#Qəzza zolağı

Vaşinqton ilə HƏMAS arasında diplomatik təmaslar yenidən başlayıb. Lakin ABŞ administrasiyası İsrailin Qəzzadakı hərbi əməliyyatlarını dayandırmağı planlaşdırmır. Bu barədə “Israel Hayom” qəzeti məlumat yayıb. Məlumatda qeyd olunur ki, danışıqların bərpası Misir və Qətərin vasitəçilik cəhdlərinin müharibəni dayandıracaq bir formula gətirə bilməməsindən sonra mümkün olub.

7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzza zolağına davam edən hücumlarında həyatını itirənlərin sayı 64 min 368-ə çatdı. Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin davam edən hücumlarında son 24 saatda baş verən can itkiləri və yaralanmalara dair məlumatlar paylaşılıb. Bildirilib ki, son bir sutka ərzində Qəzza zolağındakı xəstəxanalara 68 meyit və 362 yaralı gətirilib. İsrail ordusunun 19 yanvar tarixində əldə edilən atəşkəsi pozaraq 18 martdan bu yana həyata keçirdiyi hücumlarda ümumilikdə 11 min 828 fələstinli həyatını itirib, 50 min 326 nəfər isə yaralanıb.

“Telegraph” qəzetinin yazdığına görə, Donald Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyasında Qəzza müharibəsi fonunda İsrail baş naziri Benyamin Netanyahunun dəstəklənməsi məsələsi ciddi mübahisələr yaradıb. Məlumata görə, Tramp və vitse-prezident Cey Di Vensin hakimiyyətə gəlməsindən sonra Vaşinqtonda keçirilən Milli Mühafizəkar Hərəkatın illik toplantısında bayram əhvali-ruhiyyəsi gözlənilsə də, İsrail siyasəti barədə fikir ayrılığı tədbirə damğa vurub. Mühafizəkar çevrələrin bir qismi İsrailin Qəzzadakı müharibəsini dəstəkləməyin siyasi yükə çevrildiyini bildirir. “The American Conservative” jurnalının direktoru Kurt Mills konfransda çıxış edərək qeyd edib: “Tramp hərəkatı ideoloji baxımdan həqiqətən bütöv olmaq istəyirsə, istisna edə bilməyəcəyi ölkə İsraildir”.

Misirin Xarici İşlər Naziri Bədr Abdulati, Qəzza zolağındakı aclığın İsraildən qaynaqlandığını bildirərək, Tel-Əvivə ABŞ-ın Orta Şərq üzrə nümayəndəsi Stiven Uitkoffun atəşkəs təklifini – hansı ki Həmas da qəbul edib – qəbul etməsi çağırışını edib. Nazir Abdulati, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyinin (UNRWA) Baş Komissarı Filip Lazzarini ilə Misirin paytaxtı Qahirədə mətbuat konfransı keçirib.

İsrailin hücumları və blokadası ilə aclıq məcbur edilən Qəzza zolağında son 24 saatda biri uşaq olmaqla daha 6 fələstinli aclıqdan həyatını itirib. Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada aclıqdan həyatını itirənlərlə bağlı son məlumatlar paylaşılıb. Açıqlamada qeyd olunub ki, son 24 saat ərzində biri uşaq olmaqla daha 6 fələstinli aclıq və qidalanma çatışmazlığı səbəbindən həyatını itirib. 2023-cü ilin 7 oktyabrından bəri Qəzza zolağında aclıqdan ölənlərin sayının 135-i uşaq olmaqla 382-yə çatdığı bildirilib. Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi İnteqrasiya Olunmuş Qida Təhlükəsizliyi Faza Təsnifatının (IPC) 22 avqustda yaydığı açıqlamada Qəzzada rəsmi olaraq aclıq elan edildiyi və bu tarixdən bəri 20-si uşaq olmaqla 104 nəfərin aclıq və qidalanma çatışmazlığı səbəbindən həyatını itirdiyi vurğulanıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus İsraili Qəzzadakı humanitar böhranı dayandırmağa çağırıb. "İnsanların aclıqdan ölməsi qarşısı alına biləcək faciədir. İsrail bunu istənilən an dayandıra bilər" - deyə, o bəyan edib. “Ərzaq yükləri çox yaxın məsafədə olduğu halda insanların aclıqdan ölməsi qəbuledilməzdir. Qəzza əhalisini ac saxlamaq nə İsrailin təhlükəsizliyini təmin edəcək, nə də girovların azad olunmasına kömək edəcək. Mülki əhalini aclığa məhkum etmək heç vaxt müharibə üsulu ola bilməz. Bu, hərbi cinayətdir və gələcək münaqişələrdə təhlükəli presedent yaradır”, - Gebreyesus əlavə edib.

Misir fələstinliləri öz ərazisində qəbul etmək niyyətində olmadığını bəyan edib. Bu barədə Misirin xarici işlər naziri Bədr Əbdülati açıqlama verib. “Fələstinlilərin köçürülməsi variant deyil. Bu, Misir üçün qırmızı xətdir və biz buna imkan verməyəcəyik” – deyə, nazir bildirib. Onun sözlərinə görə, “köçürülmə Fələstin məsələsinin ləğvi və sonu deməkdir. İnsanların öz vətənlərindən çıxarılmasına heç bir hüquqi, mənəvi və ya etik əsas yoxdur.”

İspaniya xarici işlər naziri Xose Manuel Albares, Anadolu Agentliyinə (AA) verdiyi müsahibədə Avropa İttifaqının həm Qəzzada, həm də Ukraynada mövqeyini dəyərləndirib. Albares bildirib ki, Aİ İsrailin Qəzzaya hücumunu dayandırmaq üçün indiyədək çox az addım atıb və bu prosesdə gecikib. “İndiyədək gördüyümüz kimi, yalnız mənəvi mövqe və bəyanatlar, Qəzzada hərbi məqsəd daşımayan, sırf mülki əhaliyə dağıntı və əzab gətirən İsrail hücumlarını dayandırmağa kifayət etmədi. Artıq Aİ-nin real hərəkətə keçmə vaxtıdır.”-deyə o bildirib. Nazir həmçinin, Türkiyə XİN rəhbəri Hakan Fidanla sıx təmasda olduqlarını və Qəzzadakı vəziyyətin yaxşılaşdırılması yollarını tez-tez müzakirə etdiklərini vurğulayıb.

Eyni gün İsrail ordusu və təhlükəsizlik xidməti “Şabak”ın birgə əməliyyatı nəticəsində HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam briqadaları”nın maliyyə bölməsinin məsulu Nurəddin Dabbəşin öldürüldüyü elan olunub. Ordu sözçüsü bildirib ki, Dabbəş müharibə dövründə on milyonlarla dollar toplayaraq Qəzzada hərbi qanada ötürüb və bu vəsaitlər döyüş qabiliyyətinin artırılmasına yönəlib.

ABŞ-ın Arizona ştatında dörd tələbə qadın, kampusda Qəzzaya dəstək düşərgəsinin dağıdılması zamanı universitet polisinin onları hicabı məcburi çıxarmağa vadar etdiyini iddia edərək məhkəməyə müraciət edib. AzerVoice xəbər verir ki, onlar həm maddi, həm də mənəvi ziyanın ödənilməsini, konstitusiya hüquqlarının pozulduğunun rəsmi tanınmasını və bu praktikanın dayandırılmasını tələb edirlər. Məhkəməyə təqdim olunan iddiada qeyd olunur ki, polis əməkdaşları əməliyyat zamanı qadın tələbələrə hicablarını çıxarmağı əmr ediblər. İddiaçıların vəkili hadisəni “ictimai soyundurulma” ilə müqayisə edərək bunun şəxsi toxunulmazlıq və dini etiqad azadlığına zidd olduğunu vurğulayıb.