#ABŞ Milli Qvardiya

ABŞ-ın paytaxtı Vaşinqtona yerləşdirilən Milli Qvardiya bölmələrinin 2026-cı ilin fevralına qədər fəaliyyətini davam etdirəcəyi iddia edilir. CNN-in mövzu ilə bağlı məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, Müdafiə naziri Pit Hegseth Milli Qvardiya qüvvələrinin xidmət müddətini uzadıb. Məlumata əsasən, xidməti noyabr ayının sonunda başa çatacaq bölmələrin 2026-cı ilin fevralına qədər paytaxt Vaşinqtonda yerləşməyə davam etməsi gözlənilir.

ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər yerli hakimiyyət orqanları ondan xahiş etsələr, cinayətkarlıqla mübarizə aparmaq üçün Amerikanın böyük şəhərlərinə Milli Qvardiya göndərəcək. Bu barədə Tramp video-müraciətində deyib. “Çikaqoya kömək lazımdır, digər şəhərlərə də kömək lazımdır və biz bunu edəcəyik, çünki Amerikada təhlükəsizliyi bərpa etməyə hazırlaşırıq” - deyə, o qeyd edib. Dövlət başçısı, bir çox şəhərlərdə cinayətkarlıq səviyyəsinin yüksək olduğunu vurğulayıb və bunun səbəbini yerli hakimiyyətin yürütdüyü yanlış siyasətdə görüb. O, misal üçün, Şimali Karolinanın Şarlott şəhərində 23 yaşlı ukraynalı İrina Zarutskayanın qətl hadisəsini göstərib. Tramp bundan əvvəl bu qətlin məsuliyyətini daha əvvəl məhkum olunmuş amerikalı tərəfindən törədildiyini və məsuliyyətin demokratların üzərində olduğunu bəyan etmişdi.

ABŞ-ın paytaxtı Vaşinqtonda minlərlə insan küçələrdə aksiya keçirərək prezident Donald Trampdan Milli Qvardiya qüvvələrinin şəhərdən çıxarılmasını tələb edib. “Hamımız paytaxtıq” adı altında təşkil olunan yürüşdə qeydiyyatsız miqrantlar və fələstinlilərə dəstək verən iştirakçılar da yer alıblar. Etirazçılar Trampa qarşı şüarlar səsləndirib, “Tramp indi getməlidir”, “Paytaxtı azad edin” və “Diktaturaya qarşı çıxın” sözlərinin yazıldığı plakatlar qaldırıblar. Xatırladaq ki, Tramp ötən ay şəhərdə cinayətlərin artdığını əsas gətirərək qanun və asayişi bərpa etmək məqsədilə hərbçiləri küçələrə çıxardığını bəyan etmişdi. O, həmçinin Vaşinqton polis idarəsini birbaşa federal nəzarət altına almış və küçələrdə təhlükəsizliyi təmin etmək üçün Miqrasiya və Gömrük Xidməti də daxil olmaqla federal hüquq-mühafizə qurumlarının əməkdaşlarını şəhərə göndərmişdi.