞ prezident institutu və Britaniya kral ailəsinin sarsılması üçün yetərli olan “zəlzələ” bunun ölçüsünü göstərir.

ABŞ-də yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar şəbəkəsi yaratmaqda ittiham olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin albomundan ABŞ Prezidenti Donald Trampın da yer aldığı 19 yeni fotoşəkil ictimaiyyətə açıqlanıb. Fotoşəkillər ABŞ Konqresinin Nəzarət və Hesabatlılıq Komitəsinin demokrat üzvləri tərəfindən paylaşılıb. Kadrlarda Trampdan başqa onun sabiq müşaviri Stiv Bennon, keçmiş ABŞ Prezidenti Bill Klinton, milyarder iş adamı Bill Geyts və digər yüksək profilli şəxslərin də yer aldığı bildirilib.