ABŞ Prezidenti Donald Tramp İranla hər hansı formada ticarət əlaqələri quran bütün ölkələrin ABŞ-la ticarətində 25 faiz dərəcəsində gömrük rüsumu ilə üzləşəcəyini bildirib. Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib. O bildirib ki, İran İslam Respublikası ilə iş görən istənilən ölkə dərhal qüvvəyə minmək şərtilə ABŞ-la apardığı bütün ticarət əməliyyatlarına görə 25 faiz rüsum ödəyəcək. Bu qərarın qəti olduğunu vurğulayan Tramp rüsumun tətbiqi üçün hansı hüquqi mexanizmdən istifadə ediləcəyi barədə əlavə təfərrüat verməyib.
#ABŞ və İran münasibətləri
ABŞ Prezidenti Donald Trampa etiraz aksiyalarının davam etdiyi İrana qarşı ənənəvi hava hücumları ilə yanaşı, kiber və psixoloji əməliyyat variantlarını ehtiva edən geniş hesabat təqdim edilib. CBS News kanalına danışan ABŞ Müdafiə Nazirliyinin rəsmiləri Prezident Trampın İrana qarşı istifadə edilə biləcək hərbi və gizli vasitələr barədə ətraflı məlumatlandırıldığını bildiriblər. Məlumata görə, mümkün hərbi müdaxilə zamanı hava qüvvələri və uzaqmənzilli raketlər əsas rolunu qoruyub saxlasa da, kiber əməliyyatlar və psixoloji fəaliyyətlər də masadakı variantlar arasındadır.
ABŞ Prezidenti Donald Tramp İranda baş verən etiraz aksiyaları ilə bağlı sərt bəyanatla çıxış edib. Tramp bildirib ki, əgər İran hakimiyyəti dinc etirazçılara qarşı zorakılıq tətbiq edərsə, ABŞ müdaxiləyə hazırdır. ABŞ Prezidenti bu fikirləri özünə məxsus Truth Social sosial şəbəkəsində paylaşıb. O, paylaşımında İran hakimiyyətini bir daha sərt şəkildə tənqid edərək, Vaşinqtonun vəziyyəti yaxından izlədiyini və dərhal hərəkətə keçməyə hazır olduğunu vurğulayıb.
İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, İran və ABŞ arasında hazırda heç bir danışıqlar aparılmır və Vaşinqton real, ədalətli dialoq üçün zəruri iradəni nümayiş etdirməyib. France 24 kanalına verdiyi müsahibədə Əraqçi qeyd edib ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkofla əlaqə kanalları mövcud olsa da, hazırda heç bir danışıqlar prosesi başlamayıb. O əlavə edib ki, müxtəlif vasitəçilər mesajları ötürməyə davam etsələr də, ABŞ tərəfi real danışıqlara hazır deyil.
1979-cu il noyabrın 12-də ABŞ Prezidenti Cimmi Karter milli təhlükəsizliyə mümkün təhdidə cavab olaraq İranla neft idxalını dayandırdı.