#Hicaz Dəmir Yolları

Türkiyə, Suriya və İordaniya arasında nəqliyyat sahəsində yeni bir dövrün qapısını açan "Müasir Hicaz Dəmir Yolu" layihəsi regionun həm iqtisadi, həm də strateji xəritəsini kökündən dəyişməyə hazırlaşır. Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Ammanda keçirdiyi görüşlərdə bu tarixi mirası müasir texnologiyalarla yenidən canlandıracaqlarını bəyan edərək, layihənin sadəcə bir nəqliyyat xətti deyil, Qırmızı dənizi Aralıq dənizi və Avropaya bağlayan nəhəng bir loqistika dəhlizi olacağını vurğulayıb.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, Hicaz Dəmir Yolu xəttinin yenidən işə salınması üçün ilk praktiki addımın atıldığını açıqlayıb. Nazir, Türkiyə, Suriya və İordaniya Nəqliyyat Nazirlikləri arasında keçirilən texniki görüş zamanı əldə olunan razılaşmalar barədə məlumat verib. Uraloğlu bildirib ki, Türkiyənin dəstəyi ilə Suriya Hicaz Dəmir Yollarına aid olan 30 kilometrlik yarımçıq üst quruluşun tamamlanması məsələsində razılıq əldə olunub. Eyni zamanda İordaniya tərəfi də lokomotivlərin təmiri və istismarı ilə bağlı texniki imkanları araşdıracaq.