#Türkiyə-Suriya əməkdaşlığı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası çərçivəsində səfərdə olduğu ABŞ-ın Nyu-York şəhərində diplomatik fəaliyyətlərini davam etdirir. Ərdoğan, Nyu-Yorkdakı Türk Evinə yerləşən diplomatik nümayəndəlikdə Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüş keçirib. Görüş zamanı Türkiyə ilə Suriya arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, Hicaz Dəmir Yolu xəttinin yenidən işə salınması üçün ilk praktiki addımın atıldığını açıqlayıb. Nazir, Türkiyə, Suriya və İordaniya Nəqliyyat Nazirlikləri arasında keçirilən texniki görüş zamanı əldə olunan razılaşmalar barədə məlumat verib. Uraloğlu bildirib ki, Türkiyənin dəstəyi ilə Suriya Hicaz Dəmir Yollarına aid olan 30 kilometrlik yarımçıq üst quruluşun tamamlanması məsələsində razılıq əldə olunub. Eyni zamanda İordaniya tərəfi də lokomotivlərin təmiri və istismarı ilə bağlı texniki imkanları araşdıracaq.

Türkiyə ilə Suriya arasında qurulan ortaq komitə kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün yol xəritəsi hazırlayıb. Nazir bildirib ki, vətəndaş müharibəsinin başladığı vaxtdan etibarən Suriya xalqı ciddi çətinliklərlə üzləşib. Türkiyə isə həm Afrində, həm də digər bölgələrdə ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə bitkiçilik və heyvandarlıq sahələrində dəstək verib.