Livanın cənubunda atəşkəsin qüvvəyə minməsinə baxmayaraq hərbi əməliyyatların davam etdiyi bildirilir. Məlumata görə, Nəbatiyyə və ətraf bölgələrdə azı 13 hava zərbəsi qeydə alınıb. Son günlər bu ərazi İsrail və Hizbullah arasında döyüşlərin əsas mərkəzinə çevrilib. Hizbullah dörd İsrail hərbçisinin öldürüldüyünü iddia etdiyi hücumlar barədə məlumat yayıb. İsrail isə təxminən 150 Hizbullah hədəfinə zərbə endirdiyini açıqlayıb. Livanın Səhiyyə Nazirliyi son sutkada 47 nəfərin öldüyünü, 97 nəfərin yaralandığını bildirib. Yerli sakinlər evlərinə qayıtdıqdan sonra böyük dağıntılarla qarşılaşdıqlarını deyirlər. Baş verənlər atəşkəsin davamlılığı ilə bağlı ciddi suallar yaradıb.
#Merkava
Hizbullah İsrail ordusuna məxsus hərbi obyektlərə qarşı bir neçə istiqamətdə hücum həyata keçirdiyini iddia edib. Açıqlamaya görə, Misgav Am bölgəsində əsgərlərin toplandığı məntəqə, Markaba bölgəsində “Merkava” tankı və Əl-Bayada ərazisində yeni yaradılmış komanda mərkəzi hədəfə alınıb. İsrail tərəfi hadisələrlə bağlı hələlik əlavə məlumat açıqlamayıb.
İsrail ordusunun “Merkava” tipli tankı Livanın cənubunda BMT-nin Livan Sülhməramlı Qüvvələrinin (UNIFIL) həyata keçirdiyi reyd zamanı barış qüvvələrinin hərbçilərinə atəş açıb.