Gürcüstanın Baş naziri İrakli Kobaxidze Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu haqqında danışaraq onun bir güvən dəhlizi rolunu oynadığını bildirib. Kobaxidze bu fikirləri Türkmənistanın paytaxtı Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Güvən İli Forumu”nun açılışında səsləndirib. Baş nazir çıxışında Tbilisi rəhbərliyinin barış siyasətinə sadiq qaldığını, regional təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verməyə davam etdiklərini vurğulayıb. Gürcüstanın regional sülh və sabitlik üçün dialoqların aparılmasına dəstək göstərdiyini bildirən Kobaxidze “Birlikdə gələcək nəsillər üçün daha təhlükəsiz, sabit və davamlı bir gələcək qura bilərik.” - deyə qeyd edib.