#Suriya–İsrail danışıqları

İsrail ordusunun Suriyanın cənubunda yerləşən Kuneytra vilayətinin kənd ərazilərində müvəqqəti nəzarət məntəqəsi quraraq evlərə reydlər keçirdiyi bildirilir. Suriya dövlət televiziyası “Əl-İxbariyyə”nin məlumatına əsasən, İsrail hərbçiləri Kuneytra vilayətinin cənubunda yerləşən Ayn Zivan kəndinin girişində müvəqqəti nəzarət məntəqəsi yaradıblar. Məlumata görə, bölgədə reydlər keçirən hərbçilər yaşayış evlərində axtarış aparıb.

ABŞ-ın Ankaradakı səfiri və Suriyaya xüsusi nümayəndəsi Tom Barak İsrail və Suriya rəsmiləri arasında Fransanın paytaxtı Parisdə keçirilən görüşün nəticələrini “tarixi” adlandırıb. Barak Jerusalem Post qəzetinə verdiyi müsahibədə bildirib ki, görüş hər iki ölkənin əməkdaşlığa və ortaq rifaha doğru irəliləmək istədiyini göstərir. Onun sözlərinə görə, Suriya və İsrail yeni, şəffaf və tərəfdaşlığa əsaslanan münasibət qurmağa hazırdır və bu, Tel-Əvivlə Dəməşq arasında əməkdaşlığı artıracaq.

İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı bəyan edib ki, Suriyanın prezidenti Əhməd əş-Şəraa ilə “gələcək münasibətlər” Cənub-Qərbi Suriyada, işğal olunmuş Colan təpələrinə bitişik ərazidə silahsız zona yaradılması üzrə əməkdaşlıqdan asılı olacaq. Bu arada Suriya xarici işlər naziri Əsəd əş-Şeybani bildirib ki, hökumət İsraillə gərginliyin artmasının qarşısını almağa çalışır və ölkəsinin ərazisində davam edən İsrail pozuntularına diplomatik yolla cavab verməyə çalışır.